“Mülki əhaliyə qarşı törədilmiş cinayətlər ermənilərin xislətindən xəbər verir”

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmə uğrunda həyata keçirdiyi Vətən müharibəsində yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun gücünü sübut etdi.
Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib. 27 sentyabrdan 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 300-ə yaxınraket atılıb. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. Lakin ən çox insan tələfatı Bərdədə-27, Gəncədə-26 və Tərtərdə-17 nəfər olub. Sentyabrın 27-dən oktyabrın 30-na Ermənistan tərəfindən atılan raket və mərmilər nəticəsində 91 mülki vətəndaş həyatını itirib, 396 nəfər xəsarət alıb, 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb.
Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə də ziyan dəyib. Onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı və 1-i istilik təchizatı obyekti olub.
Ziyan dəymiş dini obyektləri və abidələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, 17 dini obyekt zərər görüb- bura məscid, kilsə və qəbiristanlıqlar aiddir. Həmçinin, Gəncə, Tərtər və Ağdamda yerləşən 3 tarixi abidəyə də ziyan dəyib.
Mülki əhaliyə hücum etməklə Ermənistan həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını pozur. Bu konvensiyalar və əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salıb. Belə ki, ermənilərin Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olub. Bununla da, Ermənistan Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozdu.
Onu da qeyd edim ki, Ermənistan I Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. O vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib. Sənədləşdirilsə belə bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Bu gün isə durum fərqlidir. Ermənistan işğaldan sonra ərazilərə basdırılmış minaların xəritəsini belə təqdim etmir. Bu da Ermənistanın hərbi cinayətlərinin sayının artmasına, bu dövlətin mahiyyətinə yeni bir baxışın olmasına zərurət yaradır.
Beləliklə Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı.
 TürkanQasımova,
Şəmkir RİH “Bir Pəncərə” Xidmət Mərkəzinin könüllüsü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.