Qədim Gəncəyə səyahət: Heydər Əliyev adına Park-Kompleks

Gəncədə yerləşən Heydər Əliyev Park Kompleksinin girişində ziyarətçiləri 38 metr hündürlüyündə möhtəşəm “Zəfər Tağı” qarşılayır.

Parkın təməl daşı 2012-ci il yanvarın 21-də qoyulub və iki il sonra eyni gündə Prezident cənab İlham Əliyev parkın açılışını edib. Ölkə Başçısı Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu sözləri söyləyib: “Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm.

Düz iki il bundan əvvəl – 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm mərkəzin açılışını qeyd edirik. Bu parkın və mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın 5 ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı – nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir.

Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə də on minlərlə ağac əkilmişdir və bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni yaşayış binaları tikiləcəkdir. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni bu, doğrudan da bir möcüzədir. Əminəm ki, gəncəlilər və şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər. Xüsusilə, yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm”.

Parkda on minlərlə ağac və gül-çiçək kolları əkilib. Gözəl bir göl, amfiteatr yaradılıb. Uzunluğu 2 kilometrdən çox olan nəhəng park-kompleks hər zaman cəlbedicidir. Payızda da, qışda da bahar ömrü yaşayan çınar ağaclarının ən nadir növləri parka xüsusi əzəmət verir.

Burada fəaliyyət göstərən mohtəşəm Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Kompleksdə kafe, əyləncə mərkəzi, istirahət mərkəzləri, velosiped kirayəsi məntəqəsi, həmçinin müxtəlif uşaq əyləncə attraksionları fəaliyyət göstərir. Parkın girişindən başlayan və Mərkəzə qədər uzanan məsafədəki 17 ədəd fəvvarənin və 32 bəzəkli guşə – skverin hamısı biri-birindən gözəldir. Sanki mahir bir rəssamın fırçasından çıxıb. Ondan sonra isə qeyri-adi görkəmli zeytun ağaclarının və onu əhatəyə alan gül-çiçək dünyası başlayır.

Valehedici gözəlliyə malik işıq fanarları da ecazkardır. Burada uca mərmər dirəkli işıq fanarları da var, ekzotik görkəmli fanarlar da. Ağacları işıqlandıran kiçik şamdanlar, yaraşıqlı dirəklər, şarlar, fontanlara yaraşıq verən və 7 rəngli libası ilə bərq vuran bu işıqlar çox cəlbedicidir.

Axşamlar 3 min 500 tamaşaçı tutan amfiteatrın 22 tumbasının üzərində şölələnən alova bənzər işıqlar isə milli-mənəvi dəyərlərimizin bir parçası kimi müasir görkəmə qədimi bir naxış vurur. Fanarların ətrafındakı çiçəklər insanın ruhunu elə oxşayır ki, gözlərini çəkə bilmirsən. Gözəl səhnəsi, çıxış edənlər üçün səhnə arxasında hər cür şəraiti olan bu amfiteatr daşların gözəlliyini, harmoniyanı nümayiş etdirməklə həm zövq oxşayır, həm də həmişə çal-çağırlıdır. Amfiteatrda dünyanın ən məşhur ifaçıları da çıxış edib, ilk kövrək addımlarını atanlar da.

Velosiped sürmək istəyirsənsə, 7 kilometrlik rahat yol sərəncamındadır. Yürüş etmək istəyirsənsə, yamyaşıl şam ağacları olan xiyaban sənə bələdçilik edəcək.

Xəyalından quş kimi parkı yüksəklikdən seyr etmək keçirsə, arzun ürəyində qalmaz. 1100 kv.m ərazidə inşa edilən “Zəfər tağı”nın hündürlüyü 40 metrdir. 7 mərtəbədən, 6 açıq eyvandan ibarətdir. Ətrafı seyr etmək üçün burada 35 metr hündürlüyündə meydança da var.

Heydər Əliyev adına Park-Kompleksdə müasir memarlıq üslubunda tikilən “Gənclər Evi”ndə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Burada kitabxana, kafe, mehmanxana və digər sosial xidmət sahələri də fəaliyyət göstərir. “Gənclər Evi”ndə gənclərin müxtəlif mövzularda maariflənməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, layihə və təşəbbüslərinin dəstəklənməsinə lazımi şərait yaradılıb.

7 hektardan artıq sahəni əhatə edən və açıq havada inşa edilən “GəncLand” iki il ərzində ərsəyə gəlib. “GəncLand” istirahət və əyləncə mərkəzində uşaqlar üçün amfiteatr da inşa olunub. Həftənin müxtəlif günlərində burada tamaşalar nümayiş olunur. Bundan başqa istirahət mərkəzi ərazisində 20 ədəd müxtəlif attraksion quraşdırılıb. Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerika attraksionu da əylənmək istəyənlər və adrenalin həvəskarlarının istifadəsinə verilib.

“GəncLand” nağıllar dünyasının qəhrəmanları ilə də uşaqların maraq dünyasına daxil ola bilib. 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər sanki balacaları nağıllar dünyasına səyahətə çıxarır. Kiçik nağıl şəhərciyində 15 maşını olan avtodrom, oyun meydançası da fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.