Oktyabrın 12-də Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib.
2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.
Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət agentliklərinin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qrupların, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.
Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub