Gəncə şəhər Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Dram Teatrı Nizami ili çərçivəsində daha bir layihəyə imza atıb. Dahi Azərbaycan şairi və böyük mütəfəkkir Nizami Gəncəvinin qəzəlləri əsasında hazırlanan “Nizami Gəncəvinin poeziya işığında” kompozisiyasında şairin qəzəlləri səsləndirilmiş, ölməz eşq dastanlarına nəzər yetirilmişdir. Nizaminin bütün qəzəlləri başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur. Şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşanılmış hiss və duyğuların ifadəsidir. Bu ifadələri isə teatrın kolletivi peşəkarlıqla tamaşaçılara çatdıra bilib. Elman Mirzəyevin rəhbərliyi ilə Gəncə Humanitar Kollecin “Qədim Musiqi Alətləri” ansamblının ifası kompozisiyaya daha da rəng qatıb. Tamaşa Gəncə Dövlət Dram Teatrının açıq səma altında olan ikinci səhnəsində (keçmiş Gəncə Dövlət Nizami Poeziya Teatrı) gerçəkləşib.
Qeyd edək ki, layihə Gəncə Dövlət Dram Tetarı tərəfindən “Nizami Ili” çərçivəsində hazırlanan sayca ikincidir. Kompozisiyanın bədii rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorlar Elşad Əhmədov və Yusif Cəfərovdur. Əsas rollarda Respublikanın Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Sevda Orucova, Novruz Cəfərov, Rahilə Məmədova, Zəminə Cəfərova və digərləri iştirak edib. Nizami Gəncəvi obrazını isə Əməkdar artist Elxan Yunis canlandırıb./YAZTV/