Qəhrəmanların timsalında vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi günün vacib tələbidir

Dünyanı və hadisələri dərk etmə tərzi, həyata baxış tərzini müəyyən edir. İnsan varlığına məna verən ən yüksək formada həyat və davranış tərzi elə qəhrəmanlığı özündə əks etdirən ən yüksək cəhətlərdir. Bu hisslər bütün hüdudları aşaraq insanı qəhrəmana çevirir. Milli Qəhrəman Natiq Qasımov da insanların yaddaşında vətəni, xalqı uğrunda şirin canını fəda edən bir qəhrəman kimi qalacaqdır.
Vətənə sevgi, onunla fəxr etmək, onun uğrunda həyatını qurban vermək həm də könüllü icrada ifadə olunur. Biz bunu qəhrəmanımız Natiq Qasımovun timsalında görürük. Onun göstərdiyi qəhrəmanlıq vətənpərvərliyin norma və prinsiplərinin əsl dəyəri və mahiyyətini açmaqla vətənpərvərliyin ən yüksək təzahürüdür. Biz övladlarımızı məhz onun kimi qəhrəmanların timsalında tərbiyə etməli və böyütməliyi, gənclərdə vətənpərvərlik dəyərlərinin formalaşması ilə bağlı bütün işlərin ən yüksək formada aparılmasına can atmalıyıq
Bu gün gənclərdə vətənpərvərlik şüurunun formalaşdırılması və tərbiyəsi günümüzün vacib tələblərindən birinə çevrilmişdir. Bu, dövlətimizin inkişafı və möhkəmləndirilməsi yolunda cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir.
Vətənpərvərlik meyarları Vətənə məhəbbət, ona xidmət, onun ərazi bütövlüyü və suverenliyini, milli təhlükəsizliyini, davamlı inkişafını təmin edən özünüdərkin və sosial davranışların məcmusudur. Bu, istənilən cəmiyyətdə həm də təhsilin qarşısında duran əsas vəzifələr olmaqla xüsusi diqqət mərkəzindədir. Bu tərbiyə vətəndaşların dövlət qarşısında vəzifə və məsuliyyətini artırmaqla sosial və dövlət maraqlarını fərdi maraq və istəklərdən üstünlüyünü önə çəkir və cəmiyyətin bütün sosial təbəqələrinin həyat və fəaliyyətinin ən yüksək mənası kimi başa düşülür. Bu, həm də cəmiyyətin davamlı sabit inkişafı üçün əsas şərtlərdən biridir. Bu həmçinin ölkədə baş verən ictimai-siyasi hadisələrə daha fəal münasibəti, insanların ictimaiyyətin həyatında daha fəal iştirakı da artır.
Vətənpərvərlik doğma vətəninin nailiyyətləri ilə fəxr etmək hissində, xalqının tarixi keçmişinə hörmətlə milli – mənəvi dəyərlərə, adət-ənənələrə məhəbbəti birləşdirən dəyər sisteminin mövcudluğudur. Bu, əhalinin əsas təbəqələri və qrupları kimi gəncləri və böyüməkdə olan gənc nəsli özündə birləşdirir, bu tərbiyə ilə onların sosial qaydalara olan həyati baxışı tam formalaşır.
Vətəndaşlarda yüksək vətənpərvərlik şüuru ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edir. Qeyd etmək lazımdır ki, yüksək vətənpərvərlik ideyaları böyük inteqrativ potensiala malikdir, əsasında cəmiyyətimizin sosial-mədəni əsaslarının qorunmasını təşviq etmək durur.
Dövrümüzdə Vətənə məhəbbət yüksək vətəndaş şüuru ilə milli – mənəvi dəyərlər, tarixi yaddaş və ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər üzərində qurulur.
Gənc nəslin nümayəndələri yaşadığımız azad cəmiyyətdə hökm sürən sosial davranış stereotiplərini artıq bir-birindən fərqləndirə bilir. Həyatımızda, o cümlədən siyasi sahədə də müəyyən standartlar mövcuddur. Bu standartların əsasında ölkəmizin inkişafını təmin edəcək məsələlər xüsusi yer tutmaqdadır. Vətənimizin inkişaf perspektivləri gənclərimizin həyat mövqeyini və o cümlədən vətəndaş fəallığını artırır. Çünki, vətənpərvərlik hissinin mövcudluğu şəxsiyyətin formalaşmasında şəxsi inkişafın mühüm mərhələsidir. Bu sahədə gənclərin maarifləndirilməsinə böyük ehtiyac vardır. Gənclərin bu sahədə maraqlarına uyğun həyat strategiyasının qurulması onların cəmiyyətdəki yerini müəyyən edir, vətəndaş məsuliyyəti kimi hissləri formalaşdırır. Günlər ötdükcə bunlar tədricən vətənpərvərlik dəyərlərinin aşılanmasına töfhələr verir, onların ölkədə baş verən ictimai-siyasi hadisələrə daha yüksək formada münasibətini, ictimai həyatda iştirakını artırır.
Vətənpərvərlik baxışlarının formalaşması və inkişafı prosesi tədricən baş verir, bu inkişaf insanın şəxsi həyatında özünü biruzə verir. Bu proses ilk növbədə təhsildə, həm də fərdə yaxın mühitdə daha da inkişaf etdirilməlidir. Heç də təsadüfi deyildir ki, vətənpərvərlik tərbiyəsinin formalaşdırılması ilk növbədə təhsildən başlayır. İnsanın doğulub boya-başa çatdığı evinə və ailəsinə bağlılığı, insanlarda vətənə, torpağa, vətənə olan sevginin daha çox formalaşma mənbəyidir. Bu, uşaqlarda vətənpərvərlik hisslərinin və baxışlarının yetkin çağında baş verən bir prosesdir. Vətənpərvərlik ideyalarının mənşəyi bununla əlaqələndirilir. Bu hisslər tədricən böyüyür, insana xas olan psixoloji və mənəvi ehtiyac daha böyük hisslərlə əvəz olunmaqla daha da genişlənir və insanı qəhrəmanlığa aparan hisslər baş qaldırır. Qəhrəmanlığa sövq edən hisslərin, ən yüksək formada olan vətənpərvərliyin sosial və pedaqoji mənası da buradadır.
Onu da nəzərə almaq lazımdır ki, müasir gənclərdə vətənpərvərliklə bağlı dəyərlər hərdən tamamilə fərqli şəraitdə formalaşır və müəyyən insanların təsiri altında (bağçada, məktəbdə, ali təhsil ocaqlarında, əsgərlik dövründə) meydana gəlir və inkişaf etdirilir. Vətənpərvərlik hisslərini özündə daşıyan ideya və dəyərlərin gənclərin şüuruna təsiri məsələsi kontekstində bu işlər təhsil ocaqlarımızda xüsusilə diqqət mərkəzindədir. Burada böyüməkdə olan gənc nəsildə vətənpərvərliyin əsas funksiyalarını özündə birləşdirən ümumi dəyərlər sisteminə, baxışlara və münasibətlərə təsir etməyi nəzərdə tutan işlər aparılmaqla onlarda vətənin tarixi keçmişini, mədəniyyətini və adət-ənənələrini tanımaq, vətənə məhəbbət, insanın milli ideya və dəyərlərə şəxsi münasibəti və həmçinin davranışları aşılamaqla xüsusi dünyagörüş formalaşdırılır. Bunların həyatda təzahürü insanın davranış və fəaliyyətininin formalaşmasının dərəcəsini göstərmiş olur. Bu – mənəvi birlik, vətənə sevgi hisslərinə əsaslanan fəaliyyətdir.
Vətənə sevgi, onunla fəxr etmək, onun uğrunda həyatını qurban vermək həm də könüllü icrada ifadə olunur. Biz bunu qəhrəmanımız Natiq Qasımovun timsalında görürük. Onun göstərdiyi qəhrəmanlıq vətənpərvərliyin norma və prinsiplərinin əsl dəyəri və mahiyyətini açmaqla həm də vətənpərvərliyin ən yüksək təzahürüdür. Biz övladlarımızı məhz onun kimi qəhrəmanların timsalında tərbiyə etməli və böyütməliyi, gənclərdə vətənpərvərlik dəyərlərinin formalaşması ilə bağlı bütün işlərin ən yüksək formada aparılmasına can atmalıyıq.

Bayram Apoyev,

GDU- nun dosenti, Turan EA-nın akademiki, Türk Dünyasının Fəxri Ziyalısı, AYB- nin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.