Müstəqilliyimizin, varlığımızın əbədiyyət sancağı

Bu Dövlət və Bayraq Gənclərə əmanətdir!
                                  Ulu öndər Heydər Əliyev
Bizim bayrağımız canımızdır, ürəyimizdir!
                                        Prezident İlham Əliyev
… Hər bir xalqın dövlət rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricilərindən biridir. Bayraq dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyarıdır. Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağı xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
… Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayının 28-dək dövlət statusuna malik olub. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin iz buraxdı.
… 1990-cı il iyulun 22-də Ulu öndər Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə dövlətçiliyimizin rəmzi olan Bayrağımız qəbul edildi, yüksəklərə ucaldıldı.
…. Ulu öndər Heydər Əliyev üçrəngli bayrağımızı yaşatmaq amalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmasına və Ali Sovetin 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etməsi ilə nəticələndi. Beləliklə, bu hüquqi aktla milli bayrağımız Azərbaycan üzərində dalğalanmağa başladı.
… 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.
… Prezident İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən başlıca amillərdir.
… 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı Xəzərin sahilində Dövlət Bayrağı Meydanının açılışı Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən möhtəşəm nümunəsidir.
… Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzladığı sərəncama əsasən, hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.
… Bizim Bayrağımız tariximizin şanlı səhifəmizdir, qürur mənbəyimizdir. Biz dərin inamla Bayrağımızın Qarabağda, Şuşa və Xankəndində dalğalanacağına inanırıq.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.