Qalib əsgərin hekayəti – Əlbəyaxa döyüşdə 50 erməni əsgərini məhv etdik

Əyilməz, böyük döyüş ruhuna, yüksək vətənpərvərlik şüuruna malik Azərbaycan xalqı! Vətənimiz rəqiblərin və düşmənlərimizin gözündə belə görünür. Bundan əvvəllər ölkəmizdə yaşayan xalqlara məxsus bu keyfiyyətləri  qiymətləndirmək istəməyənlər 44 günlük Vətən müharibəsindən sonra bu həqiqəti qəbul etməyə məcbur oldular. Bu, cəsarət, qəhrəmanlıq, inanılmaz fədakarlıq və ölkəmizdə yaşayan insanların mənfur düşmənə olan nifrəti və döyüş ruhunun gücüdür.

Azərbaycan əsgəri yenilməzdir. Tariximizin şanlı səhifələrində belə nümunələr çoxdur.

Rəşadətli, sarsılmaz Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığı  qəhrəman əsgəri! Sən bizim qürur yerimizsən! Bizi Qarabağımıza sən qovuşdurdun!

Gəncə İdman Liseyinin məşqçi-müəllimi, II Qarabağ müharibəsinin qazisi Cavad Eyvaz oğlu Nəhmədov vətən torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, misilsiz igidlik və əsgəri şücaət və rəşadət nümayiş etdirmişdir. Bu döyüşlərin birində ağır yaralanmış, qospitalda müəlicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıdaraq, ağır döyüşlərdə iştirak etmişdir.

Onun haqqında əvvəllər də yazmışdıq. Onun cəsur əsgər obrazı telekanalların hazırladığı süjetlərdə dəfələrlə  öz əksini tapmışdır.

Müəllifi olduğum “Gəncə Vətən müharibəsində”  kitabının Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində onunla bir də görüşməli olduq. Odlu çıxışı ilə yadda qaldı. Xidmət etdiyi taborun keçirtdiyi son döyüş haqqında ətraflı söhbət açdı.Onun danışdıqları Azərbaycan əsgərinin qəhrəmanlıq, rəşadət dolu bir səlnaməsi idi. Və kütləvi informasiya vasitələrində haqqında oxuduqlarımız, telekanallarda haqqında eşitdiyimiz cəsur igidlərin bəzilərinin məhz bu taborda xidmət etdiyi və həmçinin taborun apardığı həmin döyüşdə iştirak etdiyi də məlum oldu. Məsələn, ağır yaralanaraq əsir düşən, əsirlik həyatında məşəqqətli işgəncələrə baxmayaraq, əsgəri qürurunu qoruyub saxlayan Amin Musayev və Bayram Kərimov da bu taborun tərkibində həmin döyüşdə iştirak etmişlər.

Çoxdan idi ki, bu igidlər haqqında yazı hazırlamaq istəyirdim və onun bu çıxışı  dərin maraq göstərdiyim bəzi məqamlar haqqında geniş təsəvvürə malik olmaq üçün yeni jurnalist araşdırmasına rəvac verdi.

Cavad Eyvaz oğlu Nəhmədov 1994-cü ildə Gəncə şəhərində anadan olub. Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və İdman ixtisasının məzunudur. Həyatını idmanla bağlayan bu igid uzun illər ərzində idmanın cüdo üzrə növü ilə məşğul olub. Bir neçə dəfə Azərbaycan birinciliyinin qalibidir. Hal-hazırda Gəncə şəhərində Gənclər İdman Mərkəzində cüdo üzrə baş məşqçidir.

Cavad 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır.2021-ci ilin iyil hadisələrindən sonra könüllü olaraq hərbi komisarlıqda qeydiyyatdan keçib.

-Hərbi xidmətə çağırılandan sonra 20 günə yaxın hərbi təlimlərə qoşulduq. Müəyyən bacarıq və biliklərə malik olmamıza baxmayaraq, həvəslə bu təlimlərdə iştirak etdik. Hərbi tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi, döyüş hazırlığı, hədəflərin, postların alınması üzrə taktiki təlimlər yüksək səviyyədə aparılırdı. Hiss olunurdu ki, komandanlıq tərəfindən bu işə əvvəlki kimi daha ciddi formada diqqət yetirilir. Bizi daha da ruhlandırır, bilik və bacarıqlarımızın daha da inkişaf etdirilməsinə can atırdılar. Onu da bildirim ki, müharibənin ən qızğın çağında belə komandirlərimiz bizə yenə də nəyisə öyrətməyə çalışırdılar. Aydındır ki, hərb sənətində öyrənilməmiş heç nə qalmamalıdır. Apardığımız döyüşlər bunu bir daha sübut etdi.- Cavad qeyd edir.

Cavad Nəhmədov 44 günlük Vətən müharibəsində atıcı taborun tərkibində Füzuli, Daşaltı və Şuşanın alınmasında və Xankəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edib.

Cavadın keçdiyi ilk döyüş Füzuli uğrunda olub. -Ağır döyüşlər gedirdi, amma biz düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, bu ərazini düşməndən geri ala bildik. Ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi. Qırılan – qırıldı, qalanları isə əlacı qaçıb canını qurtarmaqda gördülər. Biabırçı şəkildə məğlub oldular.- Cavad xatırlayır. Sonra Şuşanın alınması haqqında qürurla söhbətə başlayır. – Şuşanı aldığımız üçün əsgərlərimiz sevincdən bütün gecəni yatmadılar. Ağır döyüşdən sonra bu sevinc bizə yeni güc verirdi. Yenidən döyüşə atılmağa hazır idik.Döyüşə-döyüşə Xankəndi yoluna çıxdıq. Şuşa alınsa da hələ də şəhərdə təslim olmayan erməni qüvvələri var idi. Onların da axırına çıxırdıq. Bir təsadüf nəticəsində bizim əsgərlərlə hərəkətdə olan erməni dəstəsi ilə üz-üzə çıxdıq. Onların sayı 50 nəfərdən çox idi. Aramızda cəmi 6-7 metr olardı. Dərhal hər iki dəstə bir kənara çəkilib döyüş möqeyi tutdu. Komandirimiz bizə atəş açmamağı əmr etdi. Əvvəlcə onları təslim olmağa çağırdı. Ancaq, erməni xisləti burda da özünü göstərdi. Erməni snayperi bizim  təslim olmaq çağırışımıza cavab olaraq, atəş açdı və əsgərimizin birini ağır yaraladı. Bizim dəstənin humanist çağırışına atəş ilə cavab verən düşmən qısa müddət ərzində məhv edildi. Məsafə çox yaxın olduğu üçün əlbəyaxa döyüşə atıldıq. Həmin döyüşdə itki vermədik. Yalnız 23 yaralımız oldu. Döyüş meydanında düşmənin 50 mənfur əsgərinin meyidi qaldı. Onlara Azərbaycan əsgərinin gücünü göstərdik. Bu döyüşdə də ermənilərin nə qədər hiyləgər, qaniçən və namərd sifətini gördük. Onların döyüşdə bu cür rəftarı müharibənin bütün qanunlarına zidd olmaqla, hiddətimiz daha da artırırdı. Gözümüzdə həmişə namərd olaraq qalacaqlar…

-Səhərisi əmr gəldi ki, Xankəndi alınmalıdır. Hücuma keçdik.- Cavad davam edir.- Tabor döyüş qaydası üzrə marşla irəliyə doğru hərəkətə keçdi. Taborumuz artıq Xankəndinin girəcəyində idi. Fikirləşirdik ki, artıq son döyüşə az qalıb. Həmləyə tam hazır idik. Diqqətimiz komandirdə idi. Hər an döyüş əmrini gözləyirdik. Əfsular ki, gözlədiyimiz kimi olmadı. Düşmənin sıx minomyot atəşi altına düşdük. Artıq böyük təcrübəyə malik döyüşçülər belə anda nə etməli olduğunu gözəl bilirlər. Aydın idi ki, düşmən bizi pərən-pərən salıb pusqudan zərbə endirməyə çalışır. Komandirimizin uca səslə dediyi dəqiq əmrlərə riayət edərək, atəşdən yan qaçmağa, minomyot atəşindən yayınmağa çalışırdıq. Heç bir panika yox idi. Sadəcə döyüş mövqeyi tutmağa çalışır, komandirin yeni əmrlərini, düşmənin zərbəsini dəf etməyi gözləyirdik. Qarşıdakı düşmən qüvvələri ilə atışırdıq. Yanımızda minalar partlayır, əgər yodaşlarımız arasında itkilərə səbəb olurdu. Düşmən geri çəkilməməyimizi duyub minomyot atəşini daha da gücləndirdi. Komandir geriyə çəkilmək əmrini versə də, artıq gec idi. Onsuz da heç kim geriyə qaçmırdı, döyüşə-döyüşə irəliləyirdi. Yanımızda yenə də minalar partlamağa başladı. Həmin minaların biri məni də ağır yaraladı. Partlayışın gücü o qədər güclü idi ki,  məni qaldırıb bir neçə metr aralıdakı qayaya çırpdı. 10 dəqiqədən çox huşumu itirdim. Gözümü açanda bütün bədənimdə-dizlərimdə, boyun və kəllə nayihəsində dözülməz ağrılar hiss etdim. Ağzımdan qan axırdı. Dişlərimin çoxu tökülmüşdü, diz qapağımdan qəlpə yaraları aldığımdan ayağa qalxa bilmirdim. Üstəlik, gözüm də görmürdü. Bərk zədə almışdım.Elə indi də gözüm 60 faiz görmə qabiliyyətindən məhrumdur.- Cavad fikirli halda bildirir.- Bir anlıq elə bildim ki, şəhid olmuşam. Komandirin əmrlərini eşidən kimi yenidən güc tapıb ayağa qalxmağa çalışdım. Döyüş yoldaşlarım gözümün qabağında şəhid olurdular, bir-bir güllə və mərmi yaralarından yerə yıxılırdılar. Qəzəb və hiddət-bizi o an yaralansaq da, hücum etməyə səsləyirdi. Komandirimiz isə hey qışqırırdı- Sığınacaq tapın, qalxmayın, snayper var!..Atışın!..  Gözümüzə heç nə görsənmirdi.Uzandığımız yerdən atəş açır, düşməni yaxın gəlməyə qoymurduq.

Çoxlu qan itirmişdim. Ayağa qalxa bilmədiyimdən sürünə-sürünə meşəyə girdim. Gücüm qurtarırdı. Arxamızca gələn ermənilərdən bacardıqca bir neçəsini sərrast güllə atəşi ilə öldürdüm. Yaralı dostlarım da vardı. Yaxınlaşan düşmən onları elə uzunan yerdə kontrol atəşlə öldürürdü. Çox iyrənc bir mənzərə idi. Düşmən yaralıları öldürüdü. Heç bir müharibə qanunlarına riayət etmirdilər. Qəribə vəziyyətə düşmüşdüm- düşmən əsgərləri artıq gücünü itirmiş, ağır yaralı əsgəri təqib edirdilər. Patronlara qənaət edə-edə sərrast atəş açmağa çalışırdım. Onları yaxın buraxmırdım. Hiss edirdim ki, huşumu itirirəm. Ancaq əsir düşməyi ağlıma belə gətirmirdim. Sonuncu patronlarımı sayıb birini ayırdım… Yarı huşsuz halda gözümü açanda başımın üstündə xüsusi təyinatlıları gördüm. Bizə köməyə tələsən qüvvələr döyüş başlayan andan erməniləri artilleriya atəşinə məruz qoymuş, xüsusi təyinatlı dəstələr isə pusquya düşən əsgərlərimizə dəstək üçün köməyə tələsirdilər. Heyfslər ki. igid döyüşçülərimizdən Amin Musayev və Bayram Kərimov da bu döyüşdə huşsuz halda əsir götürülmüşdülər. Xalqımız onların sonrakı taleyi barəsində məlumatlıdır. Bu haqda yazırlar, televiziyadakı süjetlərdə Azərbaycan əsgərinin qəhrəmanlığından danışırlar.-Cavad fəxrlə qeyd edir.- Amma nə qədər də təsvir etsələr də qəhrəmanlığı olduğu kimi təsvir etmək mümkün deyildir. Bunu həmçinin hiss etmək, gözünlə görmək də vacibdir. Məni 7-8 kilometr dağ yolu ilə çiyinlərində Şuşaya aparan əsgərlərin qəhrəmanlığını, cəfakeşliyini olduğu kimi təsvir etmək hətta, mənim üçün də çətindir. Bu insanlara çox minnətdarıq. 44 günlük müharibə məhz belə igid oğullarımızın sayəsində əldə edilib.

-Müharibədə gözlənilməz hadisələr çox olur. Təcrübəli əsgərlər bu gözlənilməz hadisələrin törədə biləcəyi təlafatın qarşısını almağa hər an hazır olurlar. Məni yaralı olduğum üçün Hadruta aparan, içi yaralı əsgərlərlə dolu Kamaz maşını yenə də top atəşinə tutuldu. Maşının içində yaralı əsgərlər olduğunu bilə-bilə ermənilər yenə də öz çirkin xislətini göstərirdi. Yollar mərmi atəşindən dəlik-dəlik olmuşdu. Maşın karvanı ermənilərin bu atəşlərindən və itkilərdən yan qaçmaq üçün geri qayıtmalı oldu…

Ümumiyyətlə, bu qısa müharibə ərzində biz erməni vəhşiliyinin dəfələrlə şahidi olmuşduq. Ermənilər bu vəhşilikləri bizim döyüş ruhumuzu qırmaq üçün edirdilər. Amma düşünmürdülər… bu bizi yalnız hiddətləndirir, qəzəbimizi artırır, nifrətimizi sonsuz, nəhayətsiz edirdi. Düşünmədən, komandirimizin bir əmri ilə minlərlə əsgər döyüşə, ölümün ağuşuna atılırdı. Vətənimizi şirin canımızdan artıq sanırdıq…

Qeyd: Cavad Eyvaz oğlu Nəhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə “Şuşanın alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medlları ilə təltif olunmuşdur.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.