Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 38s nömrəli sərəncamının icrası məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə aprelin 24-də Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılıb. Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi olub.
Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan Nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etdiyindən böyük şərəf duyduğunu söylədi.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri cənab Əhməd Akif Oktay da iştirak etmişdir.
Tədbirin bədii hissəsində “Nəsimi” tammetrajlı bədii filmindən fraqmentlər göstərildi, türkiyəli və Azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirləri və şeirlərinə yazılmış musiqilər ifa olundu.
Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri prof. Vilayət Quliyev yekun sözü olaraq bütün iştirakçılara və xüsusilə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinə, Türkiyənin Macarıstandakı səfirliyinə, Yunus Əmrə İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.