Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub. Layihədə cari ilin noyabrın 6-dan start verilən ekskursiyalarda dekabrın 26-dək ümumilikdə 14 000 məktəbli iştirak edib.
Ekskursiyalarda ölkənin 42 rayonundan məktəblilər iştirak edib. Bu uşaqlar şəhid və Qarabağ müharibəsi veteranlarının övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internat məktəblərinin şagirdləridir.
Layihə çərçivəsində təşkil olunan bir günlük ekskursiyalarda Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri iştirak edib.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, məktəbin təhsil məkanında muzey hərəkatının inkişafına töhfə vermək, ölkənin tarixi-mədəni irsi, milli mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaq və gəncləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarət olmuşdur.
İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunub.