“Nizamini oxuyaq” kitab-albomu və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) və Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirildi.

Beynəlxalq Nizami Gəncəvi Festivalı çərçivəsində Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkil etdiyi tədbirdə əvvəlcə qonaqlar Muğam Mərkəzinin foyesində “Nizami əlyazmaları dünya kitabxanalarında” adlı sərgi ilə tanış oldular.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Prezidentinin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışdı. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir dedi: “Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra Türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, necə hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır”.

“Nizami ili” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən söz açan nazir əlamətdar ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalının təşkil edildiyini bildirdi: “Noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür. Cənab Düsen Kaseinovun rəhbərliyi ilə təşkilat Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd edilməsi və təbliğində yaxından iştirak edir”.

Milli Kitabxananın “Nizami ili” çərçivəsində reallaşdırdığı layihələrdən də söz açan nazir bu günlərdə Prezident İlham Əliyev tərəfindən kitabxananın direktoru, professor Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladığını bildirdi. Anar Kərimov həm dövlət təltifi, həm də 70 illik yubileyi ilə münasibətilə Kərim Tahirova təbriklərini çatdırdı.

Nazir daha sonra kitab-albomun və biblioqrafiyanın  nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.