O, MİLLİ SALNAMƏMİZ, DÖVLƏTÇİLYİMİZİN RƏMZİDİR

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndər Heydər Əliyevin də ömür yolu, əslində, Azərbaycanın bir qərinəlik tarixidir. O tarix ki, uzun illər boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir.
Heydər Əliyev həmişə öz xalqını dərin məhəbbətlə sevmiş, sovet dövründə, və müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. O bütün həyatını Azərbaycan xalqına həsr etmiş, dövlətimizə ləyaqətlə xidmət etmişdir.
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb.
Ümummilli liderin Siyasi Əmanəti, xalqımızın böyük məhəbbətlə dəstəklədiyi və sevdiyi Prezident İlham Əliyevin Heydər Əliyev barədə xatirələrində bəzi məqamlar dahi şəxsiyyətin parlaq obrazını tam möhtəşəmliklə əks etdirir. “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.
Ulu öndərin ailəsində yetişmiş möhtəşəm insan, xalqımızın fəxr və qüruru ünvanı olan Birinci Vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev haqqında danışarkən Onun heyrətamiz dahi şəxsiyyət olmasına heyranlığını gizlədə bilmir: “Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi…”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələri də dahi şəxsiyyətin dərin mənəvi-milli keyfiyyətlərinə işıq saçır: “Məndən ötrü o, təkcə baba deyil, həm də dost, məsləhətçi, arxamda dağ kimi dayanan bir qüvvə idi. Elə bir problem yox idi ki, Heydər Əliyev onu həll edə bilməsin. Ətrafımdakı bütün insanlar kimi mən də hələ uşaq yaşlarımdan onun gücünü hiss edir, hiss edirdim ki, bu, nə isə qeyri-adi, kosmik qüvvədir”.
O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşibdir. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.