Murovdağın şəhid balası – “Gəncə şəhidləri” silsiləsindən

Vətən! İki hecadan ibarət olan bu sözdə necə böyük kəramət, sevgi, doğmalıq var, İlahi. Və-tən, anaya tən, övlada tən, hətta cana tən. Bu tənlər deyilmi Vətən sözünü bu qədər uca tutan? Bu tənlər deyilmi uğurunda canını göz qırpmadan verməyi qəbul etdirən?
    Vətən hər birimizin and yeri, qibləgahımızdır. Onun üçün ona dil uzadanın dilini, əl uzadanın əlini kəsməyi qarşımızda məqsəd qoyuruq. Bu Vətən, bu torpaq kimləri yetirməyib ki? Kimlər bu yurdun gözəlliyindən ilham alıb xariqələr yaratmayıb? O cümlədən də, bu xalqın qəhrəmanları. Tarixi səhifələsək hər əsrin qəhrəmanlarını görərik. Ancaq mən 21-ci əsrin qəhrəmanlarından biri haqqında söz açmaq istəyirəm. 44 günlük haqq savaşımızda Şəhadət pilləsinə ucalan Şəhid Arazov Səyyar Güloğlan oğlu.
    1987-ci ilin iyul ayının 21-i Arazov Güloğlan və Arazova Rəsmiyyənin ilk övladları dünyaya gəldi. Ailənin sevincinin həddi-hüdudu yox idi. İlk övladın fərəhi bu gənc ailəni elə ağuşuna almışdı ki, dünyanın ən xoşbəxti hesab edirdilər özlərini. Məsləhətləşib bu körpənin adını Səyyar qoydular. Qoydular ki, adı kənd-kənd, şəhər-şəhər dolaşsın, ünü zirvələri fəth etsin. Kiçik Səyyar zaman axınında böyüyüb məktəb yaşına çatmışdı. 1994-cü ildə Gəncə Şəhər İnteqrasiya Təlimi İnternet Tipli Gimnaziya məktəbində təhsilə başladı. 2003-cü ildə məktəbi bitirdikdən sonra elə həmin il Gəncə Şəhər 77 sayı peşə məktəbinin “Bərabərlik” kursuna daxil olur. 2006-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşür. Naxçıvan MR Şahbuz rayonunda yerləşən “050” saylı hərbi hissədə “Berdeyem” vəzifəsində xidmətə başlayır. 2008-ci ildə Vətənə xidməti borcunu yerinə yetirib doğma evinə, sevdiklərinin yanına dönür. Elə həmin ilin yayında ailə həyatı qurur.
    “Sersam” şirkətinin armatur əritmə sexində Səyyar ilk gündən işçilər arasında özünə hörmət qazanmışdı. Öz işinə məsuliyyətlə yanaşması Səyyarın başını həmişə uca etmişdi. Artıq Səyyarın iki qız övladı da dünyaya gəlmişdir. Ailəsinin maddi vəziyyətini stabil saxlamaq üçün işinə daha həvəslə yanaşması gözdən qaçılan hal deyildi. Beləcə illər bir-birini əvəz edib 2020-ci ilin payızına çatdı.
   Tovuz hadisələrindən sonra Səyyar özünə yer tapa bilmirdi. Hər an düşməndən qisasını almaq üçün can atırdı. Nəhayət 2020-ci ilin payızın ilk günü, sentyabr ayının 22-i Səyyar könüllü olaraq hərbi komissarlığa gedərək qeydiyyatdan keçib təlimlərə qatıldı. Gəncə şəhər “N” saylı hərbi hissədə “Həmlə” qruppasında 5 gün təlimlərdə iştirak etdikdən sonra 27 sentyabr düşmənin növbəti təxribat xarakterli addımı nəticəsində başlanan əks-hücum əməliyyatına yola düşür. Murovdağ istiqamətində döyüşlərin ən qızğın getdiyi bir vaxtda, oktyabr ayının ilk ongünlüyündə qəhrəmancasına Şəhidlik məqamına ucalır. Murovdağ sanki onun uğrunda canından keçən övladını öz doğulub boya-başa çatdığı Gəncəyə aparılmasını istəmirdi. Şəhid balasını qoynuna basıb qar yorğanıya üstünü bərk-bərk örtür. Uzun sürən axtarışdan sonra, dekabr ayının 18-i Arazov Səyyarın nəşini qar qatının altından tapmaq mümkün olur. Dekabr ayının 19-u Şəhid Arazov Səyyar Güloğlan oğlu Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunur.
   Ruhun şad olsun, Şəhidim!
Yerin də göyün də xətri var onda,
Güllə yağışının çətri var onda,
İgid atasının ətri var onda,
Bizə əmanətdir Şəhid övladı.
Eltun Türkel

One Comment on “Murovdağın şəhid balası – “Gəncə şəhidləri” silsiləsindən”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.