Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğində misilsiz xidmətləri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd etməyə hazırlaşır.
Nizami Muzeyindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın mənəvi sərvətlərinin qorunması və yeni nəsillərə çatdırılması üçün on illər boyu fədakar əmək sərf etmiş qocaman muzeyin yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə noyabr ayında qeyd ediləcək. Bu münasibətlə muzeydə hazırlıq işləri davam edir. Mövcud ekspozisiyalar yenilənir, ayrı-ayrı zalların dizaynında dəyişikliklər edilir, eksponatların sırası yeni rəsm əsərləri və heykəltəraşlıq nümunələri ilə zənginləşdirilir.
Qarşıdan gələn yubiley münasibətilə muzeyin yeni plakatı buraxılıb. Akademik Rafael Hüseynov, respublikanın Əməkdar rəssamı Stanislav Şatikov və rəssam Kəbirə Həşimovanın müəllifi olduqları plakat bir növ muzeyin 80 ildə keçdiyi yolun aynasıdır.
Nizami Muzeyi 1940-cı illərin əvvəllərində qurulub tamamlansa da, Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə əlaqədar qapılarını tamaşaçı üzünə yalnız 1945-ci ilin mayında – faşizm üzərində Qələbə çalınandan sonra açıb. 1940-cı illərdə – muzeyin binası görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi ilə yenidən qurulduğu dövrdə bu memarlıq incisinin zahiri görkəminə yaraşıq verəcək başqa bir işin də təməli qoyulub. Muzeyin ilk direktorlarından olmuş rəssam İsmayıl Axundovun qardaşı Cavad Axundov uzun illər Nizami Muzeyinin fotoqrafı işləyərək, ədəbiyyatımızın bir neçə on ilinin fotosalnaməsini yaradıb. Muzeyə çox bağlı olan bu insan hər yeni övladı dünyaya gələndə muzeyin indi Fəvvarələr meydanına baxan hissəsində təzə qovaq ağacı əkib. Fotoqraf Cavad Axundovun 10 övladını nəzərdə tutaraq əkdiyi bu qovaqların boyu indi muzeydən də ucaya qalxaraq binanın eyvanındakı 6 şair heykəli ilə birlikdə Nizami evinin rəmzinə çevrilib.
Nizami Muzeyinin 80 illik yubileyinə həsr olunmuş plakatı bu elm və mədəniyyət ocağının ötən dövrdə keçdiyi yolu əks etdirən nadir tarixi şəkillər, muzeyin həmyaşıdı olan 10 qovağı müxtəlif baxış bucaqlarından əks etdirən fotolar bəzəyir. Plakatda beynəlxalq müsabiqələr laureatı Rizvan Sədixanovun musiqi bəstələdiyi, muzeyə və onunla həmyaşıd qovaqlara həsr edilən yeni mahnıdan bəndlər də yer alıb:
Muzeylə yaşıd qovaq
Böyüdü yarpaq-yarpaq.
Bir-birindən güc aldı,
O da, bu da ucaldı.
İllər onillər oldu,
Nə o, nə bu, qocaldı.
Kütləvi tirajla buraxılmış “Nizami Muzeyi – yaddaş körpüsü” adlı yeni plakat Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyinə uğurlu töhfələrindən sayıla bilər.