2020-ci ilin dekabrın 10-da ölkəmizin paytaxtı Bakı şəhərində Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni faşizmi üzərində tarixi qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, 30 ilə yaxın bir dövrdə işğal altındakı torpaqlarımızın düşməndən təmizlənməsi ilə ərazi bütövlüyümüzün bərpasının təcəssümü idi.
Zəfər paradı Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu göstərdi. Burada nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğıdan xəbər verməklə bərabər, ordumuzun maddi-texniki bazasının zənginliyinin ifadəsi idi. Prezident İlham Əliyev ölkə başçısı kimi rəhbərlik etdiyi ötən illər ərzində hərbi quruculuq məsələsinə prioritet istiqamətlərdən biri olaraq daim önəm verib, ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüb, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərini reallaşdırıb. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü idi.
Şanlı ordumuz işğal altında olan ərazilərimizi işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı Cənab İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu.
Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə milli qürur və iftixar doğururdu.
Ordumuzun inkişafı, modernləşdirilməsi istiqamətində gerçəkləşdirilən layihələrin uğurlu nəticəsi hələ 2016-cı ilin aprelində özünü göstərmişdi. Həmin ayın 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, silahlı qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini qəsbkardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz bundan iki il sonra- 2018-ci ilin mayında da uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən təmizləmişdi.
Təəssüf ki, işğalçı bütün bu dərslərdən nəticə çıxarmadı, ötən il iyul ayının 12-16-da Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Bədxah düşmənin təcavüzü bu dəfə də ordumuz tərəfindən layiqincə cavablandırıldı.
Ermənistan ordusunun ötən il sentyabrın 27-də nöbəti dəfə təxribat törədərək ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi.
Möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı hər birimizdə qürur hissi doğururdu. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın izləməsi xalqımızın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. Bu, həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi bu xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqlarımızın mənəvi yaxınlığından xəbər verirdi. Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi parlaq qələbəyə inamı artırdı. Döyüşlərin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş ölkənin həmrəyliyini, doğmalığını hiss etdi. Türkiyənin ilk saatlardan haqq işimizə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.
Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbənin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişatı göstərir ki, müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!
Azad Bayramov, Professor,
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri.