Portal rəhbərindən Mədəniyyət Nazirinə məktub – Bu sualları Mədəniyyət Nazirliyinə ünvanlamağı qərara aldıq!

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə

 Etmtv. news xəbər portalının təsisçisi və baş redaktoru Ruhulla Əsgər oğlu Zahidov tərəfindən

                                                  Cənab Nazir!

İlk öncə məlumat üçün Sizə bildirim ki, Etmtv.news xəbər portalı (Elm, təhsil, mədəniyyət) 18 noyabr 2018-ci il tarixdən fəaliyyət göstərir. Portalın məqsədi Respublikamızın Prezidenti İlham Əliyev cənablarının yürütdüyü ölkədaxili və ölkə xarici siyasəti, apardığı ölkədaxili islahatları oxucu auditoriyasına düzgün və dəqiq təqdim etməkdir.

Portalın səhifəsində milli təhsilimiz, elm və mədəniyyət xadimləri ilə bağlı çoxlu sayda yazılar, müsahibələr, xəbərlər paylaşılmışdır. Bu yazılarda mədəniyyət ocaqlarında işin təşkilinə, bütövlükdə  nazirliyin tabeçiliyində olan idarərələrin iş prosesinə nəzarətin hansı səviyyədə həyata keçirilməsinə, Sizin bir nazir kimi milli mədəniyyətimizə göstərdiyiniz diqqət və qayğıya, apardığınız güclü islahatlara da böyük yer ayrılır, əldə olunan uğur və nailiyyətlər silsilə olaraq oxucu auditoriyasına çatdırılır.

Portalın səmərəli fəaliyyətini təmin etmək üçün bu sahədə daha geniş məlumatların əldə edilməsinə, mədəniyyət ocaqları ilə daha sıx əməkdaşlığa ehtiyac duyulur. Bu səbəbdən redaksiyamızın tabeçiliyinizdə olan Mətbuat xidməti ilə mütəmadi əməkdaşlıq edilməsinə, mədəniyyət ocaqlarının səmərəli fəaliyyəti barədə materialların, vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda video materialların hazırlanmasına da böyük ehtiyac vardır.

Bununla bərabər, əməkdaşlıq üçün müraciət etdiyimiz rəhbər işçilərin çoxu verdiyimiz suallardan qaçır, təhqiramiz formada bu sualları cavablandırmaqdan yayınırlar. Baxmayaraq ki, bu suallar yalnız cəmiyyəti dərindən düşündürən məsələlərə həsr olunur, onların bəzilərinin mətbuata açıqlama verməmək istəyi bizdə yalnız suallar doğurur. Belə rəhbər işçilərdən biri də Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovdur. Ona ünvanladığımız suallara cavab almadığımızdan (O hər vəhclə cavabdan yayınıb. Sonda isə, “gedin nə istəyirsiniz yazın”- deyə bizə bildirib) bu sualları Mədəniyyət Nazirliyinə ünvanlamağı qərara aldıq. Ümid edirik ki, nazirlik Səxavət Məmmədov yoldaşın əvəzində bu sualları cavablandırmaq üçün müvafiq addımlar atacaqdır.

Sizdən bir nazir kimi MDDT-nın rəhbəri S.Məmmədovdan müsahibə alınması üçün rəsmi icazə istəyir və bu işdə redaksiyamıza dəstək olmanızı rica edirik.

Öncədən göstərəcəyiniz bütün köməkliklərə görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.

S.Məmmədova ünvanladığımız sualları nəzərinizə çatdırırıq.

-Səxavət müəllim, oktyabr ayında Mingəçevir Dövlət Dram Teatrının keçmiş rejissoru Xəzər Gəncəlinin KİV-də dərc olunan və Mədəniyyət naziri Ə. Qarayevə ünvanladığı Açıq məktubu respublikanın ictimaiyyəti arasında geniş rezonansa səbəb oldu. Məktubda Mingəçevir Teatrının rəhbərliyinin ünvanına da sərt ittihamlar səsləndirildi. Sizcə, bu problemin kökündə nə dayanır?

-Xəzər Gəncəli öz müraciətində bu teatrda işlədiyi 3 il ərzində demək olar ki, heç bir problem yaşamadığını, teatrın repertuar siyasətinə, onun estetik prinsiplərinə, tamaşalarda qoyulan mənəvi-əxlaqi problemlərə, etik və estetik dəyərlərə riayət etməyə çalışdığını, bununla belə teatrda baş verən xoşagəlməz, ürəkaçmayan hadisələrlə hər addımbaşı qarşı-qarşıya qaldığını bildirir. Fikrinizcə bu “xoşagəlməz” hadisələr nədir və teatr rəhbərliyi onu nədə günahlandırırdı?

-X.Gəncəli sadaladığınız bunları nazirə məktubunda da gizlətməyib. Bəs nəyi səhv deyib?

-O 2 il 8 ay müddətində teatrın baş rejissoru olub. Bu müddət ərzində 11 tamaşa təhvil verib. 1 tamaşa isə (Qoqolun “Müfəttiş” pyesi) hətta dövlət sifarişli olub. Ölkə rəhbəri, cənab İlham Əliyevin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə ona “Respublikanın əməkdar artisti” fəxri adı təqdim edilib. Bu adı aldıqdan bir ay sonra isə, onun öz dili ilə desək, “teatrın müdiriyyəti və Mədəniyyət Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən mənəvi terrora məruz qalaraq, vəzifəsindən məcburi şəkildə uzaqlaşdırılıb”. Sizcə absurd nədədir? Onun dedikləri fikirlərdə, yoxsa. Mədəniyyət Nazirliyinin onun barəsində çıxartdığı qərarda?

– Açıq məktubda qeyd olunur ki, siz  ona “Xəzər müəllim, mən bu qadından qorxuram! Bütün Nazirlik bu qadından qorxur! Mən bu qadınla bacara bilmirəm, ikimizdən birimiz tutduğumuz vəzifədən getməliyik”–demisiniz. Bu doğrudurmu ? Sizcə teatr direktoru öz işçisindən niyə qorxmalıdır?

-Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinin 3-cü bəndinə əsasən “Bir şəxsin şəxsi həyatı ilə bağlı informasiyanın toplanması, yayılması və ictimailəşdirilməsi qanunla yol verilməzdir”. Bu kimi məsələlərə görə hər bir şəxs qanun qarşısında cavabdehlik daşıyır. Xalq artisti Ella Yaqubova isə Xəzər Gəncəli ilə bağlı bir çox informasiyaları ictimailəşdirib. Direktor olaraq, siz də bu işdə məsuliyyət daşıyırsınız. Fərdi məlumatların  dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

-Ötən il Mingəçevir Dövlət teatrında dövlət sifarişli tamaşa 3 dəfə dəyişdirilib. Nə üçün? Səbəb nə olub?

-Məlumat var ki, ötən il dövlət sifarişi ilə sizin teatrda hazırlanacaq “Zorən təbib” pyesinin  tamaşasına ayrılan dövlət vəsaiti (quruluşçu rejissor Bəhram Osmanovla razılaşdırılmış qaydada)  direktor Səxavət Məmmədov tərəfindən mənimsənilmiş, bu vəsaitə sizin Mingəçevir şəhərində yeni alınan mənzilinizə kombi sistemi çəkilmişdir. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

Hörmətlə:   

 Ruhulla Əsgər oğlu Zahidov, Etmtv. news xəbər portalının təsisçisi 

və baş redaktoru.

  24.11.2019-cu il.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.