“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır və buna da nail oldu.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi və ölkəmizin gələcəyinin əmin əllərdə olduğunu bir daha sübut etmiş oldu.

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın, və buna nail olduq” Prezident, cənab Ali Baş Komandan İlham Əliyev bu fikirləri ilə bir daha ordumuzun, qəhrəman əsgərlərimizin qələbəyə köklənərək tarixi ədaləti bərpa etdiyini qeyd etmişdir.

Dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında keçirilən ordumuzun Zəfər paradı şanlı qələbəmizi bütün dünyaya bəyan etdi. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin  imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabr “Zəfər Günü” və 27 sentyabr “Anım Günü” təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demiş və Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdüyünü bildirmişdir. Çox qısa zamanda genişmiqyaslı işlər getdi və  açıq səma altında həmin sözü gedən park salındı.

12 aprel 2021-ci il tarixində cənab Prezident İlham Əliyev tərəfindən “Hərbi Qənimətlər Parkı”nın açılışı oldu və bu park şanlı zəfərimizin rəmzinə, xalqımızın qürur mənbəyinə çevrilib. Müzəffər Ali Baş Komandan tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır.Bu qənimətlərin hər biri  “Hərbi Qənimətlər Parkı”nda sərgilənir və qalib ölkənin vətəndaşları qürur və fəxr hissləri ilə həmin parkı ziyarət edir.

Ordumuzun qəhrəmanlığının təcəssümü olan bu park gələcək nəsillərimizə örnək, düşmənə isə əbədi gözdağı olacaq.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Ulu Öndər Heydər Əliyevin,  Prezident İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının şahidi oluruq. İnanırıq ki,  Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və dəmir iradəsi Azərbaycan xalqına bundan sonra da hər bir sahədə daha da böyük  qələbə sevincləri yaşadacaq!

Həmid Nəsirov, 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.