Özbəkistanın kultura.uz portalında Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazı dərc olunub.
Görkəmli aktrisanın 100 illiyi ilə bağlı verilən məqalədə onun uşaqlıq və gənclik illəri haqqında söhbət açılır, əvvəllər rəqs dərnəyində çalışdığı bildirilir.
Qeyd olunur ki, Leyla Bədirbəyli iki filmdə epizodik rolda oynadıqdan sonra 1940-cı illərin əvvəllərində kinorejissor Hüseyn Seyidzadə onu “Ayna” filmində baş rola çəkir. Filmdə Leyla Bədirbəyli tanınmış aktyorlar-Ələskər Ələkbərov, Mövsüm Sənani, İsmayıl Əfəndiyevlə birlikdə oynayır. Sonra “Səbuhi” filminə dəvət alır. 1945-ci ildə lentə alınan “Arşın mal alan” filmi isə yaradıcı kollektivə, o cümlədən Gülçöhrə rolunun ifaçısı Leyla Bədirbəyliyə böyük uğur gətirir. Bu film həm keçmiş SSRİ-də, həm də dünyanın 50-dən artıq ölkəsində göstərilir və müvəffəqiyyət qazanır.
Məqalədə bildirilir ki, ümumiyyətlə Leyla Bədirbəyli 50-dən artıq filmdə yaddaqalan obrazlar yaradıb.
Materialda vurğulanır ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.