Orta təhsil ocaqlarında şagird-müəllim münasibətləri təlim-tərbiyənin inkişafında, tədrisin səmərəliyinin artırılmasında böyük önəm daşıyır. Bu münasibətlərin düzgün qurulması pedaqoji işin keyfiyyətinin səviyyəsini daha da artırır, məktəbdə görülən bütün işlərin uğurla həyata keçirilməsinə zəmin yaradır.
Şagird-müəllim münasibətinin düzgün təşkili, ünsiyyət qurmaq bacarığının yarana biləcək problemlərin həllində rolu və bu kimi suallara Gəncə Dövlət Universitetinin baş müəllimi Alvina Babayeva cavab verir.
R.Z. – Alvina müəllimə, şagird kollektivinin formalaşmasında müəllim şəxsiyyətinin rolu nədən ibarətdir?
A.B. – Məktəbdə şagird üçün elə demokratik şərait yaradılmalıdır ki, təlim əməyi və tərbiyəvi təsirlər şagird üçün cansıxıcı fəaliyyətə çevrilməsin. Şagird öz bacarığını, nəyə qadir olduğunu nümayiş etdirə bilsin. Bunun üçün məktəbdə müəllim-şagird münasibətləri səmimiyyətə və qarşılıqlı etimada əsaslanmalıdır.
Müəllim-şagird münasibətlərinin mərkəzində müəllim dayanır. Xalq özünün ən qiymətli, ən əziz sərvətini – övladlarını müəllimə etibar edir. Şagird şəxsiyyətini formalaşdırmaq vəzifəsini həyata keçirən müəllim özü hərtərəfli şəxsiyyət kimi təşəkkül tapmalı, hər bir şagirdə humanistcəsinə yanaşmalı, eyni zamanda müasir tələblərlə ayaqlaşan bir ziyalı olmalıdır.
Təcrübə göstərir ki, müəllim şəxsiyyətinin şagirdə təsirini heç nə ilə əvəz etmək mümkün deyil. Müəllimin sözü ilə əməli arasında fərq olmamalıdır. Hazırkı dövrün müəllimi hərtərəfli biliyə, elmi-texniki nailiyyətləri tətbiq edə bilmək bacarığına malik olmalıdır. Şagirdin də məhz bu tələblər səviyyəsində hazırlanması onun pedaqoji əməyinin əsas məqsədi olmalıdır. Bu məqsədə nail olmaq üçün müəllim dövri mətbuatı müntəzəm izləməli, qabaqcıl pedaqoqların yeniliklərini öyrənib öz işində tətbiq etməlidir.
R.Z. – Şagird-müəllim münasibətlərinin düzgün təşkili üçün ilk növbədə hansı addımlar atılmalıdır?
A.B. – İstər sinif, istərsə də məktəb şagird kollektivi yekcins deyildir. Burada yaxşı nümunəvi sayılanlarla yanaşı «çətin», «intizamsız» şagirdlərə də rast gəlinir. Bəzi hallarda belə şagirdlə iş faydasız görünür, bir çox müəllimlər isə belələri ilə məşğul olmağı əhəmiyyətsiz hesab edirlər. Hazırkı dövrdə şagirdlərin təlimə marağının azalması faktlarına daha çox rast gəlinir. Müəllimlər belə şagirdlərə həmişə nikbin yanaşmalı, ardıcıl məqsədyönlü tərbiyəvi təsir göstərməli, onlarda öz qüvvələrinə inam yaratmalıdır. Düşünürəm ki, «müsbət cəhətlərinə istinad etməklə şəxsiyyətin tərbiyələndirilməsi» pedaqoji prinsipinə riayət edən hər bir müəllim şagirdlərlə münasibəti düzgün təşkilinə nail ola bilər.
Müəllim öz şagirdlərini sevməlidir, onların psixoloji yaş və əqli keyfiyyətlərini nəzərə almalıdır. Fərdi xüsusiyyətləri bilmək müəllimə imkan verir ki, şagirdlərin hər birinə düzgün yanaşa bilsin. Düzgün humanist və demokratik yanaşma müəllimi hakim, şagirdi günahkar vəziyyətindən çıxarır, onların arasında qarşılıqlı dostluq və hörmət münasibətlərinin formalaşmasına şərait yaradır. Şəxsiyyətinə hörmət edilən şagird öz ləyaqətini dərk edir, özünün cəmiyyətə, xalqına layiq bir vətəndaş olacağına, həyatda layiqli yer tutacağına inanır. Müəllim şagirdin şəxsiyyətinə hörmət etməklə onun qəlbinə, mənəviyyatına bir sakitlik bəxş edir. Müəllim şagirddə dosta, xalqa, vətənə qarşı məhəbbətlə yanaşı, düşmənə nifrət oyatmalıdır. Düşmənə nifrət oyatmaq vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Bu hisslərə istinad etməklə şagirdləri vətənin müdafiəsinə hər an hazır olmağa hazırlamaq günümüzün tələbidir.
R.Z. – Şagird-müəllim münasibətlərində ünsiyyət qurmaq bacarığı hansı problemlərin həllinə kömək edir?
A.B. – Müstəqil Azərbaycanımızın gələcəyi olan şagirdlərlə münasibətdə müəllimlər olduqca diqqətli olmalıdırlar. Pedaqoji əməkdaşlıq elə qurulmalıdır ki, hərtərəfli şəxsiyyət tərbiyə etmək mümkün olsun. Bunun üçün hər bir müəllim zəhmətə qatlaşmalı, müəllim-şagird münasibətlərini düzgün təşkil etməlidir.
Dövrün qlobal problemləri insan münasibətlərindən su içir. Münasibət yaratmaq insandan böyük ünsiyyət bacarığı tələb edir. Ulu Öndərimizin nəzəri irsinə müraciət etsək, onun fəaliyyətini nəhəng bir qollu-budaqlı ağaca bənzətmək mümkün olsa, ünsiyyət yaratmaq bacarığını bu ağacın bir budağı hesab etmək olar.
O, bu ünsiyyət bacarığı ilə elə bir qravitasiya məkanı yaratmışdır ki, onu hamı görür və hiss edirdi. Niyə və nə üçün məhz bu dövrdə Ulu Öndərimiz ünsiyyət yaratmaq imkanlarına geniş yer vermişdir? Hər şeydən əvvəl, ona görə ki, informasiya okeanında bu yükün həcmi əvvəlki illərlə müqayisədə 2 dəfə artmışdır. Ona görə də Ulu Öndərimiz 1999-cu ildə gələcəyə ünvanlanmış təhsildə məzmun islahatının zəruriliyini zamanın tələbi olması ideyasını təklif etdi, yeni ictimai münasibətlər zamanı ünsiyyət qurmaq bacarığının daha aktual olmasını əsaslandırdı.
Başa düşürük ki, bir sıra pedaqoji kateqoriyalar əsrimizin xüsusiyyətlərinə müvafiq qurulmalı, cəmiyyətdə gedən dəyişikliklərlə bağlı ictimai şüurun formalaşmasına yeni məzmun verməlidir. Dəyişilməyən heç nə yoxdur. Bu da təbiidir. Zaman dəyişdikcə onun normalarında da dəyişikliklər baş verir. İnsanların cəmiyyətə, dövlətə və bir-birinə olan münasibətləri ünsiyyətlə tənzimlənir. 1760-cı ildə ispan yepiskoplarından biri öz gündəliyində yazmışdır: «Yetim evində uşaqlar kədərli olur və onların bir çoxu kədər çəkdiyi üçün ölür». Çünki onların ünsiyyət tələbatı ödənilmir. Ünsiyyət tələbatı başqa tələbatlar içərisində xüsusi yer tutur. Uşaqlar ətrafındakıların səslərini, nitqlərini dinləyərək dili və danışmağı öyrənirlər. Doğuş zamanı uşağın ilk ağlamasını onun nitqinin başlanğıcı kimi qəbul etmək olar. Ağlamaq danışmağı öyrənənədək onun ilk ünsiyyət vasitəsi olur.
Ünsiyyətin formalaşmasında onun üç tərəfini – kommunikativ (informasiya vermək), interaktiv (qarşılıqlı təsirlər), perspektiv (bir-birini başa düşməklə) tərəfini həmişə əsas götürmək lazımdır. Perspektiv ünsiyyət tarixən əmələ gəlmiş və təşəkkül tapmışdır. Mühit çox geniş anlayış olmaqla, ünsiyyətin formalaşmasında əvəzsiz rola malikdir. İctimai mühitin uşağa təsiri ilə tərbiyənin arasındakı fərq, hər şeydən əvvəl, tərbiyənin mütəşəkkil məqsədyönlü və planlı olmasındadır. Məktəbdə uşaqlar nəinki faydalı bilik və bacarıqlar qazanır, həm də bu bilik və bacarıqlar vasitəsilə ünsiyyət yaradırlar. Bəzən uşaqlarda bu mühüm vasitənin vacib olmayan, kiçik hesab edilən cəhətlərinin əslində ünsiyyətin formalaşmasında həlledici təsiri qaçılmazdır. Məktəbdə bu formada ünsiyyət şagird-şagird və şagird-müəllim münasibətlərində əlaqələndirilməsə, bir nəticə əldə etmək mümkün olmayacaq.
R.Z. – Müəllimin emosionallığının təlim-tərbiyə işinə təsiri nə ilə ifadə olunur?
A.B. – Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən də «müəllim-şagird» münasibətlərinin qurulmasında pedaqoji taktı – nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müəllim-şagird arasında qarşılıqlı hörmət olmalıdır. Eyni zamanda şagirdə məhəbbətlə və ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Müəllim və şagird arasında problemlər adətən, sinifdən-sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci sinfə keçəndə yeni müəllimlərlə tanışlıq zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək etməlidir. İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz şıltaqlıqlarını bildirir. Bunun da həlli yolu ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən əvvəl mütləq məktəbəqədər müəssisələrə, yəni uşaq bağçalarına getməli, cəmiyyətin arasında özlərini necə aparmaq lazım olduğunu öyrənməlidirlər.
R.Z. – Sizin fikrinizcə bütün bu işlərin tam həlli üçün müəllimin özü də yaxşı psixoloq olmalıdır. Bəs onda müəllim-şagird arasında yaşanan bir çox problemlərin həllini nədə görürsünüz?
A.B. – Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird-müəllim problemlərinin yaranmasına gətirib çıxarır.
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün müəllim yaxşı psixoloq olmalıdır. Təhsil Şöbələrində psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır, hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır, valideynlə sıx əlaqədə olmalıdır.
Müəllimlik yaradıcı işdir, çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnmək vacibdir. Yaradıcılıq müəllimlərdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir. Müəllim yüksək əqidə, məslək sahibi, əsl vətəndaş olmalıdır. O, xalqın, vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.
Ruhulla Zahidov, yazıçı-jurnalist.