Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçiriləcəkdir.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan filmin nümayişi və onun həyat və yaradıcılığını əks etdirən bukletlərin, akademikin müəllifi olduğu “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçaların tədbir iştirakçılarına paylanması təşkil ediləcəkdir.
Mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri –ölkəmizin Polşa Respublikasındakı səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun əməkdaşlarıda iştirak edəcəkdir.