NƏ VAXTA KİMİ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXA BİLMƏYƏCƏYİK ???
GƏNCƏ ÇAYININ SOL SAHİLDƏKİ RESPUBLİKANIN XALQ ARTİSTİ, TEATR VƏ KİNO AKTYORU, REJİSSOR MƏHƏMMƏD İSMAYIL OĞLU BURCƏLİYEVİN ADINI DAŞIYAN KÜÇƏ VƏ BURADA YERLƏŞƏN KİÇİK SAHİL PARKI BAXIMSIZ VƏZİYYƏTDƏDİR !!!
İki qəbir, fərqli talelər, eyni məkan. Şair-dramaturq Abbas Səhhət, rus polkovniki Leonid Vasileviç İvanov, Gəncə çayının sol sahilindəki Sahil parkı və xalq artisti, qocaman teatr və kino aktyoru, rejissor, 80 illik ömrünün 65 ilini Azərbaycan mədəniyyətinin inkişafına xüsusi ilə bu ömrün 60 ilini isə Gəncə mədəni həyatının inkişafına həsr etmiş Məhəmməd İsmayıl oğlu Burcəliyevin adını daşıyan gözdən, könüldən kənarda qalan bir küçə. Baxımsızlıqdan nə sakinlər üz tutur bu parka, nə də burada uyuyan tarixi şəxsiyyətlərimizin ruhları şad olur.
Böyük mütəfəkkir, şair Abbas Səhhət yaşadığı dövrdə xalqını, vətənini sevən bir şəxs olaraq bu gün də yaddaşlarda yaşayır. Şamaxı şəhərində 1874-cü ildə anadan olan Abbas Səhhət 11 iyul 1918-ci ildə 44 yaşında Vəba mübtəlasından Gəncə şəhərində vəfat edib. Baxımsız və dağılmaq üzrə olan məzarını gördükdə şairin vəfat edərək dəfn edildiyi şəhərdə ruhunun şad olduğunu demək bu gün çox çətindir. Vəba xəstəliyindən dünyasını dəyişən şair səbiskar qəbirstanlığında dəfn olunsa da 1947-ci ildə Gəncə çayının sol sahilindəki bu kiçik Sahil bağına köçürülüb və qəbrüstü abidəsi də ucaldılıb.
Abbas Səhhətin məzarından təxminən 100 metr aralıda isə rus təyyarəçinin də qəbrüstü abidəsi var. Qəbirin üzərində yazıldığı kimi rus polkovniki Leonid Vasilyeviç İvanov burada dəfn olunub. Həmin şəxs 1905-ci ildə doğulub və 1950-ci ildə Gəncə vəfat edib. Gəncədə aviasiya sisteminin formalaşmasında, o dövrdə müharibə üçün lazım olan avadanlıqların hazırlanmasında bu şəxsin böyük rolu, xidmətləri olub.
Təxminən 100 ilə yaxın yaşı və 1 ha yaxın ərazisi olan park uzun müddət şəhər sakinlərin sevimli istirahət guşəsi olub. Elə parka gələnlər də həm istirahət edib, həm də tarixi şəxsiyyətlərimiz ilə bağlı məlumatları daha dərindən öyrənib. Təəssüflər olsun ki, indi nə Gəncə çayının sahilində dincələn, nə də baxımsız vəziyyətə düşən qəbrlərin taleyi ilə maraqlanan var. Gəncə çayının sol sahilində yerləşən bu park illərdir ki, baxımsızdır. Bu baxımsızlığı sübüt edən amillərdən biri də parka tökülən məişət tullantıları ilə yanaşı, prakdakı illərin ağaclarının qurumasıdır.
Nə tarixi irsin qorunması, nə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili nöqteyi nəzərindən yaranan vəziyyət ürəkaçan deyil. Gəncənin demək olar ki, mərkəzi hissəsində yerləşən parkın aqibəti narahatlıq doğurmaya bilməz.
Anar Burcəliyev,
Teatrşünas – tənqidçi