18-19 sentyabr tarixində Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının 34-cü iclası keçirilib.
Etmtv. news Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev və nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Araz Bağırlı iştirak edib.
İclasda 2021-2025-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirlərinin layihələri nəzərdən keçirilib. Müzakirələr tarixi-mədəni irsin qorunması və istifadəsi, muzey işi, kitabxana sahəsi, teatr-konsert fəaliyyəti, təsviri sənət, kitab nəşri, informasiya fəaliyyəti, musiqi və kino sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilib.
Gündəlik üzrə məsələlərin müzakirəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Özbəkistan, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətlərinin başçıları çıxış ediblər.
İclasda “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramımın icrası ilə bağlı məsələyə də baxılıb. Belarus Mədəniyyət nazirinin birinci müavini N. Karçevskaya proqramın bu il Brestdə (Belarus) həyata keçirilməsi barədə məlumat verib. Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkisa Daueşov gələn il “Birliyin mədəniyyət paytaxtı” olacaq Şımkənd şəhərində proqrama hazırlığın gedişi barədə məruzə edib.
Şura üzvləri həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Qələbə muzeyində “Qələbə ərazisi” layihəsi ətrafında da müzakirələr aparıblar.