Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq
“Nizami Gəncəvi ili”; “Zəngin tarixi-mədəni irsimizin təbliğinə böyük töhfə” mövzusunda videokonfrans
Yanvarın 13-də Zərdab və Xaçmaz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”; Zəngin tarixi-mədəni irsimizin təbliğinə böyük töhfə” mövzusunda ZOOM proqramı vasitəsilə videokonfrans keçirildi.
Videokonfransda Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndorova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacıyeva, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədova, Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, eləcə də Xaçmaz və Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdilər.
Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Könül xanım bildirib ki, Ümummilli lider Heydər Əliyev 1979-cu ildə Nizami irsinin təbliği və təşviqi ilə bağlı qərar imzalayıb.
Bu qərar Nizami yaradıcılığının araşdırılmasında dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam da bu sahədə önəmli addım olub. 2021-ci ilin ölkədə “Nizami Gəncəvi İli” elan edilməsi isə Nizami irsinin daha dərindən araşdırılmasında xüsusi rol oynayacaq.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova videokonfrans iştirakçılarını salamladıqdan sonra, çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami İli” elan olunmasının böyük mənası var: “Biz böyük bir sınaqdan çıxdıq. Dağlıq Qarabağı işğaldan azad etdik. Dünyaya sübut etdik ki, mədəni şəkildə müharibə aparmağı bacarırıq. Bu o demək idi ki, biz dərin mədəni köklərimiz, adət-ənənəmiz, insani dəyərlərimiz olan bir xalq olduğumuzu dünyaya nümayiş etdirdik”. Könül xanımın sözlərinə görə, bundan sonra artıq ölkədə ikinci bir mərhələ – dirçəliş, quruculuq mərhələsi başlayır. Bu mərhələləri müvəffəqiyyətlə aparmaq üçün biz mütləq yaddaşa qayıtmalıyıq: “Prezident bütün dünyaya mesaj edir ki, mənəvi dəyərlər, insanın kamilliyi Azərbaycan insanı üçün prioritet istiqamətlərdəndir. Kamil olmaq üçün mütləq Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri oxumaq, onlardan öyrənmək lazımdır. Çünki Nizaminin özü bir tarixdir. Biz Nizami Gəncəvini təkcə bir klassik kimi öyrənmirik, onun yaradıcılığından tariximizi, mədəniyyətimizi, etnoqrafiyamızı, məişətimizi öyrənirik. Bunların hamısı o deməkdir ki, biz Nizami Gəncəvi vasitəsilə dünyaya “Görün, 880 il bundan qabaq bizim necə bir düşüncə sahibimiz olub və dünyaya çıxa bilib” deyə mesaj edirik”.
Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova çıxışında Ulu öndərin bir ibrətamiz fikrini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz… Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz… Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova çıxışında qeyd edib ki, ölkə başçısının sərəncamı Azərbaycanın mədəniyyətin beşiyi olduğunu dünyaya göstərən sənəddir: “Gəncə şəhəri mədəniyyətin beşiyi olub – orda Nizami kimi dahi doğulub. Hətta bədxah qonşularımız Nizamiyə də daş atmaq, onu özününküləşdirmək istəyirlər. Ona görə də keçmişi, bu günü olan bir xalqın gələcəyə doğru gedən yolunu aydın görmək üçün Nizami kimi dahi insanlara söykənməli, onları tədqiq edib öyrənməliyik. Bu mənada Prezidentin sərəncamı dünyaya təqdimatımız üçün mühüm rol oynayan sənəddir”.
Videokonfransda Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacıyeva, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev çıxış edərək Sərəncamın dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyi vurğuladılar.
Videokonfransda qeyd olunub ki, 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.