Bu gün müstəqil Azərbaycan özünün intibah dövrünü yaşayır. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası əhalinin güzəranı gündən-günə yaxşılaşır. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib. Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olub.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvar, fevral aylarında imzaladığı fərman və sərəncamlara nəzər salsaq, Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının bir daha təsdiqinin şahidi olarıq. Cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk gündən “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikri 15 il ərzində imzalanan fərman və sərəncamlarda, həyata keçirilən proqram və layihələrdə öz təsdiqini tapıb.
Fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağı anonsunu verdi. Bundan sonra isə Prezidentin müvafiq fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq dövlət başçısının xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı imzaladığı Fərman 2015-ci ildən bəri ən çox gözlənilən qərarlardan biri oldu. “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” fikri bu gün tam təsdiqini tapdı. Belə ki, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilərək, 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqləndirdi.
Əslində 2019-cu ilin uğurlu iqtisadi tərəqqisi, bütün sahələrin uğurlu inkişafına geniş yol açan davamlılıq son 15 ildə aparılan məqsədyönlü siyasətin məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu illər ərzində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşən mühüm sosial-iqtisadi layihələr, atılan addımlar, regional inkişaf proqramları, işsizlik və yoxsulluq səviyyəsinin 5 faizə enməsi, özünüməşğulluq proqramının icrası, sahibkarlığın inkişafı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verdi, Azərbaycanı yüksək gəlirli dövlətlər sırasına çıxardı.
Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, ardınca bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı qərar vətəndaşlar üçün növbəti böyük sevindirici addım oldu. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların banklar qarşısında öhdəlikləri artdı. Ölkədə manatın devalvasiyasından sonra müzakirə olunan əsas məsələlərdən biri məhz əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi, dövlət başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə fəal iş apararaq təkliflərini səsləndirdi. Məsələ ilə bağlı Milli Məclisdə də müzakirələr keçirildi. Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə ölkə başçısının imzaladığı Fərman vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürdü, vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi.
Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycanda atılan bu addım bir daha göstərdi ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır.