Orduya könüllü yardım- bir müsahibənin 5 variantı

Etmtv. news portalında ötən günlərdə dərc olunan “Gəncə Təhsil İdarəsindən nümunəvi addım – Döyüşən ordumuza könüllü yardım göndərildi” başlıqlı yazı vermişdik. Yazı ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı və digərlərinə nümunə olacağını düşünərək, yardımda iştirak edən rəhbər işçilərdən müsahibə almaq qərarına gəldik. Hərçənd…  aldığımız cavabların dəqiqliyinə şübhə yarandığından eyni sualları digərlərinə də ünvanlamaq zorunda olduq. Bir-birini təkzib edən cavablar, Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin bizimlə söhbəti də daxil olmaqla, məlumat almaq və məlumat vermək hüququnun şərhi ilə saytımızın növbəti yazılarında!..

Bütün bunlara baxmayaraq,  könüllü yardım ilə bağlı onların istəyini və göstərdikləri  əməli işi alqışlayırıq!

Bu gün şanlı Azərbaycan Ordusu  düşmənin hərbi mövqelərinə lazımi zərbələr endirir və işğal altında qalmış torpaqlarımızı azad edir.  Belə bir tarixi zamanda hər kəs özünü bir əsgər hesab etməli və şanlı Azərbaycan Ordusuna lazımi səviyyədə həm maddi, həm də mənəvi dayaq olmalıdır.

Vətən müharibəsində qəhrəmancasına mübarizə aparan əsgərlərimizə dəstək olmaq üçün ölkəmizin müxtəlif bölgələrində Dəstək kampaniyası çərçivəsində yardımlar edilməkdədir. Yığılan vəsaitlə alınan məhsullar Müdafiə Nazirliyi ilə əlaqə saxlanılaraq ön cəbhənin lazım olan istiqamətinə aparılır və birbaşa əsgərlərimizə təqdim olunur. Əldə olunan vəsaitə əsasən, corab, siqaret, su, şirin su, şirniyyat, əsgərlər üçün vacib əhəmiyyət daşıyan gündəlik əşyalar və s. kimi məhsullar alınır. Həm alınan məhsullar, həm də onların əsgərlərimizə təqdim olunması ilə bağlı sosial şəbəkələrdə foto və videolara rast gəlməkdəyik. Bu, əlbəttə ki, xalqımızı sevindirir. Çünki, bu həmrəylik həm də Milli Ordumuza olan sevgi və hörmətin bariz nümunəsidir.

Bu günkü tarixi zamanda vətənpərvərlik hissini ən yüksək səviyyədə nümayiş etdirən,  Azərbaycan Ordusuna könüllü dəstək göstərən  dövlət qurumlarından biri də Gəncə şəhər Təhsil İdarəsi olmuşdur. Beləki, ötən günlərdə Gəncə şəhərinin təhsil işçiləri ordumuza mənəvi dayaq olaraq, lazımi dəstək göstərmişlər. Belə bir  addımın atılmasını olduqca təqdirəlayiq bir hal sayır və tərəfimizdən alqışlanır.

Gəncənin təhsil işçilərinin atdığı bu addım ilə bağlı şəhərdə fəaliyyət göstərən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev ilə ilə əlaqə saxladıq.

-Əliağa müəllim, Milli Ordumuza yardım kompaniyası ideyası necə yarandı? Təşəbbüsü ilk olaraq kim irəli sürmüşdü?

-Əslində bu bir kompaniya deyildi və rəhbərlik tərəfindən də hər hansı bir göstəriş olmamışdı. Bu işi biz özümüz üçün bir mənəvi borc saydıq və şanlı əsgərlərimiz üçün nəsə etmək, gərəkli bir iş görmək baxımından etdik. Gəncə şəhərində fəaliyyət göstərən orta təhsil ocaqlarının direktorları danışıb bir araya gəldi ki, ordumuz üçün gərəkli bir addım ataq. Öz aramızda nə bacarırıqsa, bir məbləğ toplayaq və bu vəsaitə əsgərlərimiz üçün lazımi , gərəkli bir vəsaitlər alaq.

– Bəs məktəb kollektivləri bu işdə hansı köməkliyi etdilər, sizə necə dəstək oldular?

– Bilirsiniz ki, pandemiya və ölkəmizdə Vətən müharibəsi ilə bağlı təhsil ocaqları işləmir və bizim öz işçilərimiz və şagirdlərimizlə hal-hazırda əlaqələrimiz internetin olmaması səbəbindən məhduddur. Onlarla biz lazım olduqda yalnız telefon ilə əlaqə saxlaya bilirik. Əlbəttə ki, onların dəstəyi ilə də biz bu yardımın miqyasını daha da böyüdə bilərdik. Bununla belə, biz rəhbər təhsil işçiləri bu təşəbbüsü həyata keçirə bildik.

– Məhz hansı üsulla yardımın edilməsi planlaşdırılmışdı və əsgərlərimiz üçün nələr alındı?

– Öz aramızda razılaşdırıb hərbi mallar dükanından isti paltar, əlcəklər, yağmurlar çadırlar, papaqlar və s. aldıq. Sonra alınan bu mallar Təhsil İdarəsində qablaşdırıldı, çeşidləndi və əsgərlər üçün, lazım olan yerlərə göndərildi. Təhsil İdarəsinin əməkdaşları da bu işdə bizə lazımi dəstəyi göstərdilər.

Məndə olan məlumata görə başçılıq etdiyim məktəb-liseyin 10 müəllimi hal-hazırda döyüş bölgələrində vətən torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda döyüşlərdə iştirak edir. Bütün əsgərlərimiz kimi onlara da qələbə sorağı ilə evə sağ-salamat dönməsini arzulayırıq. Sevindirici haldır ki, Gəncə Təhsil İdarəsinin təşəbbüsü ilə döyüş bölgəsində olan müəllimlərin əməkhaqqı kartlarına onların ailəsinə yardım üçün 300 manat əlavə pul da yüklənilib.

P.S. Bütün hörmətimizə baxmayaraq, Əliağa Səfərəliyevdən telefonla aldığımız məlumatlarda yalnışlıq olduğunu nəzərə çatdırmaq istəyindəyik.

Verdiyi müsahibədə orduya göstərilən yardımın yalnız məktəb direktorları tərəfindən göstəridiyi bildirilmişdi. Aldığımız digər məlumatlarda isə bu işdə məktəblərin müəllim və şagird kollektivlərinin də iştirak etdiyi aydın oldu. Məlumatın dəqiqləşdirilməsi üçün görüş təyin etsək də o, xəstə olduğunu və evdə müalicə aldığını bildirmişdi.  Məcbur qalıb Təhsil İdarəsinə getdikdə isə… onunla elə İdarənin foyesində qarşılaşdıq…

P.S.S.Onu da bildirək ki, (gəzən şaiyələrə əsasən) Ermənistanın Gəncəyə raket hücumu ilə törədilən terror aktından sonra məktəb direktorlarının əksəriyyətinin şəhərdən qaçdığı haqda məlumatlar da dolaşmaqdadır. Məsələ ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Raminə Məmmədova  ilə əlaqə yaratdıq. Raminə xanım bu haqda hər hansı bir məlumata malik olmadığını bildirdi.

 

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.