Prezident İlham Əliyevin sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb. Davamlı olaraq həyata keçirilən həmin siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr, ilk növbədə, Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edib.
Bir neçə dövlət orqanının xidmətlərini vahid məkanda, əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edən, artıq bu gün dünyada Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət”i dövlət xidmətlərindən istifadəni vətəndaşlar üçün daha əlçatan edib. “ASAN xidmət” vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirərək milli innovasiya sistemlərinin və səmərəli idarəçiliyin təmin olunmasında son dövrlərdə cəmiyyətə nüfuz etmiş elektron dövlətin mühüm rol oynadığını təsdiq edib.
Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə AZƏRTAC-a verdiyi müsahibədə deyib.
O, bu ildən ölkəmizdə tətbiq olunan innovativ xidmət növü haqqındakı fikirlərinə əlavə edib: “Dövlət başçısının təşəbbüsü olan “ASAN xidmət”dən sonra “DOST” adlanan daha bir innovativ xidmət növü vətəndaşların ixtiyarına verilib. “Bizim siyasətimiz demək olar ki, “DOST” mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin sosial işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”. Prezident İlham Əliyevin DOST Agentliyinin və ilk “DOST” mərkəzinin inzibati binasının açılış mərasimində söylədiyi bu fikirlər qısa zaman ərzində təsdiqini tapdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ilk Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzi – başqa sözlə, “DOST” mərkəzi az bir zamanda cəmiyyətdə özü haqqında olduqca müsbət rəy formalaşdırıb. Vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında işini quran “DOST” hətta digər orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutdu, minlərlə vətəndaşın əsl dost ünvanına çevrilməyi bacardı. Sosial xidmətlər, pensiya, sosial sığorta, tibbi sığorta, eləcə də digər yardımçı fəaliyyətlər – bank və notarius xidmətlər üzrə “DOST”a müraciət edən vətəndaşlar bu məkandan razılıqla, məmnunluqla ayrılırlar”.
“Ümid edirik ki, mütərəqqi siyasi iradəyə əsasən formalaşdırılmış müasir Azərbaycanın siması – “DOST”un qısa müddət ərzində qazandığı nüfuz getdikcə daha da artacaq və bu uğurlu təcrübə vətəndaş məmnunluğunun təmininə xidmət edən sırf Azərbaycan brendi kimi digər ölkələrdə də tətbiq olunacaq”,- deyə deputat fikrinə yekun vurub.