Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Ülfət Məmmədova tədbiri açaraq, fənn gecələrinin keçirilməsi tədrisin keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, belə tədbirlərin proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə həvəsini artırır, dünyagörüşünü genişləndirir, elmi məlumatlarını zənginləşdirir. Ülfət Məmmədova tədbirin şagirdlərin fizika fənninə marağını daha da artıracağına əminliyini vurğulayıb. Şagirdlər tanınmış fiziklərin həyatından, kəşflərindən, bu sahədə əldə etdiyi uğurlardan danışıb, fizikaya aid təcrübələr aparıb, səhnəciklər nümayiş etdiriblər.
Milli geyimdə səhnəyə çıxan şagirdlərin “Nəlbəki”, “Sarı gəlin” rəqsi fizikanın gözəllik elmi olduğununa işarə olub. Şagirdlər “Çay süfrəsində fizika” səhnəciyi ilə fizikanın təbiətdəki rolunu, həyatımızın ümumilikdə fizikadan ibarət olduğunu tamaşaçılara çatdıra biliblər.
Lalə müəllimin milli kinolarımızdan hazırladığı videoşarx fizika elminin əhəmiyyətini, vacibliyini bir daha təsdiq edib. “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Ögey ana”, “Romeo mənim qonşumdur”, “Sehrli xalat”, “Şərikli çörək”, “Bir qalanın sirri” filmlərindən seçilən fraqmentlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub, fizika fənninin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edib. Tədbir iştirakçıları hətta dəfələrlə izləməyimizə baxmayaraq o səhnələrin fizika ilə bağlı olduğuna diqqət yetirmədiklərini bildiriblər.