Obrazlarda yaşanan aktyor ömrü- Respublikanın Əməkdar artisti Əlican Əzizov

Son illər qələmə alaraq hər hansı bir sənət fədaisi olan aktyor və ya rejissor haqqında yazmaq istədikdə nədənsə bir aktyorun səhnə obrazlarının cizgiləri hər zaman gözlərim önündə dayanırdı. Onun haqqında yazmaq qərarına gəldikdə isə daxilimdə hər an bir narahatlıq hissi yarandığından tərəddüd edirdim. Bu narahatlığın, tərəddüdün isə bir səbəbi vardı. Haqqında yazmaq istədiyim aktyorun Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratmış olduğu obrazlarının ümumi təhlili və xarakterik cizgilərini oxucularımla bölüşə bilmək narahatlığı.

İlk öncə qeyd etməliyəm ki, o, tipik, xarakterik rollar aktyoru olaraq romantikaya bir qədər də meyilli, realist yaradıcılıq üslublu sənət məktəbini keçmiş aktyorlarımızdandır. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyi onun yaradıcılığında xüsusi olaraq diqqəti cəlb edirdi. Bəzən isə səhnə qəhrəmanlarının obrazlarında pafoslu oyun tərzinə üstünlük verərək eyni zamanda hadisələrin cərəyan etdirilməsi zamanı psixologizmi daha da gücləndirərək səhnə həssaslığı ilə seçilməyi bacarırdı. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun olaraq surətlərinin düşüncə tərzi onun ifa etdiyi hər bir səhnə personajlarına obrazlı formada desək bədii dolğunluq bəxş edirdi. Realist və lirik psixoloji üslublu tamaşalarda da yaddaqalan bədii drarmatik surətləri aktyorun xususən klassik əsərlərdəki obrazlarının səhnə təcəssümündə də əsasən daxili ehtirasla romantik vüsət uğurla təqdim edilirdi. Bu gün yaradıcılığı və səhnə obrazlarının məziyyətləri haqqında söhbət açmaq istədiyim Respublikanın Əməkdar artisti Əlican Əzizovun həyat eləcə də səhnə dünyasından danışacağam.

Əlican Süleyman oğlu Əzizov 23 fevral 1952-ci ildə Özbəkistan Respublikası Fərqanə vilayətinin Vadil rayonunda anadan olub. Kiçik Əlican əslən Axısxalı Türk ailəsində dünyaya gəlib. Belə ki, Axısxalı türklər 1944-cü ilin noyabr ayında Gürcüstandan Stalinin əmri ilə Orta Asiyaya sürgün olunublar. Bu səbəbdən də Əlican Əzizov 1952-ci ildə Özbəkistanın Fərqanə vilayətinin Vadil rayonunda dünyaya gəlib. 1959-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçən Əlican Əzizov orta təhsilini Gəncədə alıb. Bu günlərdə Əlican Əzizovun bacısı Nəminə Əzizova ilə həmsöhbət zamanı uşaqlıq illərini xatırlayarkən qardaşı haqqında deyir: “Biz ailədə yeddi uşaq olmuşuq. Atamızı bədbəxt hadisə nəticəsində çox erkən itirmişik. Anamız Xeyriyyə xanım bizi min bir əziyyətlə böyüdüb, özü təhsilsiz olsa da ailədə hər birimizin ali təhsil alması üçün çox əziyyət çəkib. Əlican evin ikinci uşağı olub. O çox kiçik yaşlarından böyük qardaşımla bərabər ailənin qayğısını çəkib, işləyib, pul qazanıb. Hələ tələbə olarkən axşamlar Opera və Balet Teatrında işə girib, aldığı əmək haqqını isə bizim dolanışığımız üçün evə göndərib. Qardaşım Əlican həmişə təhsilimizlə maraqlanıb, bizi daha yaxşı oxumağa həvəsləndirib. Bizdə ədəbiyyata, şerə, incəsənətə maraq və məhəbbət məhz onun sayəsində yaranıb. Mən orta məktəbdə oxuyarkən ədəbiyyat dərsində keçdiyimiz ədəbi əsərləri səhnələşdirərək əlamətdar tədbirlərdə çıxışlar edərdik. Ədəbiyyat müəllimimiz bu işə kömək etmək  üçün həmişə Əlicana müraciət edərdi. O da məmnuniyyətlə gələr və məzunu olduğu orta məktəbin hər bir işində öz köməkliyini əsirgəməzdi. Onun hamı ilə xoş, səmimi münasibəti, ətrafdakı hər kəsin onu sevməsi məni həmişə qürurlandırırdı. Fərəhim, güvən yerim olan əziz qardaşım haqda heç vaxt keçmiş zamanda danışmaq istəmirəm”.

Əlican Əzizov 1971-1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. 1975-1998-cı illərdə isə Gəncə Dövlət Dram Teatrında aktyor olaraq fəaliyyət göstərib. Həmçinin paralel olaraq bu illər ərzində Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirərək 2008-ci ilədək burada çalışıb. 2008-ci ildən isə bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 1978-ci ildə “Yaradıcı gənclərə baxış” müsabiqəsinin qalibi, 1985-ci ildə isə Respublikada “Ən yaxşı kişi rolunun ifaçısı” olaraq tanınıb. Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı  ilə 28 oktyabr 2000-ci ildə “Respublikanın Əməkdar artisti” fəxri adına, 2006-cı ildə isə Prezident mükafatına layiq görülüb.

Onun Gəncə Dövlət Dram Teatrının səhnəsində A. Şaiqin “Gözəl bahar”da Külək, C. Cabbarlının “1905-ci ildə”də Volodin, “Almaz”da Prokuror, H.Cavidin “Maral”da Arslan bəy, S. Vurğunun “Vaqif”də Vidadi, “Fərhad və Şirin”də Azər baba kimi surətləri milli klassik səhnə əsərlərində yaratmış olduğu maraqlı obrazları silsiləsinə daxildir. Həmçinin Z. Xəlilin “Şairin yuxusu”da Xaqani, B. Vahabzadənin “Yağışdan sonra”da Rüstəm, İ. Coşqunun “Komsomol poeması”da Bəxtiyar, M. İbrahimovun “Həyat”da Akif, Y. Əzimzadənin “Anacan”da Komissar, A. Məmmədovun “Ulduzlar görüşəndə”də Mövlanə Cəmaləddin, “Bəraət”də Temraz, “Kişilər”də Cəlilzadə, “Dəli Domrul”da Dondar, İ. Şıxlının “Dəli Kür”də Çernyayevski, N. Həsənzadənin “Atabəylər”də  Atabəy  Qızıl Arslan, Ə. Hacızadənin “İtkin gəlin”də Yusif, İ. Əfəndiyev “Üçatılan”da Alış, Ə. Səmədlinin “Ölüm hökmü”də Kişi surətləri isə Azərbaycan çağdaş dramaturqlarının pyeslərində maraqla qarşılanan səhnə personajlarındandır.

Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Respublikanın Əməkdar artisti Əlican Əzizovun Gəncə Dövlət Dram Teatrının səhnəsində olan yaradıcılığının aktyorluq qolu əlvan və çoxçalarlı mahiyyəti ilə hər zaman seçilirdi. Onun  səhnədə  ifa etdiyi rollarda romantik və realist aktyor məktəblərinin estetik prinsipləri də ayrı-ayrılıqda bir vəhdət halında təcəssüm etdirilirdi. Aktyorun dramatik  xarakterli  səsi, coşğun daxili temperamenti hər zaman səhnədə mürəkkəb və psixoloji rollara əzəmətli monumentalizmi verə bilirdi. Əlican Əzizov hətta səhnədə olarkən məhəbbət qəhrəmanlarının obrazlarında belə emosional və lirik-psixoloji ifadə vasitələrinə üstünlük verməklə obrazlara ülviyyət aşılamağı bacarırdı. Aktyor bu zaman kəsiyində dəyişmə prosesində səsinin çalarlarından dəqiqliklə və ifadəli tərzdə istifadə etməyi böyük ustalıqla bacarırdı.

Bu gün Əlican Əzizov haqqında söhbət düşərkən Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar artisti Xəzər Gəncəli onun haqqında deyir: “Mən Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsinə 1973-cü ildə daxil olarkən artıq Əlican Əzizov burada iki il idi ki, “Dram və kino aktyoru” fakültəsində təhsil alırdı. Bildiyiniz kimi Səməd Vurğunun 1941-1945-ci illər arasında qələmə aldığı “İnsan” pyesi müəllifin sağlığında, həm də onun haqq dünyasına qovuşmasından sonra bir neçə dəfə tamaşaya qoyulub. 1973-cü ildə isə bu pyesə yenidən görkəmli rejissorumuz olan, Xalq artisti Mehdi Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində müraciət etdi. Biz Universitetin birinci kurs tələbələri Fikrət Quliyev, Aslan Sultanov, Elmira Melikova, Ramiz Hüseynov, Pərviz Məmmədov, Hüseynağa Atakişiyev, Ağalar İdrisoğlu, Cahangir Novruzov və digərlərini həmçinin Əlican Əzizovu da bu tamaşada kütləvi səhnələrdə iştirak etmək üçün rejissor assisenti olan Ədalət Ziyadxanov məşq proseslərinə cəlb etdi. Mən də bu tamaşada kütləvi səhnələrə cəlb olundum. Əlican Əzizov ilə ilk tanışlığım məhz bu məşq proseslərindən başladı. O, həddən artıq təvazökar, səmimi və çox istedadlı bir gənc idi. Əlican burada biz birinci kurs tələbələrinə isə xüsusi qayğı ilə yanaşaraq öz diqqətini əsirgəmirdi. Hər zaman yanımızda olaraq məşq proseslərinin gedişatı haqqında ətraflı danışar, kütləvi səhnələrdə mövcud vəziyyətlərə uyğun hərəkətlərimizin rejissor traktofkasına uyğun şəkildə oynanılmasına yaxından yardımçı olaraq tövsiyələrini bildirər və bu səhnələrdə bizimlə birlikdə iştirak edərdi. Bu gün onun istiqanlılığını və xüsusi özünəxas olan insani keyfiyyətlərini heç zaman unuda bilmərəm”.

Aktyorun O. Kamalın “Yad qızı”da Məhzər bəy, “72-ci kamera”da Kapitan, V. Şukşinin “Diribaş adamlar”da Adi adam, U. Şekspirin “III Riçard” da Hersoq Bekingem, M. Kərimin “Odu atma, Prometey!”də Əcəmşah, Sofoklun “Antiqona”da Birinci qasid, M. Şatrovun “İnqilabi etüd”də Dolqov, A. Dudarevin “Astana”da Andrey Buslay, S. Dərvişin “Fosforlu Cevriyyə”də Kişi, R. Tomanın “Tələ”də Komissar kimi obrazları isə əcnəbi müəlliflərin əsərlərində ifa etdiyi maraqlı surətlər silsələsinə daxildir. Məhz bu obrazlarda aktyorun özünəməxsus cəhətlərindən biri də hadisələrin yüksək psixoloji dramatik məqamlarında daxili ehtirasını səfərbər etməsilə obrazların mənəvi gərginliyini sifət cizgilərində qabarıq formada canlandıraraq mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verməsi qədər maraqla izlənməsində idi. Əlican Əzizov məhz səhnə əsərinin məzmunundan çıxış edərək obrazın fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı səhnədə ustalıqla bacarırdı. Məhz onun ifasında əcnəbi müəlliflərin əsərlərində ifa etdiyi surətlər romantik xarakterdə səhnə təcəssümü tapması qədər səciyyəvi idi.

Respublikanın Əməkdar artisti Əlican Əzizovu xatırlayarkən bacısı Səkinə Əzizova deyir: “Orta məktəbdə oxuyarkən inşa yazılarımıza, ifadəli şeir söyləməmizə hər zaman Əlican kömək edərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik kimi rəftar edən, hamı ilə ünsiyyət qura bilən biri idi. Onun həm də səlist nitqi, gözəl qiraəti vardı. Uşaqlıqda babam bizə növbə ilə xalq dastanlarını, nağıllarını oxutduranda intizarla məhz Əlicanın oxumağını gözləyər, hamı kimi mən də maraqla  dinləyərdim. Gözəl yaz günlərdə pəncərədən boylanarkən küçədə futbol oynayan oğlan uşaqlarına, bir də çarpayıda uzanıb kitab oxuyan qardaşım Əlicana baxıb öz-özümə nə üçün onun da oynamağa getmədiyinə təəccüblənərdim. Bunun səbəbini sonralar başa düşdüm. Onda kitab oxumağa o qədər maraq vardı ki, cibinin son qəpiyini belə kitaba, jurnala verərdi. Buna görə də 70-ci illərdə evimiz kitabxananı xatırladardı. Orda Azərbaycan və dünya klassiklərinin əsərlərini o dövrdə nəşr olunan “Azərbaycan”, “Ulduz” jurnallarının, “Ədəbiyyat və incəsənət” qəzetlərinin bütün nömrələrini tapmaq olardı”.

Əlican Əzizov həmçinin Gəncə Dövlət Nizami Poeziya Teatrının səhnəsində də maraqlı obrazları ilə diqqət mərkəzində olmağı bacarıb. Belə ki, A. Murovdağlının “Şeyx Şamil”də İmam Şamil, A. Babayevin “Memarın məhəbbəti”də Aparıcı və Qızıl Arslan, Z. Xəlilin “Gəncə qartalı”da Axistan, B. Vahabzadənin “Şəbi-hicran”da Füzuli, S. Vurğunun “Fərhad və Şirin”də Xosrov, N. Gəncəvinin əsərləri əsasında “Sevgi dastanı”da Fərhad, “Ədalət sorağında”da İsgəndər, “Xəmsə”də Fərhad obrazıları maraqla qarşılanmışdır. Aktyor həmçinin bu teatrın səhnəsində yaradıcılıq imkanlarını quruluşçu rejissor kimi də sınayaraq bir neçə səhnə əsərlərini səhnəyə qoymağa müvəffəq olmuşdur.

Bu gün Əlican Əzizov Azərbaycanfilmin istehsalı olan “Süd dişinin ağrısı” (1987), “Dairə” (1989), “Şahid qız” (1990), “Aşiqlər” (2008), “Cavad xan” (2009), “Fədakar”  (2015) filmlərində də maraqlı obrazları ilə yaddaşlarda yaşayır.

Respublikanın Əməkdar artisti Əlican Əzizov 09 fevral 2021-ci ildə 68 yaşında Türkiyə Cümhuriyyətinin Bursa şəhərində vəfat edərək Hamitlər qəbirstanlığında dəfn olunub.

Onun haqqında qələmə aldığım xatirələri isə özünün də hər zaman sevə-sevə ifa etdiyi misralarala bitirmək istəyirəm.

Birdə görürsən ki,ılan solur,

Düşünən bir beyin bir torpaq olur,

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

  

Anar Burcəliyev,

Teatrşünas-tənqidçi.

   

   

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.