Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Mədəniyyət bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Milli mədəniyyətimizin görkəmli, bacarıqlı və istedadlı nümayəndələrinin timsalında mədəni, mənəvi həyatımızda nailiyyətlər günü-gündən artmaqdadır. Bu, mədəniyyətə yüksək şəkildə mənəvi-əxlaqi yanaşmadır və daha yüksək uğurlara və inkişafa yol açır.
Bu işdə respublikamızda fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin də rolu böyükdür. Məhz bu təhsil ocaqlarında uşaqlar musiqinin ecazkar dünyasına daxil olur, musiqini daha yaxşı başa düşür, sevir, musiqinin müxtəlif vasitələrindən istifadə etməklə, uşaqklarda ictimai maraqlar, yüksək insani keyfiyyətlər aşılanır.
Belə məktəblərdən biri də Gəncə şəhərində fəaliyyət göstərən F.Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbidir. Onu da bildirək ki, bu təhsil ocağı Gəncədə yaradılan ilk musiqi məktəbidir. Bu illər ərzində məktəb onlarla görkəmli incəsənət və mədəniyyət xadimləri yetişdirmişdir və bu gün də səmərəli işi ilə öncül təhsil ocaqlarından sayılır.
Gəncə şəhəri, 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Aida Əmrahova haqqında əvvəllər də müxtəlif səpkili yazılar dərc edilmişdir. Bu yazılar adətən məktəbin uğurlu fəaliyyətinə həsr olunub. O, gözəl həmmühasib, mətbuat işçilərinə, onların əməyinə həmişə diqqətlə yanaşan rəhbər işçidir. Mədəniyyət, incəsənət barədə dəyərli, qiymətli fikirləri ilə həmişə diqqət çəkib. Bu fikirlər onun mətbuata verdiyi dəyərli müsahibələri ilə yadda qalıb. Bu yazılarda rəhbərlik etdiyi təhsil ocağında görülən məqsədyönlü pedaqoji fəaliyyətdən, əldə olunan uğur və nailiyyətlərdən söhbət açılıb. Aida xanım əsl pedaqoq, əsl rəhbər keyfiyyətlərini özündə cəmləşdirən dəyərli bir insandır. Özünün müsbət şəxsi keyfiyyətləri ilə kollektivə nümunə göstərəcək pedaqoqdur.
1 saylı Uşaq Musiqi Məktəbi Gəncə şəhərində sayılıb-seçilən təhsil ocaqlarından biridir. Bu məktəbdə çalışan mütəxəssislərin şagirdlərin musiqi təhsilində əvəzsiz rolu hələ neçə-neçə mətbu yazıların mövzusu olacaqdır. Məktəbin mehriban kollektivi vardır. Öz peşəsini ürəkdən sevən müəllimlər bu məktəbə həmişə baş ucalığı gətirib. Kollektivdə mehriban münasibət hökm sürür.Məktəbin peşəkar musiqiçi-müəllimləri şagirdlərə musiqimizin incəliklərini aşılamaq üçün səy və bacarıqlarını əsirgəmirlər. Uzun illər ərzində bu təhsil ocağı öz qabaqcıllığını qoruyub saxlaya bilmişdir. Məktəb rəhbərliyi uğurlu işin təşkilinə görə dəfələrlə təşəkkürlərə və müxtəlif sayda mükafatlara layiq görülüb. Bu məktəb haqqında geniş söhbət açmağımız heç də təsadüfi deyildir. Buna 1 saylı Uşaq Musiqi Məktəbinin qazandığı uğurlar səbəbdir.
Bu məktəbdə peşəsini dərindən bilən, sənətinin vurğunu olan, bilik və bacarığını həvəslə şagirdlərə çatdıran qabaqcıl müəllimlər çalışır. Şəhər səviyyəli tədbirlərdə, bayram və şənliklərdə bu məktəbin müəllim və şagird kollektivi həvəslə çıxış edir, təşkil etdikləri konsert proqramları ilə tədbir iştirakçılarının qəlbini oxşayırlar. Məktəbdə şagirdlərin musiqi təhsili üçün hər cür şərait yaradılıb. Müəllimlərin şəxsi keyfiyyətlərini, peşəkar bacarığını, həvəslə şagirdlərə öyrətmək həvəsini də bu sıraya əlavə etsək, məktəb kollektivinin əldə etdiyi müvəffəqiyyətlərin sirrini anlamaq çətin deyil. Məktəbin ötən bu illər ərzində fəaliyyəti dəfələrlə Mədəniyyət Nazirliyi, Gəncə şəhər Mədəniyyət İdarəsi və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən layiqincə qiymətləndirilib, məktəbin adı həmişə qabaqcıllar sırasında çəkilib.
Məktəbin kollektivi əldə etdikləri bu yüksək mövqeni qoruyub saxlamaq üçün əzmlə çalışır. İllərlə uğurlar bir-birini əvəz edib. Bu uğurları həmişə sevindirici olmuşdur. Ötən tədris ili də çoxlu sayda nailiyyətlər ilə yadda qalmışdır.
Qara Qarayevin 100 illiyinə həsr olunmuş Simli, Nəfəsli və Zərb Alətləri üzrə Gənc İfaçıların Respublika Müsabiqəsində yüksək səviyyədə çıxışına görə Sadıqova Rəna Seymur qızı (violin) III dərəcəli Diploma, bu müsabiqədə uğurlu çıxışına görə isə həmçinin Fəxri Fərmana layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında Gənc İfaçıların III Respublika Müsabiqəsində Sadıqova Rəna Seymur qızı (III yer) və Kərimova Nazənin Diplomla, Kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına Gənc Kamança İfaçılarının II Respublika müsabiqəsində uğurlu çıxışına görə Müseyibova Leyla Elsevər qızı isə Fəxri Fərmanla təltif edilmişdir.
Müəllimlərdən Qara Qarayevin 100 illiyinə həsr olunmuş Simli, Nəfəsli və Zərb Alətləri üzrə Gənc İfaçıların Respublika Müsabiqəsində yüksək səviyyədə şagird hazırlığına görə Verbova Nina Nikolayevna Fəxri Fərmana, yüksək səviyyədə müşayiətinə görə Qoşqarova Tərifə Tofiq qızı Fəxri Fərmana layiq görülmüşdür.
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin şagirdlərindən – İslamova Məryəm (qanon), Sadıqova Rəna (violin), Kərimova Nazənin (violin) ifa etmişlər.
1 saylı Uşaq Musiqi Məktəbi Aida xanımın rəhbərliyi altında həmişə qabaqcıl olmaq ənənəsini yaşadır və öz işi ilə bu ənənələrə sadiq olduğunu sübut edir. Musiqi məktəbinin kollektivi öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir.
Ruhulla Zahidov, yazıçı-jurnalist.