Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnəcək. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda 120-dən çox tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir.
Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov xalçaçılıq kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətləri həyata keçirir. Bu baxımdan, qədim xalçaçılıq sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.
S.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti xalqımızın məişətində özünəməxsus yer tutan xalçaçılıq sənətinə böyük qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir.
Qeyd edək ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.
Cəmiyyətin Qahirədə xalçaçılıq layihəsinə başlaması barədə xəbərlər Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı və digər ölkələrin mediasında geniş şəkildə işıqlandırılıb.