Etmtv.news portalı “Qalib əsgərin hekayəti” layihəsi çərçivəsində silsilə yazılara start vermişdir. Bu yazılar eyni adlı kitabda da öz əksini tapacaqdır. Portalın bu günkü qonağı portalımızda dərc edilmiş silsilə yazılarda xatirələri paylaşılan II Qarabaq savaşının qəhrəman topçularının döyüş komandiri olmuş Emil Vəliyevdir.
O, qalib əsgərlərin xidmət etdiyi batareyanın baş zabiti kimi bizimlə əlaqə yaradaraq, ürəkdən gələn sözlərinin portalda dərc edilməsini xahiş etmişdi . Onun bu xahişini nəzərə alaraq, bizə göndərdiyi yazını oxuculara təqdim edirik.
-Mən Vəliyev Emil Sabir oğlu 1978-ci ildə Mingəcevir şəhərində anadan olmuşam. 1995-ci ildə orta məktəbi bitirib, həmin ildə də Azərbaycan Texniki Universitetinin “Avtomatika” fakültəsinə daxil olmuşam. Universitetdə hərbi kafedrada artilleriya uzrə təhsil alıb, 1999-cu ildə leytenant hərbi rütbəsi almışam. 1999-cu ilin dekabrında həqiqi hərbi xidmətə Naxçıvan Muxtar Respublikasından başlamışam və 2 il taqım komandiri kimi xidmət etmişəm. Naxçıvan korpusu həmişə öz peşəkar zabitləri ilə, çox yüksək döyüş hazırlığı olan şəxsi heyəti ilə həmişə seçilib. Məhz bu üzdən Vətən Müharibəsində Muxtar Respublikada xidmətdə olmuş hərbi kadrlara üstünlük verilməyinin şahidi oldum. Uşaqlığım Qubadlı rayonunun Həkəri çayı sahilində, Padar kəndində keçib. Hər il yay tətili başlayan kimi valideynlərim məni kəndə göndərirdilər. Yolumuz Zəngilandan kecirdi Qubadliya. Ağalı 1, Ağalı 2 kəndlərinin yol nişanlari hələ bu gunə kimi yadımdadır. Bu üzdən Naxçıvanda olarkən hər zaman xəyalım Zəngəzur dağlarına köklənirdi, ordan da Qubadlı istiqamətinə təxmini istiqamət götürüb, təsəlli tapırdım. Elə bir gün yox idi ki, işğal altında olan cənnətməkan kəndimizin dağı, mamırlı daşları, buz kimi bulaqları, meyvəli bağları, bar-bərəkəti torpaqları, ləzzətindən doyulmayan kecirdiyim günlər yadıma düşməsin. 1993-cü ildə Qubadlı işğal olunanda mənim 14 yaşım var idi. Vətən müharibəsi başlayan kimi mən də hərbi vəzifəsi olan vətəndaş kimi bu tarixi savaşda iştirak etməyi, gərək olarsa, canımdan belə kecməyi özümə borc bildim.
Döyüş yolumuz Füzulidən, Cəbrayıldan, Xocavənddən kecdi. Çox arzuladım ki, Mais Bərxudarovun komandiri olduğu korpusda döyüşüm. Çünki, bu korpus Zəngilan – Qubadlı istiqamətində işğal altında olan torpaqlarımızı Iranla cənub sərhədlərimizə kimi bərpa elədi. Onlar bizim kənddən də keçdilər.
44 günlük müharibədə çox ağır döyüşlərə qatıldıq. Ağır döyüşlərimizdən biri də Xocavənddə oldu. Qırmızı Bazar istiqamətinə dəqiq atəşlərimiz ilə düşmənin başına həqiqətən də od ələdik. Əsgərlərimiz çox mərd, vətənpərvə və, qorxunun nə olduğunu bilməyən igidlər idi. Analar mənim komandiri olduğum əsgərləri həqiqətən də məhz bu Vətən müharibəsi üçün dünyaya gətirmişdi. Onlar ağır çəkili, 40 kq-lıq mərmiləri daşıyıb atəş mövqeyinə çox operativ şəkildə gətirir, nişangahları ustalıqla təlimata uyğun tənzimləyir və atəşi yüksək səviyyədə idarə etməyi bacarırdılar.
Top atəşini idarə etmək çox məsuliyyətli bir işdir və edilən hər hansı cüzi səhv qarşıda gedən piyadalarımızın tələfinə səbəb ola bilər. Ancaq təlimdə əldə edilən xüsusi bacarıqlar sayəsində biz heç bir səhv etmədik. Hər açılan top atəşində yer-göy lərzəyə gəlirdi və bizi, məcazi mənada, qisas üçün yaranmış bir varlığa çevirirdi. Illərin torpaq həsrəti, düşmən tərəfindən dağıdılmış şəhərlər, kəndlər, qəsəbələr elə bil bizə deyirdi – bu vaxta kimi harada idiniz? Biz isə atəş açdıqca sanki deyirdik- Əziz torpağımız, budur, biz gəlmişik, hər qarış torpağımıza görə mücadilə aparırıq, canımızı-qanımızı əsirgəmirik!…
Bu döyüşlərdə əsgərlərimdən Pərvin Yusubov, Vasif Ağayev (top komandiri) Orxan Həsənov, Emin Məmmədov (Beyləqanlı balası) Saleh Mahmudov xususi qəhrəmanlıq göstərirdilər.
Batareyanın baş zabiti kimi atəşin idarə olunması, toplara əsas istiqamətin verilməsi, top komandirlərinə döyüş tapşırıqlarının verilməsi , mərmi sərfiyyatının hesabatı, birbaşa mənim məsuliyyət daşıdığım sahə idi. Batareyanın baş zabiti atəş mövqeyinə atəşin idarə olunmasında birbaşa cavabdehdir və topların döyüşə hazırlığa gətirilmiş vəziyyətindən tutmuş, toplarin səfərə gəlmə vəziyyətinə kimi şəxsi heyəti idarə edir. Komanda müşahidə məntəqəsindən gələn koordinatlara uyğun olaraq top komandirləri nişangahlari tərəzi və mərmi çeşidlənməsinə qədər nəzarət edir və atəşə birbaşa komanda verir.
Ümumi olaraq, əsgərləri döyüşə zabitlərin birgə əməyi nəticəsində, komandirin təlim – tərbiyə işləri üzrə müavini, qərargah rəisi və bölmə komandirinin yüksək peşəkarlığı və onların uzun müddətli hərbi təcrübəsi, hər hərəkəti və vətənpərvərliyi əsgərləri də ruhlandırırdı. Biz ardı- ardınca gələn qələbə xəbərlərini əsgərlərimizə catdırırdıq. Onlar bu xəbərlərlə daha da rulanırdılar və yeni döyüşlərə tələsirdilər.
Ümumiyyətlə, komandir hər bir əsgərə nümunə olmalıdır. Xüsusi ilə də döyüş vaxtı bu daha da zəruridir. Komandir əgər hər hansı mərmi səsindən, avtomat səsindən və ya dron səsindən ən azından qorxub əyilərsə, bu hərəkət bütün şəxsi heyəti də ruhdan salar, onların döyüş hazırlığını aşağı endirər. Komandir yüksək qətiyyətli səslə əsgərləri idarə etməli, döyüş fəaliyyətlərini hər zaman əsgərlərə aşılamalı, hər bir əsgərlə döyüşdən qabaq fərdi söhbətlər aparmalı, onların psixoloji durumlarını yoxlamalıdır.
Müharibədən sonra piyada qoşunlarımızın bir zabiti mənə dedi: – Siz həmin vaxtı bizə artilleriya dəstəyi verməsəydiniz, biz o döyüşlərdən çətin ki, sağ çıxardıq. Bu, əlbəttə ki, artilleriya qoşun növünün döyüşlərdə oynadığı əvəzsiz rolu bir daha çılpaqlığı ilə göstərir. Sevinirəm ki, Vətən yolunda az da olsa, borcumuzdan çıxmışıq. Eyni zamanda çox xoşbəxtəm ki, belə igid qəhrəman oğullarımızla çiyin-ciyinə döyüş yolu keçdim və apardığımız qanlı döyüşlərin nəticəsi olaraq xalqımızın illərlə çəkdiyi torpaq həsrətinə son qoyuldu. Bu işdə əlbəttə ki, qəhrəman topçularımızın da böyük rolu olmuşdur…