Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə fevralın 21, 22 və 23-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qorxma, mən səninləyəm!” və “Nəğməmə inan” tamaşaları nümayiş olunacaq.
“Polad Bülbüloğlu 3 gün sizinlə” layihəsi əsasında nümayiş olunacaq hər iki tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
Yaradıcı heyətə quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterlər Əməkdar artistlər Emin Əliyev və Nigar Şahmuradova, quruluşçu rəssam Vüsal Rəhim, dirijor Səməd Süleymanlı, konsertmeysterlər Kamil Həsənov və Fidan Əliyeva, qrim üzrə rəssam Aybəniz Hüseynova, rejissor assistenti Tamilla Aslanova daxildir.
Layihədə Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Nərgiz Kərimova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Emil Heydərov, Elçin İmanov, Ülviyyə Əliyeva, Nicat Əli, Leonid Klets, Eleonora Mustafayeva, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Elməddin Dadaşov, Nərminə İsmayılova, Adelin Öztürk, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak edəcəklər.
Xatırladaq ki, 44 il öncə çəkilmiş “Qorxma, mən səninləyəm!” filminin əsasında Musiqili Teatrda fərqli quruluşda hazırlanmış eyniadlı tamaşa tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə göstərilmişdi.