-“Salam. Mən Aprel döyüşlərində də iştirak etmişəm Ağdərə istiqamətində. Sonralar D30 artileriya divizionunda şanlı döyüş yolumuz olub. Dərc etdirdiyiniz kitabda bu divizionun tərkibində şücaət, qəhrəmanlıq göstərən əsgərlər, zabitlər var. Saytınızda gedən hekayətləri diqqətlə oxumuşam. Onlarla bir yerdə olmuşam döyüşlərdə. Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində, Qırmızı Bazar uğrunda gedən döyüşlərdə onlarla birlikdə ağır döyüşlər aparmışıq. Həmin döyüşlərdə düşmənin 877 nəfər şəxsi heyətini, çoxlu sayda texnikalarını top atəşilə məhv edən məşhur divizionun əsgərlərindən biri də mənəm.”
Onunla sosial şəbəkədə söhbətimiz belə başladı. Özünü Elmir Vəlizadə kimi təqdim edən qazi əslən Neftçala rayonunun Tatarməhəllə kəndindəndir. Döyüş xatirələri maraqlı, müharibədən sonrakı taleyi isə o qədər də ürəkaçan deyildi. Əgər onun dedikləri həqiqətdirsə, onda Neftçala rayonunda qazilərə olan qeyri-isti münasibət səbəbindən həyəcan təbilinin çalınmasının vaxtı çatıb,- bir anlıq düşündüm.
Mən Tovuz döyüşləri gedəndə hərbi komissarlıqda qeydiyyata düşdüm. İyul ayında. – Elmir söhbətinə davam etdi.-Muharibədə sevincli və kədərli anlarımız oldu. Qorxmaz, igid, cəsur əsgər dostlarımla döyüşə qatılmaq həqiqən də mənə ruh yüksəkliyi verirdi. Hamı canla – başla döyüşə girməyə hazır idi. Əsgərlərdə qorxu hissi yox idi. Ən böyük arzumuz torpaqlarımızı işğaldan azad etmək idi, şəhidlərimizin qanını yerdə qoymamaq idi. Biz bir olub bir- birimizin qayğısına qalırdıq. Çətin anlarımız olurdu, soyuqdan üşüyəndə ev qayğısı kimi əsgər qardaşlarımız bir-birinə qayğı göstərirdi.
Bir müddət təlim keçəndən sonra Füzuli istiqamətindən başladıq döyüşlərə. Mən artilleriyaçı olmamışam.Əsgərlikdə həmlə taborunda xidmət etmişəm. Qarabağda gedən döyüşlərdə bizə artileriyada ehtiyac duyulurdu. Biz də canla-başla getdik. İxtisasımız rabitəçi idi, amma hər birimiz mərmi daşıyıb, əsgər qardaşlarımıza kömək edirdik, bacardıqca divizionun işinə yarımağa çalışırdıq. Hərbi biliyimizi, təcrübəmizi artırırdıq ki, gələn döyüşlərdə biz də dostlarımızla yanaşı döyüşəndə onlara kömək olaq. Mən baş rabitəçi idim, kiçik çavuş rütbəsində. İşimlə bağlı, həm də artilleriyaya aid çox şey öyrəndim ki, döyüşdə hansısa topçumuz sıradan çıxsa, o dəqiqə onun yerinə keçim və onun vəzifəsini icra edəm. Nailiyyətlərimiz isə gözəl idi. Düşmənə lazımi zərbələr endirən divizionun açdığı atəşlərin qoyduğu izlər cəhənnəmi xatırladırdı. Atılan hər mərmi ilə biz düşməndən xalqımızın qisasını almağa çalışır və buna nail də olurduq.
Döyüşlərdən sonra bir az ağır zamanlar da kecirdik. Havalar soyumaga başladı, çox soyuq olurdu. Məlum məsələdir ki, daglıq yerlərdə soyuqlar erkən düşür, palciq olur, amma allaha şükür ki, bütün bu çətinliklərə dözdük, sağ-salamat gəldik evimizə.
Qələbə xəbərini Xocavənddə eşitdik. Həmin vaxt toplara döyüş komandası verilmişdi. Atəş əmrini gözləyirdik. Birdən torpaqlarımızın azad olunması və qələbə xəbəri gəldi. Elə sevindik ki. Hamı deyib-gülürdü, sevincindən hamı bir-biri ilə qucaqlaşırdı. Hamı evlərinə bu şad xəbəri verməyə tələsirdi. Çox sevinirdik…
Döyüşlərdə xüsusi igidlik və qəhrəmanlıq göstərmiş bütün əsgərlər kimi mən də Ali Baş Komandan tərəfindən medallara təqdim olundum. “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, döyüşlərdə göstərdiyim xidmətlərə görə 3 medalla təltif olundum. Bundan əlavə, xidmət etdiyim korpusun komandanlığı tərəfindən Fəxri Fərmana layiq görülmüşəm.
İyul ayında könüllü kimi yazıldım, sonra II Qarabağ müharibəsi başladı. Məni əslində hərbiyə çağırmırdılar. Həmin vaxt mən Bakıda fəhlə işləyirdim. Gördüm hamı gedir, məni isə çağırmırlar. Hərbi komisarlığa zəng etdim, bir az yüksək səslə danışdım, dedim ki, mən Aprel döyüşlərində iştirak etmişəm, döyüşmüşəm, yüksək döyüş təcrübəm var, mümkünsə, məni də könüllü kimi hərbiyə cəlb edin. Səhərisi gün məni çağırdılar ki, sabah burda ol, gedəcəksən..
Oktyabr ayının 1-i gəldim rayonumuzdakı hərbi komisarlığa, dedilər qaldı bir-iki günə, xəbər edəcəyik. Gördüm ki, hec bir xəbər yoxdur, oktyabrın 3-dən başladım yenə də zəng etməyə. Hər gün zəng edirdim ki, məni əsgərliyə çağırın, hərbi ixtisasım uyğun gəlmirsə, ixtisasımı dəyişin, lazımdısa, gedərəm yemək bişirərəm, nə lazımdı edərəm, aparın. Amma hərbi komisarlıqdan səs-soraq cıxmırdı, yaman narahat idim. Sonra, oktyabrın 15-nə cağırdılar, hərbi tibbi komissiyadan keçdim. 10 nəfər idik, koronadan analiz verdik və axşama qədər cavabları gözlədik, gəlmədi cavablar.
Geldik evə. Gecə sahat 2-də zəng etdilər və oktyabrın 16-sı səhər saat 6-da məni yaşadığım kənddən gəlib götürdülər və apardılar birbaşa Ağcabədi rayonuna. İki gun qaldıq orda, ordan bizi paltarla təmin edib göndərdilər Füzuli rayonuna. Orda qısa təlim keçdikden sonra başladıq döyüşlərə qardaş.
Təlimlər hər kəsin ixtisasina uygun idi. Topçu topla, rabitəci rabitəylə. Amma bizim heyət hər seyi öyrənirdi. Çünki komandirlərimiz bizə izah eləmişdi ki, hər şeyi bilməniz yaxşıdı ki, döyüşdə bir birinizə kömək edə biləsiniz. Sonra döyüşlərdə bu elə belədə oldu.
Mənim isə hərbi ixtisasım bas rabitəçi idi. Amma buna baxmayaraq mən döyüş yoldaşlarıma mərmi daşımaqdan tutmuş bütün işlərdə kömək edirdim. Bir nəfər rabitədə qalırdı. Qalan rabitəçilər döyüş başlayan kimi əsgər yoldaşlarına hansısa işdə kömək etməyə can atırdı. Əmrləri dəqiq və vaxtında yerinə yetirirdik. Topların yerini qazırdıq, mərmi daşıyırdıq, yeni döyüşlərdə tələb olunan bütün işləri canla-başla yerinə yetirirdik.
Əlimdə avtomat, çiynimizdə topun mərmisi, döyüş yoldaşlarımızdan heç nədə geri qalmamaq üçün döyüşmüşük, hər işdə canfəşanlıq etmişik. Mərmi də daşımışıq, top da atmışıq, düşmənlə üzbəüz döyüşə də atılmışıq. Sevinirəm ki, bu döyüşlərin hamısından üzüağ, alnıaçıq və qalib çıxmışıq.
Aprel döyüşlərində iştirak etdiyim üçün müharibənin qanunlarına bələd idim. Düşmənlə üzbəüz vuruşmaq üçün əsgər bütün bunlara hazır olmalıdır. Bizim artıq döyüş təcrübəmiz kifayət qədər idi. O dövrdə Tərtərin Təzəkənd kəndində Ağdərə istiqamətində 28 günlük döyüşlərdə tam fəal iştirak etmişəm. Tərtərin Təzəkənd kəndində əskər idim. Aprel ayının 2-i idi. Bizim tərəfdə hələ döyüş başlamamışdı. Biz üç nəfər posta gedirdik, arxamızca da yemək maşını gəlirdi. Birdən göydə pilotsuz uçan aparat göründü. Komanda gəldi ki, vurun, düşmənindi. Bir neçə saniyə ərzində yemək maşınını vurdular. Yaralılarımız var idi. Biz tez qaçıb yaralıları yanan maşından çıxarıb sığınacaqlara apardıq. Düşmən dayanmadan atəş açırdı. Açılan atəşlər bizə posta girməyə imkan vermirdi. Posta getməyə tələsən biz 3 əsgər girdik tabor komandirinin otagına ki, icazə verin, əmr edin biz posta gedek qardaşlarımızın yanına. Bizi iki gun posta buraxmadılar, sonra apardılar posta gecə vaxtı. Biz neytral sahəyə girdik, ətrafı minalardan təmizləyirdik ki, irəliləyə bilək döyüşlərdə.
Həmin günlərdə qanlı, aramsız döyüşlər gedirdi. Sonra bizi posta dəstək kimi verdilər. Biz postda döyüşürdük, ermənilər bizə hücumlar edirdi, yaralılarımız olurdu, amma postlarımızı düşmənə vermirdik. Düşmənə canlı qüvvə və texnika tərəfdən itkilər verdik. Hətta biz onların bir neçə pilotsuz aparatlarını da vurub ələ keçirtmişdik.
İndi o günlərin üzərindən çox keçib. Hərdən fikirləşirəm, bizi bütün bu qəhrəmanlığa hansı qüvvə həvəsləndiridi? Cavabı sadədir. Qəhrəmanlıq bizim oğulların qanındadır. Ana saydığımız Vətənimiz uğrunda hər zaman döyüşüb şəhid olmağa hazırıq. Biz öz əzəli torpaqlarımızı düşmən tapdağından xilas etmək uğrunda vuruşurduq. Bizi düşməndən fərqləndirən ən əsas cəhətlərdən biri də elə budur.
Bu döyüşlərdən sonra əsəblə bağlı problemlərim də oldu. Qarşımızda dişimizlə parçalamağa hazır olduğumuz və hər gün mübarizə apardığımız düşmən durudu. Gözümüz önündə qardaşlarımız şəhid olurdular. Bütün bunlar bizim çoxumuzun əsəb sisteminin pozulmasına gətirib çıxartdı.
44 günlük Vətən müharibəsində də eyni əhval-ruhiyyə ilə döyüşdük. Döyüşlərdə əsgər qardaşlığımız daha da möhkəmləndi. İndi mənim minlərlə qardaşım var…
Ruhulla Zahidov, yazıçı-jurnalist.