“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Müasir dövrdə cəmiyyətimizi narahat edən ciddi problemlər içərisində ən mürəkkəbi, narkomaniyadır. Bu səbəbdən, narkomaniya ilə mübarizə ciddi şəkil almazsa, bu, istənilən ölkədə ictimai fəlakətə səbəb ola bilər. Ən acınacaqlı hallardan biridir ki, gənclər və yeniyetmələr arasında da narkotiklərə aludəçilik hallarının geniş yayılması təhlükəsi həmişə öz mövcudluğunu qoruyub saxlamaqdadır. Ölkəmizdə bu sahədə maarifləndirmə işi böyük vüsət almışdır. Narkotiklərə qarşı mübarizədə dövlət orqanları ilə  birgə mübarizə aparmaqla, narkomaniyanın kütləvi hal almasının qarşısı alınır. Bu istiqamətdə maarifləndirmə işi ölkəmizin bütün regionlarında aparılır. Bu səbəbdən böyüməkdə olan gənc nəsil arasında narkomaniya ilə mübarizə işinə yeni münasibət yaranmış və formalaşmışdır. Respublikamızda bu problemin həlli ümumdövlət vəzifəsi hesab edilir. Bu sahədə müxtəlif istiqamətli işlər aparılır, aidiyyati dövlət orqanları arasında qarşılıqlı əlaqələr təşkil edilir və bu işə nəzarət mexanizmi yüksək səviyyədə həyata keçirilir.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində gəncləri bu cür neqativ hallardan uzaq tutmaq üçün təhsil ocaqlarında maarifləndirmə işinin aparılması və təşkili, eləcə də cəmiyyətin hər bir üzvünün-pedaqoqların, valideynlərin də bu işdə fəal iştirakı  vacibdir. Gəncə şəhərinin hüquq – mühafizə işçilərinin bu sahədə atdıqları əməli addımlar həqiqətən də təqdirə layiqdir. Onlar tez-tez təhsil ocaqlarında olur, müəllim və şagirdlərlə görüşlər keçirir, bu sahə ilə bağlı söhbətlər aparırlar.

Belə görüşlərin biri Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə  baş tutmuş və “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət olub.

Tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Təhsil İdarəsinin nümayəndələri, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.