Nizami Seyidəliyev respublikada yeganə pambıqçılıq üzrə elmlər doktoru, professordur. Bu gün onun tövsiyələrinə, biliyinə və təcrübəsinə böyük ehtiyac var. Vaxtaşırı fermələrin yanında olan, pambıq əkilən rayonları qarış-qarış gəzən alim pambığın səmərəsini yaxşı anlayır və olkədə məhsuldarlığın daha yüksək olması üçün araşdırmalar aparır, təhlillər edir. Əldə etdiklərini isə daim bu sahə ilə məşğul olanlarla bölüşür. Strateji əhəmiyyət kəsb edən bu bitkinin səmərəsi, mövcud durum və aqrotexniki şərtlər barədə müsahibəni təqdim etməklə torpaq mükiyyətçilərinin diqqətini bir daha bu sahəyə cəlb etmək istəyirik.
-Nizami müəllim, pambığın strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi olduğu danılmazdır. Bu məhsulun hər zaman alıcısı var. Pambıqçı alim olaraq sizdən soruşmaq istəyirəm, regionlarda pambıqçılığın vəziyyəti nə yerdədir?
-Bəli pambıq strateji əhəmiyyətə malik olan bir bitkidir. Bu quymətli bitkinin məhsuldarlığının artırılması üçün dövlət tərəfindən çox şaxəli tədbirlər həyata keçirilir. Bu il pambıq istehsalı üçün əlverişliil hesab olunur. Ötən illə müqayisədə bu il pambıq 32 min hektar az əkilib. Yəni 2018-ci ildə 132 min hektar sahədə pambıq əkilmişdirsə, 2019-cu ildə 100,1 min hektar sahədə pambıq əkilmişdir. Buna baxmayaraq vahid sahədən daha çox məhsul istehsal edilməsi planlaşdırılmışdır. 2018-ci ildə respublika üzrə hər hektardan orta hesabla 17,1 sentner məhsul götürülmüşdürsə, bu il hər hektardan orta hesabla 25 sentnetr məhsul götürülməsi planlaşdırılır ki, buda respublika üzrə 250 min ton xam pambıq məhsulu deməkdir. Regionlarda əvvəlki illərlə müqayisədə pambıqçılığa diqqət daha çox artırılıb. Pambıq əkilən rayonlarda xüsusəndə Mil, Qarabağ və Şirvan zonalarında bol məhsul yetişdirilib. Mənə elə gəlir ki, qarşiya qoyulan hədəfə nail olunacaq. Çünki pambıqçılıq sahəsində inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyaları (Cin, Türkiyə və Pakistan) artıq Respublikamızın regionlarında tətbiq edilməkdədir.
-Respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələr kimi pambıqçılıq da unudulmuşdu. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra pambıqçılıqda da canlanma yarandı. Nizami müəllim, bir alim olaraq durum size qane edirmi? Bu sahənin elmi inkişafı üçün kadr potensialı nə vəziyyətdədir?
– 17 sentyabr 2016-cı ildə Sabirabad, 2017-ci ildə Saatlı və 2018-ci ildə Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə demişdir: “Ulu öndər Heydər Əliyev pambıqçılığın inkişafına həmişə böyük önəm vermişdir. Təsadüfi deyil ki, bir vaxtlar Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. Pambıqçılıq strateji əhəmiyyətli, əmək tutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünyada böyük ehtiyac var. Pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Son illərdə pambığın əkin sahəsi və onun məhsuldarlığı nəzərə çarpacaq dərəcədə armışdır. Belə ki. 2010-cu ildə 30,2 min hektar pambıq sahəsindən 38,2 min ton xam pambıq yığılmışdırsa bu göstəricilər 2015-ci ildə 18,7 min hektardan 35 min ton xam pambıq, 2016- cı ildə 51 min hektar sahədən 82,2 min ton xam pambıq, 2017-ci ildə 136 min hektar sahədən 207,5 min ton xam pambıq, 2018-ci ildə 132 min hektar sahədən 230 min ton xam pambıq yığılmışdır. 2019-cu ildə pambıq əkini sahəsi xeyli azaldılmış və 100,1 min hektar sahədən isə 250 min ton pambıq məhsulunun yığılması proqnozlaşdırılmışdır.
-Pambıqçılığın daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılması deməkdir. Bu da yeni iş yerlərinin açılmasıdır. Bu barədə nə deyərdiniz?
-Ölkəmizin sosial və iqtisadi inkişafında pambıqçılıq xüsusi əhəmiyyət kəsb edir. Elmin və qabaqcıl təcrübənin nailiyyətlərini pambıqçılıqda tətbiq etməklə xam pambığın məhsuldarlığını daha da artırmaq olar. Məhsulun artması ilə yanaşı, onun keyfiyyətinin yaxşılaşdırılmasına, tezyetişən sortların əkilməsinə, məhsulun optimal müddətdə yığılmasına, yeni texnologiyaların tətbiqinə və sair tədbirlərə geniş yer verilməlidir. Məlumdur ki, bu rayonlarda yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin yüksəldilməsi təkcə sosial və iqtisadi məsələ deyil, həm də siyasi, hərbi əhəmiyyət kəsb edən məsələdir. Bütün bunlar problemin tədqiqini və onun həlli istiqamətində elmi cəhətdən əsaslanırılmış təklif və tövsiyyələr verilməsini obyektiv zərurətə çevirir. Bu qiymətli bitkinin mahlıcından paltar üçün parça toxunmasından əlavə sap, kəndir, kənaf, balıq tutmaq üçün əşyalar, rezin şlanqlar üçün xüsusi toxumalar, süni ipək, partlayıcı maddələr, sellüloid, foto və kino lentləri, laklar, yüksək növ kağızlar və bir sıra digər məmulatlar hazırlanır.
Pambığın toxumu (çiyid) çox qiymətli xammaldır. Toxumun bir hissəsi səpin materialı kimi, əksər hissəsi isə müxtəlif məmulat almaq üçün işlənir. Toxumdan əsasən yağ alınır. Pambıq bitkisinin sortlarından və eləcə də onların becərilmə texnologiyasından asılı olaraq toxumun tərkibində 18-20% və daha artıq yağ ola bilər. Yağın tərkibində bir çox zülallar və boyalar mövcuddur. Əlavə olaraq onlarda çoxlu vitaminlər, boy stimulyatorları tapılmışdır. Pambığın yarpaq və gövdəsi preslənib istehsal olunarsa, o taxta kəpəyi və taxta yonqularından hazırlanmış piltəni əvəz edə bilər.Belə qiymətli bitkinin tullantılarından detoliant və desikantlar əldə edilir.
-Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” nda qarşıya bir çox vəzifələr qoyulub. Bu proqram həm də pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi deməkdir. Sizcə bu məsələlərin öhdəsindən gəlmək, pambıq istehsalını lazımi səviyyəyə qaldırmaq mümkün olacaqmı?
-Dövlət başçısının 2017-ci il iyulun 13-də təsdiqlədiyi “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır. Lakin pambıqçılığı daha da inkişaf etdirmək üçün mövcud problemlər həllini tapmalıdır. Pambıqçılıq sahəsində ixtisaslı kadr hazırlığı təmin olunmalı, tezyetişən, rayonlaşdırılmış toxum fondu yaradılmalı, müasir suvarma texnologiyaları tətbiq edilməli, mexanikləşdirmə genişləndirilərək əl əməyi məhdudlaşdırılmalı, pambığın becərilməsi üçün lazım olan pestisid və digər zəhərli dərmanların sınaq-analizi üçün müasir laboratoriyalar yaradılmalıdır. Artıq qeyd olunan məsələlər öz həllini tapmaqdadır.
-Keyfiyyətli məhsul, keyfiyyətli əkindən, toxumdan və səpindən başlayır. Hazırda hansı toxum növlərindən istifadə edilir və bu özünü doğruldurmu?
-İl ərzində nəzərdə tutulmuş aqrotexniki təqvim planına düzgün əməl edilməlidir. Pambığın məhsuldarlığı və lifin keyfiyyəti sortun bioloji və morfoloji xüsusiyyətlərindən asılı olmaqla, suvarma sxemindən və sahəyə verilən gübrə normasının düzgün və vaxtında tətbiqindən, bitkilərin sahədə düzgün yerləşdirilməsindən, suvarmaların vaxtında tətbiqindən və s becərmələrin optimal müddətdə yerinə yetirilməsindən asılıdır.
Hər bir pambıq sortu bioloji və morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Yəni hər hansı bir torpaq iqlim şəraitində sortlar eyni potensial imkana malik olmurlar. Tətbiq olunan aqrotexniki tədbirlərin hər biri sortların struktur göstəricilərinə və genetik xüsusiyyətlərinə müxtəlif formada təsir edir.
Pambıq becərən torpaq mülkiyyətçiləri və fermerlər üçün sınaqdan keçirilmiş yeni sortların əkilməsi vacibdir. Hər hansı bir məhsuldar sort uzun müddət bir sahədə əkildikdə o öz genetik imkanlarını sabit saxlaya bilmir. Sonra da məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür.
Aqrar sahə işçiləri sortları seçərkən əvvəlcədən onun həmin ərazidə sınaqdan keçirilməsini və ona tələb olan aqrotexnikanı bilməlidir (budaqlanma tipi, yarpağın forması, səthi və s.).
Respublikamızda pambıq əkini üçün xaricdən gətirilmiş lifsiz toxumlardan və yerli pambıq sortlarının lifli toxumlarından istifadə olunur.
Normal aqrotexniki şəraitdə hər iki toxum forması özünü doğruldur. Lakin xaricdən gətirilən toxumun 1 kilioramının qiyməti 5 manat 50 qəpikdirsə, yerli toxumun 1 kiloqramının qiyməti 50-70 qəpik arasındadır.
-Professor, təbii ki, əkin və səpinlə iş bitmir. Aqrotexniki qulluq və becərmənin intensivliyi də vacib şərtdir. Bu günün fermeri deyilən tələbləri yerinə yetirməyə qadirdirmi və ya Aqrar Universitet olaraq biz onlara nə kimi xidmətlər göstəririk?
-Cari ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış cədvəl əsasında biz vaxtaşırı olaraq pambığın müxtəlif inkişaf fazalarında bütün pambıq əkən rayonlarda olaraq torpaq mülkiyyətçilərinə və fermerlərə lazımi məsləhətlər vermişik. Pambıqçı fermerlər üçün hazırladığım tövsiyəni və pambıqçılığa dair digər vəsaitləri də yerlərdə pambıqçılara təqdim etmişik.Universitetdə yaradılmış aqrar məsləhət xidmətinin əlaqə telefonunuda onların hər birinə vermişik ki, onlarda istənilən vaxt hər hansı bir məsələ ilə əlaqədar müraciət edirlər. Problem ondadır ki, əkin sahələrinin əkəriyyəti 2-3 hektardan ibarət olduğu üçün mütəxəssis biliyindən və texnikadan istifadə bir qədər çətinləşir. Həmin sahələrdə növbəli əkin sistemini tətbiq edə bilmədikləri üçün məhsuldarlıq bir qədər aşağı düşür.
-Artıq Ucarda Çin texnologiyası ilə becərilən pambığın yığımına başlanılıb. Alim və mütəxəssis olaraq bu texnologiya barədə fikirləriniz maraqlı olardı.
-Ucar rayonunda 10 hektar sahədə Çin texnologiyası ilə pambıq əkilib. Biz səpindən başlamış məhsul yığımınadək orada həyata keçirilən aqrotexniki tədbirlərlə yaxından tanış olmuşuq.12 oktyabr 2019-cu il tarixində Kənd Təsərrüfatı naziri İnam Kərimovun və nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin, pambıqçılıq rayonlarının DAİM-lərinin rəhbərlərinin iştirakı ilə maşınla pambıq yığımı həyata keçirildi. Məhsuldarlıq yüksəkdir və mütəxəssislər tərəfindən bəyənildi. İlkin proqnozlara görə hektardan 70-80 sentner məhsul götürüləcəkdir. Burada hər hektar məhsulun maya dəyəri 2400 manatdır. Yerli texnologiyada isə bir hektara xərclənilən vəsait 800-1000 manat arasında dəyişir. Çin texnologiyasının üstün cəhətləri çoxdur. Lakin həmin texnologiya nisbətən yüngül torpaqlarda yaxşı nəticə verə bilər. Ağır torpaqlarda iqtisadi cəhətdən o qədərdə əlverişli hesab olunmur.
-Az əvvəl adını çəkdiyimiz Dövlət Proqramında xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur. Bu nəticəni əldə etmək üçün nələri diqqətdə saxlamaq, hansı əkin materialından istifadə etmək, aqrotexniki qulluğu necə tətbiq etmək lazımdır?
-500 min ton pambıq istehsal etmək üçün ilk növbədəxırda təsərrüfat formaları kooperasiyalar şəkilində birləşdirilməlidir. Əgər Respublikada pambığın əkin sahəsini 150 min hektara və hektardan orta məhsuldarlıq 34 sentnerə çatdırılsa bu ildə 500 min ton pambıq istehsalı deməkdir. Bunada yaxın gələcəkdə nail olmaq mümkündür.Torpaqlar vaxtaşırı olaraq aqrokimyəvi analiz olunmalıdır. Pambıq əkilən rayonların əksəriyyətində qrunt suları yer səthinə çox yaxındır və həmin torpaqların əksəriyyəti şorakətliyə meyllidir. Ona görə də həmin ərazilərdəki dren kanallar yenidən bərpa olunmalı və lazımi meliorasiya tədbirləri həyata keçirilməlidir. Mütəxəssis gücündən maksimum istifadə olunmalıdır. Artıq Aqrar Universitetdə aqronomluq ixtisasının tələbələrndən seçilərək onlar üçün əlavə dərslər keçirilir və pambıqçı mütəxəssislər hazırlanır. Yüksək məhsul əldə etməkdən üçün yalnız həmin ərazilər üçün sınaqdan keçirilmiş sortlar əkilməli və pambıq üçün nəzərdə tutulmuş bütün aqrotexniki tədbirlərə optimal müddətdə əməl etmək lazımdır.
-Sonda alim olaraq bu sahə ilə məşğul olan fermerlərə nə demək istərdiniz?
-Şəxsən mən fermerlərə sıx əlaqədə oluram. Məsləhətim budur ki, torpaqdan səmərəli istifadə etsinlər. Rayonlaşmış məhsuldar sortların toxumlarını əldə etsinlər. Bütün rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə təcrübəli aqronomlar fəaliyyət göstərir. Onların bilik və bacarıqlarından istifadə etsinlər. Biz alimlərlə sıx əlaqə saxlamalıdırlar.Pambıq üçün nəzərdə tutulmuş bütün aqrotexniki təqvim planına (payız şumundan məhsul yığılanadək) vaxtında əməl etsinlər. Növbəli əkin sisteminə əməl etsinlər və eyni sahəyə ardıcıl olaraq həmişə pambıq əkməsinlər.
Müsahibəni hazırladı:
Qalib Rəhimli, ADAU.