8 Noyabr – Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” devizi altında tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin əsas meydanında ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər Xiyabanında davam edən tədbirdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi Elşən Abbasov, Şəhid ailəsinin üzvləri, vətən müharibəsi iştirakçıları və gənclər iştirak etmişlər.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi Elşən Abbasov çıxış edərək bildiriblər ki, Vətən Müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərən, torpaqlarımızı canı, qanı bahasına işğaldan azad edən şəhidlərimiz əbədi ehtiram ünvanıdır. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu. “Dəmir yumruq” xalqımızın qələbə əzminin təntənəli nümayişi kimi tarixə düşdü.
Tədbir həmçinin Qəhrəman Şəhid övladlarının vətənpərvərlik ruhunda şeirlər səsləndirməsi ilə başa çatmışdır.