Ölkəmizdə təhsilin inkişafı üzrə həyata keçirilən köklü islahatlar bu sahədə böyük uğurların qazanılmasına yol açmışdır. Ən yüksək standartlara cavab verən məktəb binaları tədrisin və təhsilin yüksək səviyyədə inkişafına şərait yaradır. Bu binalar təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraitə malikdir. Belə təhsil ocaqlarından biri də Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdir. Məktəb Gəncə şəhərində uzun illər ərzində ən qabaqcıl təhsil ocağı kimi tanınıb. Məktəbin fəaliyyət göstərdiyi bu illər ərzində təhsilin inkişafının formalaşdırılması, məktəb işinin düzgün qurulması haqqında Təhsil Nazirliyi tərəfindən hazırlanmış tapşırıq və göstərişlərə, normativ sənədlərə, təlimatlara və mövcud təhsil sisteminin qarşıya qoyduğu vəzifələrə layiqincə əməl etmiş pedaqoji kollektivi ayrı-ayrı illərdə əldə etdiyi uğurlarla daim şəhərin məktəbləri arasında seçilmişdir. Bu təhsil ocağı “Rahat məktəb” modelinin unikal nümunəsi kimi tanınır.
Təhsilimiz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir. Bəs bu işlər orta təhsil müəssisələrində hansı səviyyədə həyata keçirilir? Tərbiyə olunma sisteminin təkmilləşdirilməsi işi təcrübədə hansı formalarda öz təzahürünü tapır? Müsahibimiz Gəncə şəhər 4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyevdir.
R.Z.- Əliağa müəllim, bu gün ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlərin keçirilməsinə böyük önəm verilir. Sizcə bu iş ilk öncə hansı vəzifə və məqsədlərin həyata keçirilməsini nəzərdə tutur?
Ə. S.- Bu gün təhsilimiz davamlı inkişaf dövrünü yaşayır. Milli təhsilimizin əldə etdiyi uğurları ucalıqda saxlamaq üçün bütün səylər daha uğurlu nailiyyətlərin əldə edilməsinə sərf edilir. Əlbəttə ki, bu niyyətlər orta təhsil ocaqlarında çalışan pedaqoji kollektivlərdən tədris, təlim-tərbiyə işinin yüksək səviyyədə aparılmasını, pedaqoji işin düzgün qurulmasını tələb edir. Məktəblərdə pedaqoji kollektivlər şagirdlərin əsaslı və keyfiyyətli biliklər alması yolunda səylə çalışmalıdırlar. Şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi işi də məktəblərdə vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam əhval-ruhda tərbiyə olunmuş vətəndaşların tərbiyə olunub yetişdirilməsini nəzərdə tutur. Bizim məktəb də təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, məktəbin ictimai işinin və səmərəli fəaliyyətinin daha da yaxşılaşdırılması qayğısına qalır.
Məktəbimiz hər tədris ili boyunca bu sahə üzrə həyata keçirməli olduqları tədbirlər planı üzrə işləri görür, bunula yanaşı məktəbin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif mövzuda və səpkidə tədbirlərə də imza atılır. Bu, qarşıya qoyulan məqsədlərin vaxtlı-vaxtında icrası üçün şərait yaradır. Hər bir tədbirin də öz icraçıları, alt istiqamətləri, bu tədbirləri əhatə edən mövzuları vardır. Bu tədbirlər məktəbdə tədris və təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində önəmli rol oynayır.
R.Z.- Təhsildə istənilən uğur müəllim əməyinin nəticəsi və bəhrəsidir. Müəllimlərin köməkliyi ilə şagirdlər öz yaradıcı fəallığını tədbirlərdə necə biruzə verirlər? Ümumiyyətlə bu tədbirlər uşaqlara nə verir?
Ə.S.- Tədbirlər müxtəlifliyi ilə seçilməklə hər biri ayrıca məzmun və formaya malikdir. Bu tədbirlər adətən maarifləndirici xarakter daşıyır. Üstəlik, onların həvəs və qabiliyyətini düzgün səmtə yönəldir. Yaradıcılığa həvəslərini artırır, onların maraqlarına xidmət edir. Bu səbəbdən şagirdlər ətraf mühitin bütün gözəlliyini görə bilir. Bu, onların tərbiyəsində böyük rol oynayır. İstənilən halda bu, milli-mənəvi mədəniyyətə sahib insan-vətəndaşın fərdi yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması və formalaşdırılmasına xidmət edir.
R.Z.- Bu işlər fəal vətəndaş şürunun formalaşdırılmasında hansı rola malikdir?
Ə.S.- Təlim-tərbiyə sisteminin ideal formasının yaradılmasının əsas prinsipləri mövcuddur və bunun da qarşıya qoyduğu vəzifələr vardır. Bu, təlim-tərbiyə mühitinin yaradılması, məktəb-müəllim-şagird üçbucağının, daimi inkişafa və uğura aparan davamlı təhsil sisteminin mövcudluğudur. Vətəndaş şüurunun formalaşdırılması, uşaqlara ümumbəşəri dəyərlərin aşılanması, onlarda gözəllik, həqiqət, insan, ailə, vətən, dövlət, əmək, mədəniyyət, torpaq kimi dəyərlərə münasibətdə davranış qaydalarının, zehni, mənəvi-əxlaqi, fiziki potensialının, kreativ bacarıqlarının formalaşdırılması da təhsil sisteminin komponentləri və tərkib hissələridir. Bütün bunlar ideal təlim-tərbiyə sisteminin yaradılmasında böyük əhəmiyyətə malikdir. Bu işlər uşaqların sosial inkişafı şəraitinin, qarşılıqlı ünsiyyət mühitinin yaradılmasına, onlarda dərsdən kənar fəaliyyətə marağın, real həyati vəziyyətlərdə təşəbbüskarlığın, məsuliyyət hissinin inkişaf etdirilməsinə şərait yaradır. Gördüyümüz işlərdən gözlənilən nəticələr tək bunlar deyildir. Əldə edilən bilik və bacarıqların əhəmiyyətinin dərk edilməsi, həyati dəyərlərin, əxlaqi-estetik təlabatın formalaşdırılması, sağlam həyat tərzinə can atma, vətəndaş mövqeyinin formalaşdırılması, müştərək fəaliyyətdə ünsiyyət bacarığının və fəal yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi keçirilən tədbirlərin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
R.Z.- Bu, yəqin ki, şagirdlərin məktəbin ictimai işlərinə kütləvi surətdə qatılmasına, tədbirlərdə fəal iştirakına və dərslərində daha yüksək nəticələr əldə etməsinə münbit şərait yaradır.
Ə.S.- Əbəttə ki, bu işləri həyata keçirmiş təhsil ocaqlarında təlim-tərbiyə sisteminin effektivlik göstəriciləri də yüksək olur. Bu, nəticədə məktəbdə problemli vəziyyətlərin və münaqişələrin mövcud olmamasına, kollektivdə xoş münasibət və intizamlığa, şagirdlərin kommunikativ və həyati bacarıqlara yiyələnməsinə, müxtəlif səviyyədə olan uğurların əldə edilməsinə, pedaqoji və təlim-tərbiyə prosesinin təşkilindən razı qalmağa səbəb olur.
R.Z.- Bu işdə ailə və məktəbin qarşılıqlı əlaqələri hansl rola malidikdir?
Ə.S.- İstənilən məktəbdə aparılan işlər bütövlükdə təlim-tərbiyə sisteminin mərkəzində durur və bir sıra tərbiyəvi keyfiyyətlərin aşılanmasına yönəldilir. Bu səbəbdən şagirdlərin ailənin də insanın həyatında rolunun dərk edilməsinə can atır, məktəbin ailələr ilə əlaqələrinin möhkəmləndirilməsinə çalışırıq. Bütün bunlar bizim qarşımıza ailəyə cəmiyyətin dəyərli bir bazası kimi hörmətin formalaşdırılması, şəxsiyyətin formalaşmasında valideynlərin və pedaqoqların əməkdaşlığının genişləndirilməsi, “valideyn-müəllim-şagird” sistemində əlverişli şəraitin yaradılması, valideynlərin psixoloji-pedaqoji sahədə maarifləndirilməsi, şagirdlərin mənəvi-əxlaqi keyfiyyətlərinin təkmilləşdirilməsi üzrə müştərək işin təşkili kimi vacib vəzifələr qoyur.
R.Z.- Məktəbinizdə şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı hansı tədbirlərə imza atılması nəzərdə tutulmuşdur?
Ə.S.- Məktəbimizdə bu sahədə saysız-hesabsız tədbirlər keçirilir və gələcəkdə də keçirilməsi üçün fəaliyyət planı tutulub işlənilmişdir. Bu tədbirlər planı Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuşdur və plan üzrə hər mövzuya aid tədbirlər silsilə şəklində həyata keçiriləcəkdir. Bu tədbirlərə imza atmaqla uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılmasına çalışırıq. Artıq mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Mənim Müstəqil Azərbaycanımın dünəni, bu günü və sabahı” mövzusunda dəyirmi masa keçirilmişdir. Növbəti ayda “Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi, “Hərbi tariximiz” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub. Müntəzəm olaraq, “Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi” mövzusunda və digər tədbirlərin keçirilməsi də fəaliyyət planımızın tərkib hissəsi olaraq qalır.
Ardı var…
Ruhulla Zahidov, yazıçı- jurnalist.