“Ölkə başçısı əfv sərəncamı ilə bir daha sübut etdi ki, dövlət bütün vətəndaşlarının yanındadır” – Millət vəkili

“Prezident İlham Əliyevin sərəncamı ilə 65 yaşdan yuxarı şəxslərin əfv edilməsi dövlətin bütün vətəndaşlarının qayğısına qalmasının bariz nümunəsidir”.

Bu fikirləri “MediaPost”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib. O, ölkə başçısının bu addımını yüksək qiymətləndirib:

“Təəssüflər olsun ki, koronavirus pandemiyası Azərbaycanda da yayılıb, bizdə də artıq bu virusa yoluxanlar var. Ancaq bütün bunlara baxmayaraq dövlətimiz tərəfindən bütün qabaqlayıcı addımlar atılıb. Çox sevindirici haldır ki, bütün bu addımlar vaxtında və düzgün atılıb. Bunun nəticəsidir ki, biz az bir zərərlə bu virusla mübarizə aparırıq. Bu ərəfədə Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının verilməsi həqiqətən çox təqdirəlayiq bir addımdır. Cənab Prezident dəfələrlə önəmli günlərdə, bayramlarda belə sərəncamlar verərək çox sayda ailələri sevindirib. Bu dəfə isə fərqli olaraq məhz birliyimizin daha çox vacib olduğu anda, çətin bir dövrdə bu addımı atmaqla bütün azərbaycanlıların, bütün vətəndaşların prezidenti olduğunu bir daha sübut etdi. Xalqımız tərəfindən də bu addım çox yaxşı qarşılandı. Xüsusilə də ömürlük məhkum olunmuş iki nəfərin də bu siyahıya salınması, onu göstərir ki, islah müəssisəsində sözün əsl mənasında nümunəvi vaxt keçirən, heç bir təkrar qanun pozuntusuna yol verməyən şəxslərin də ömürlük məhkum olsa belə prezident tərəfindən əfv olunma ehtimalı var. Üstəlik, yaşı 65-dən yuxarı insanların daha çox bu virusa yoluxma ehtimalı var. Bu addımda da bir növ işarə var ki, biz bütün vətəndaşlarımızı qorumaq istəyirik və qoruyuruq, xüsusilə ahıl, yaşlı insanların ailələri ilə birlikdə olmasının tərəfdarıyıq”.

Millət vəkili sərəncamla azadlığa buraxılan şəxslərin dövləti sosial xidmətlərindən istifadə edə biləcəyini də söyləyib :

“Hazırda ölkədə yaşı 65-dən yuxarı olan bütün vətəndaşların çölə çıxması qadağan olunub. Hətta bu yaş kateqoriyasından olan və tək yaşayan vətəndaşlara sosial xidmətlər göstərilir. Prezidentin əfv siyahısında adı olan şəxslər də digər vətəndaşlar kimi müraciət etdikləri təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının əməkdaşları və yaxud da könüllülər tərəfindən lazımi xidmətlər göstəriləcək. Çünki vətəndaşlarımızın sağlamlığı bizim üçün önəmlidir. Bunun üçün dövlətin və bizlərin üzərinə nə düşürsə, etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.