Portretli başdaşım

2006-cı il yanvarın 20-də Qanlı Yanvar şəhidlərinin 16-cı anım ili qeyd olundu. Tədbir başa çatdıqdan sonra mən gənc şair, keçmiş tələbə həmkarım və 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsinə həsr etdiyim bir yazı hazırladım. Heç zaman şəxsən görüşmədiyim, üz-üzə ünsiyyətdə olmadığım, yalnız Facebook sosial şəbəkəsi vasitəsilə arabir yazılı şəkildə əlaqə yaratdığım dostum Ruhulla Zahidov həmin yazımı Facebook səhifəmdən götürüb “Elm, Təhsil, Mədəniyyət”  təhsil portalının (etmtv.news) 22 yanvar 2019-cu il tarixli buraxılışında dərc etmək istəyirdi. Mənimlə əlaqə yaratdı. Xahiş etdi ki, öz fərdi, yəni tək çəkdirdiyim fotoşəkillərimdən birini ona göndərim ki, oxucular məni heç olmazsa, qiyabi də olsa üzdən tanıya bilsinlər. Şəxsi arxivimdə, eləcə də kompüterimin və fotoaparatımın yaddaşında olan saysız-hesabsız fotoşəkilləri nəzərdən keçirtdim. Həmin yazıya uyğun olan bir fotoşəkil tapa bilmədim.
Bu cür hadisə 2005-cı ildə də mənim başıma gəlmişdi. Həmin il Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutu “Azərbaycanlılara qarşı törədilmiş soyqırım” mövzusunda beynəlxalq müsabiqə elan etmişdi. Mən 1990-cı ilin oktybar ayından 1991-ci ilin mart ayına kimi təhsil aldığım Azərbaycan Dövlət Dillər Universitetindən könüllü olaraq Ağdərə rayonunun Xatınbəyli kəndinə ezam olunmuşdum. Cəbhə bölgəsində gözlərimlə gördüyüm hadisələr əsasında qələmə aldığım yazıları öz şəxsi arxivimdə saxlamışdım. Həmin materiallar əsasında mən “Soyqırıma məruz qalmış xalq əslində kimdir?” məqaləsi ilə müsabiqəyə qatıldım. Sözün doğrusu, mən həmin müsabiqəyə ya ortancıl, ya da sonuncu yeri tutmaq ümidi ilə qatılmışdım. Lakin bəxtim gətirmədi. Münsiflər heyəti məni müsabiqənin qalibi elan etdi. Müsabiqənin şərtlərinə görə, qalibə 500 avro məbləğində pul mükafatı veriləcəkdi. Əgər qalib elan olunmuş iştirakçı öz kitabını çap etdirmək istəyirsə, həmin pul mükafatı onun kitabının çapına sərf olunacaqdı. Beləliklə, qərara gəldim ki, mənə verilən pul mükafatının qarşılığında ilk şeirlər kitabımı çap etdirim. Elə də etdilər. Kitabın bir neçə ay ərzində çapa hazırlanması planlaşdırıldı. Beləliklə, 50 şeirimi N. Gəncəvi adına Mədəniyyət İnstitutuna göndərdim. Bir müddət keçdikdən sonra İnstitutdan bir məktub aldım. Xahiş etdilər ki, kitabın üz qabığı üçün təcili olaraq üç gün ərzində İnstituta bir fərdi fotoşəkil göndərim. Şəxsi arxivimdə olan yüzlərlə fotoşəkilləri araşdırdım, lakin tək çəkdirdiyim bir şəkil tapa bilmədim. Onda fotoaparatımı götürüb rəssam dostum Ələkbərlə o zaman yaşadığımız Kindelbrük şəhərinin canına düşdük. Onlarla fotoşəkil çəkdirdim və onları İnstitutun ünvanına göndərdim. İnstitutda sözün doğrusu həmin fotoşəkillərin demək olar ki, heç birini bəyənmədilər. Sonda naəlac qalıb heç özüm də bəyənmədiyim bir fotoşəkli seçib kitabın üz qabığında verdilər. İndi isə dostum Ruhulla müəllim məqaləmin çap olunması üçün məndən fərdi bir şəkil istəyirdi.
Beləliklə, fotoaparatımın və kompüterimin yaddaşında olan, eləcə də şəxsi albomumda olan son beşillik fotoşəkillərimin hamısını səfərbərliyə aldım. Fotoşəkillərin əksəriyyəti ailə üzvlərimlə, tədbirlərdə dostlarım, tanışlarım və azərbaycanlı soydaşlarımla çəkdirdiyim kollektiv fotoşəkillər idi. Bunların arasında təxminən on beşə yaxın tək çəkdirdiyim şəkil var idi. Həmin şəkilləri nəzərdən keçirtdim.
Şəkilləri nəzərdən keçirməzdən əvvəl, təsəvvür etdim ki, mən ölmüşəm və başdaşıma həkk olunmaq üçün mənə bir şəkil lazımdır. Görəsən hansı xoşbəxt şəkil mənim başdaşıma həkk olunmağa layiqdir? Bu suala cavab vermək üçün fərdi şəkillərimi bir-bir nəzərdən keçirtdim və başladım Məşədi İbad sayağı öz əksimə qiymət verməyə. Bir şəklim var idi, çiynimdə də çiyin çantası asmışdım. Bu şəkli bir çayın sahilində, təbiətin qoynunda çəkdirmişdim. Dedim, yox bu şəkil başdaşıma getsə, görənlər elə bilərlər ki, mən səyahətçiyəm. Bu şəkildən vaz keçdim. İkinci fotoşəkli götürdüm. Bu şəkli hansısa parkların birində qoyulmuş, mənim boyumdan hündür olan, ağacdan hazırlanmış və üstündə alman dilində “Bier”, yəni “pivə” yazılmış bir nəhəng çəlləyin yanında çəkdirmişdim. Dedim yox, bu şəkil mənim başdaşıma getsə, elə bilərlər ki, mən pivə zavodunun direktoru olmuşam. Bu şəkildən də yan keçdim. Növbəti şəkli götürdüm. Vay, vay, qışın oğlan çağında bir körpünün üstündə durmuşam, əlimdə də bir qədəh şərab tutub bu şəkli çəkdirmişəm. Bu şəkil də mənim başdaşıma getməz. Şərab hara, başdaşı hara?! Digər bir şəkli götürdüm. Hansısa futbol meydançasında çəkdirmişəm. Şəkli elə bir məqamda çəkiblər ki, mən qapıma vurulmuş topu tullanıb göydə dəf edirəm. Dedim, yox bu şəkil başdaşıma həkk olunsa, lap gülməli alınacaq. Heç dünyanın ən məşhur futbol qapıçılarının da başdaşılarına belə şəkil həkk edilmir.
Başqa bir şəkli götürdüm. Aha, bu şəkli, hansısa üzgüçülük hovuzunda, oxucular da məni bağışlasın, çimərlik geyimində çəkdirmişəm. Bu şəkli başdaşımda görənlər mənə nə deyəcək?! Beləliklə sonrakı şəkli götürdüm. Bu şəkli vaxtilə Almaniyanın Erfurt şəhərində bir azərbaycanlı soydaşımızın toy məclisində çəkdirmişəm. Şəkli çəkən elə çəkib ki, hər iki qollarımı açıb ürəkdən gülə-gülə rəqs edirəm. Belə başdaşı şəkli olar? Camaat deməyəcək ki, bu bədbəxtə daha düşmən nəyə lazılmdılr?! Bu ki öz ölümünə özü qol açıb oynayır. Çox gülməli görünürdü. Aha, bəlkə bu şəkil gedər… Durmuşam dağıstanlı dostum Əhmədin bağında gülə-gülə manqalda kabab çəkirəm. Bu şəklə baxan deyəcək ki, rəhmətlik ya kababçı olub, ya da ki, kefkom olub. Məzar daşı hara, manqalda kabab çəkmək hara?! Bu şəkildən də yan keçdim. Götürdüm növbəti şəkli. Deyəsən Almaniyanın Köln şəhərində “Əsgər ölümlərinə yox!” şüarı altında keçirilmiş bir mitinqdə çəkdirmişəm. Əlimdə bir Azərbaycan bayrağı tutmuşam. Özü də elə qəmgin dayanmışam. Görənlər deyəcək ki, bu, əsl şəhidə oxşayır. Yox, şəhidlərin adından da istifadə etmək olmaz, – deyib bu şəkli də bir kənara qoyuram. Növbəti şəkli götürürəm. Almaniyanın hansısa şəhərində bir divarda faşist emblemi, nasist işarəsi çəkiblər. Mən də sağ əlimin şəhadət barmağını ona tuşlayıb şəkil çəkdirmişəm. Bu poza ilə demək istəyirəm ki, baxın, Almaniyada neonasistlər, neofaşistlər var. Bəs bunu başdaşımda görənlər nə fikirləşər? Fikirləşərlər ki, mən Almaniyaya gedib faşist olmuşam, nasistə dönmüşəm. Qəbrimin heç tozu torpağı da qalmaz, söküb məhv edərlər. Yox, bu şəkil də layiq deyil başdaşıma. Növbəti şəkli futbol stadionlarının birində çəkdirmişəm. Orada ruslarla dava düşdü. Mən də birinə bir yumruq ilişdirmişəm, bədbəxtin oğlu qan içindədir. Bu şəkil başdaşıma getsə, elə bilərlər ki, mən kriminal ünsürəm. Nə isə, təsvvür etdiyim başdaşıma layiqli bir fotoşəkil tapa bilmədim. İnsan gərək sağ olanda ölüm gününü fikirləşsin. Odur ki, sabahdan gərək düşüb bu şəhərin canına çoxsaylı şəkilləır çəkdirim ki, sabah heç olmazsa, mən öləndə başdaşım üçün layiqli bir şəklim olsun. Amma mən bir söz deyim. Başqa cür yozmayın. Mən bundan sonra nə qədər şəkil də çəkdirsəm, heç bir fotoşəkil mənim Berlin şəhərində yaşayan rəssam dostum Ələkbərin yaratdığı portretimin fotoşəklini əvəz edə bilməz! Odur ki, vəsiyyət etmişəm: mən ölsəm, həmin portretin fotoşəkli mənim başdaşıma həkk edilsin.
Hə, sonda bir əhvalat yadıma düşdü. Deməli 2006-cı ilin yayı idi. Qardaşım kənddən zəng eləmişdi. Dedi, anamızla danış. Bir az anamla danışdım. Dedi, nənə sənə qurban olsun, o Germaniyada çəkdirdiyin bir şəkildən mənə göndərərsən. Mən də saçlı çəkilmiş portretimin şəklini çəkib kəndə göndərdim. İki həftədən sonra rəhmətlik anam mənə zəng elədi. Dedi, nənə sənə qurban. Şəkildə çox yaxşı düşmüsən, amma səndən bir xahişim var: o uzun saçlarını kəsdirərsən.

 

Yadigar, Almaniya, 23.01.2019

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.