Müəllimlərin imtahandan sonra müddətsiz müqavilə əsasında işə qəbulunun tarixi açıqlanıb.
Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən məlumat verib.
Onun sözlərinə görə, bəzi hallarda rus bölməsi üzrə imtahan iştirakçılarının say azlığı müşahidə olunur: “Hesab edirik ki, müsabiqə şərtləri və nəticəsində vakansiyaların böyük əksəriyyəti tutulur. Bu il müsabiqənin əsas turundan sonra 3 000 minə yaxın müəllim işə qəbul edilir. Onlar müddətli əsaslarla işə qəbul edilir. Yanvarın 31-nə qədər işə qəbul edilən müəllimlər üçün daimiləşmənin mart-aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur. Yanvarın 31-dən sonra işə qəbul olan müəllimlərin daimiləşməsi MİQ vasitəsilə təşkil ediləcək”.
Şöbə müdiri deyib ki, növbəti ildən müddətli əsaslarla işləyən müəllimlər daimiləşmə üçün MİQ üzrə müsabiqədə iştirak etməli olacaqlar: “Bu il onlar üçün son vaxtdır”.