Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər edib. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Münhen konfransı sülh və regional təhlükəsizlik baxımından beynəlxalq platforma hesab edilir və Azərbaycanın bu tədbirdə təmsil olunması beynəlxalq sülhün qorunmasında təşəbbüskar və töhfəverici rolunun təsdiqidir.
Münxen Təhlükəsizlik Konfransının Azərbaycan üçün mühüm üstünlükləri və faydası vardır?
İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin dünya liderlərinin və nüfuzlu siyasi, ictimai xadimlərlə birgə Almaniyada bir araya gəlməsi təsadüfi deyil. Cənab İlham Əliyev ən qlobal məsələlərin açıq müzakirəsində dünya liderləri ilə bir sırada yer alır və ənənə halını alan bu formatda keçirilən görüşlərdə dövlətlərin siyasi qayğıları, humanitar problemlər müzakirə edilir, qlobal layihələr barədə məsləhətləşmələr aparılır.
Azərbaycanın dövlət başçısının Münhen toplantısında fikirləri də hər zaman maraqla və diqqətlə qarşılanıb və xüsusilə də, beynəlxalq terrora qarşı prinsipial və qətiyyətli mövqeyi dəstəklənməkdədir.
Prezident İlham Əliyevin konfransda fəallığı, apardığı danışıqlar, keçirdiyi görüşlər və cənab Prezidentin siyasi intellektual qabiliyyəti diqqəti cəlb etməyə bilməz. Onun bu beynəlxalq tribunadan dünyada sülhə və təhlükəsizliyə qarşı təhdidlərin, ərazilərin zor gücünə dəyişdirilməsinin yolverilməz olması, işğalın, terrorçuluğun qarşısının alınması barədə barışmaz mövqeyini ifadə edən cəsarətli və inadlı fikirləri həm də dünya birliyinin əksər üzvlərinin çatdırmaq istədiyi mesajlardır. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan bilavasitə olaraq təhdidlərin, terrorizm və ölkə torpaqlarının işğal olunmasını öz təcrübəsindən bilir.
Azərbaycan terrorizmlə mübarizədə fəal iştirak edərək bütün Avrasiya məkanında təhlükəsizliyin təmin olunmasını saxlayır. Azərbaycanlı sülhməramlılar Əfqanıstanda nümunəvi xidmət keçirlər. Ölkəmizin infrastrukturu beynəlxalq antiterror koalisiyalara lazımi yüklərin təchizatı üçün istifadə olunur. Bir sözlə, bütün bu faktorlar Azərbaycanın beynəlxalq münasibətlərdə subyekt kimi deyil, obyekt olmasının göstəricisidir.
Cənab İlham Əliyev həm də dünyada baş verən ədalətsizliyə, ikili standartlara, haqsızlığa son verilməsini tələb edir, dünya birliyini gücün, zorun qarşısını almağa, işğalçı və terrorçu ölkələri müdafiə edən, bu məsələdə siyasi riyakarlıq edən təşkilatları, dövlətləri siyasi saxtakarlığı dayandırmağa dəvət edir. Bu, həm tələb, həm də, dünyanın yeni siyasi sistemində ədalətlilik, humanitarizm prinsiplərini yeganə yol olduğunu bəyan edən iltimatum sayıla bilər. Azərbaycanın dövlət başçısının terrorçu Ermənistanın torpaqlarımızı işğal etməsini xüsusi olaraq qabartması və çıxış işğalçının və işğala dəstək verənlərin bu riyakarlığının daha da çılpaqlığı ilə təqdim edilməsinə imkan verir.
Münhen konfransı Azərbaycan Prezidentinin Siyasi lider kimi qlobal miqyasda həm də yüksək nüfuzünün təqdimatıdır. İlham Əliyevin strateji mövzularu əhatə edən fikirləri, bəyanatları, təşəbbüs və tövsiyələri dünyanın ictimai-humanitar dairələri tərəfindən müsbət dəyərləndirilir.Regional liderlik, iqtisadi və siyasi sabitlik, beynəlxalq terrorizmlə mübarizədə iştirak, Avropaya enerji təhülükəsizliyinin təminatında əsas mənbə olaraq, eyni zamanda ticarət və nəqliyyat yollarının kəsişməsi bu cür görüşlərdə Azərbaycanın nüfuzunu daha da artırır.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.