Oxu və imla mətnlərinə dair xüsusi kitabların hazırlanmasına dair layihənin təqdimatı olub

“Zəngi” liseyinin müəllimi Afaq Qasımovanın Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş “İbtidai təhsil pilləsi üzrə oxu və imla mətnlərinə dair xüsusi kitabların hazırlanması” layihəsinin bir neçə məktəbdə təqdimatı olub.

Layihə çərçivəsində ilk təqdimat mərasimi “Zəngi” liseyində keçirilib. Tədbirdə təhsil müəssisəsinin kollektivi, tanınmış yazıçı Rafiq Yusifoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əli Şamil, Təhsil Nazirliyinin nümayəndəsi Rəbiyyə Müseyibzadə, liseyin direktoru Almaz Əsgərova iştirak ediblər.

Liseydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat Bakı şəhərindəki 238 saylı məktəbdə keçirilib. Təqdimatda 238 saylı məktəbin müəllim kollektivi və rəhbərliyi iştirak edib. Təqdimatın sonunda layihə ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.

Sonuncu təqdimat Şamaxı şəhərindəki 2 saylı orta məktəbdə keçirilib. Tədbirdə məktəbin kollektivi, Azərbaycan dili və ingilis dili müəllimləri iştirak ediblər.

Qeyd edək ki, layihədə qalib olmuş vəsaitlərdən birində yeni təlim metodları, yeni imla texnologiyaları, 150-dən çox imla mətnləri yer alıb. İkinci vəsait isə oxu mətnlərindən ibarətdir.

Müasir imla texnologiyaları dünyanın inkişaf etmiş ölkələrinin məktəblərində uğur qazanıb və müasir dövrün tələblərinə cavab verən yeni texnologiyalardan bəhs edir. Həmçinin yeni imla texnologiyaları şagirdi sıxıcı mühitdən uzaqlaşdırır, onlarda imlaya marağı daha da artırır. Onlar ənənəvi üsulla yazılmış imlalardan köklü surətdə fərqlənir.

Yeni imla növlərinə “Qaçaraq imla”, “Gəzərək imla”, “Ardıcıllığın tapılması”, “Dicto Gloss” imla, “Situasiyanın davamı” imlası, “Seçmə” imla və. s aiddir. Yeni imlaların tətbiqi şagirdlərdə bir çox bacarıqlar formalaşdırır. Müasir imla şagirdə daha çox bacarıq verir, onu birbaşa prosesə cəlb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.