Müəllimlərin hər dəfə şikayətləndiyi mövzulardan biri müəllimlərin işə qəbul (MİQ) imtahanına hazırlaşmaq üçün vahid kurikulum kitabının olmamasıdır. Onlar bildirirlər ki, suallar hər il müxtəlif vəsaitlərdən salınır. Buna səbəb nədir? Niyə müəllimlər üçün vahid kurikulum kitabı yoxdur?
Qeyd edək ki, bu sualla Təhsil Nazirliyinə həftənin əvvəlindən müraciət etsək də, nazirlik rəsmiləri “ötür-ötür” oyunu ilə sorğumuza cavab verə bilmədi.
Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev isə bildirdi ki, Təhsil İnstitutu o cür vəsaitlər işləyib:
“Amma sadəcə olaraq onların müəllimlər tərəfindən necə başa düşülmək məsələsi var. Xüsusilə kurikulumun fəlsəfəsini bilmələri üçün dərsliklər yetərlidir, ya deyil onu mən deyə bilmərəm. Kurikulumun özünün praktikası və nəzəriyyə məsələləri var. Ola bilsin ki, o vəsaitlərin yazılması və genişləndirilməsi, yəni daha sadə dildə vəsaitlər yazmaq lazımdır. Kurikulum məcmu sənədidir. Düşünürəm ki, o məcmu sənədindən irəli gələn qiymətləndirmə, tədris prosesi, tədris proqramlarının təkmilləşməsinə böyük ehtiyac var. Birmənalı şəkildə kurikulumlar dövrün, dəyişən təhsilin tələbinə cavab verməlidir. Müəllimlərin əsas əxs edə biləcəkləri işlərdən biri kurikulumun dərk olunmasıdır. Bir çox hallarda kurikulumların mürəkkəbliyi, anlaşılmazlığından şikayət edirlər. Buna baxmayaraq, bu istiqamətdə xeyli vəsaitlərin yazılması, populyar ədəbiyyatların olması vacibdir”.
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, keçirilən imtahanlarda ciddi boşluqlar var:
“İlk novbədə qeyd edim ki, 2013-cü ildən müəllimlərin işə qəbul imtahanına kurikulumdan test tapşırıqları əlavə edilməyə başlayıb. Burada ciddi boşluqlar var. Belə ki, test tapşırıqlarının təqdim edilməsi üçün hər hansısa bir ədəbiyyat yoxdur. Amma əslində baxsaq bunun üçün hər hansı bir ədəbiyyata ehtiyac yoxdur. Çünki dövlətin təhsil standartları var. Amma burada imtahanı təşkil edən Təhsil Nazirliyinin müvafiq qurumları və şəxsləri özlərinin maddi maraqlarına görə hansısa kursun vəsaitini reklam edirlər”.
Ekspert bildirdi ki, hazırda ən ciddi problemimiz yüksək biliklərə malik müəllimlərin olmamasıdır:
“Ümumilikdə müəllimlərin işə qəbul imtahanında imtahan iştirakçılarının yalnız ixtisas bilikləri yoxlanılıb ölçülməlidir. Ona görə ki, bizə ixtisasını güclü bilən müəllim lazımdır. Hal hazırda bizim ən ciddi problemimiz ixtisası üzrə yüksək biliklərə malik müəllim çatışmazlığıdır. Bugünkü kurikulumdan təqdim edilən test tapşırıqları imtahan iştirakçılarının əzbərləmə qabiliyyətini yoxlayır. Kim daha çox termin, oradakı qaydaları əzbərləyirsə, onlar daha yaxşı bal toplaya bilirlər. Amma bizə bu üsul və vasitələrlə toplanan nəticələr lazım deyil. Biz baxanda görürük ki, kurikulumdan hər hansı bir nəzəriyyəni, terminləri əzbərləyənlər onları tədris prosesinə tətbiq etmirlər. Bu məsələnin birinci tərəfidir”.
Kamran Əsədovun sözlərinə görə, vahid dərsliyin olmaması kommersiya maraqlarına xidmət edir:
“İkinci tərəfdən, burada vahid dərslik prinsipi tətbiq edilə bilməz. Ona görə ki, burada müxtəlif yanaşmalar var. Əslində isə proqram təqdim edilir və Təhsil Nazirliyi imtahan iştirakçılarından hansı bilik və bacarıqları yoxlayacaqsa, o bilik və bacarıqlar əsasında test tapşırıqları təqdim olunur. Bu gün ümumilikdə bizim kurikulumdan test salmaq, imtahan iştirakçılarının biliklərini yoxlamağımıza heç bir ehtiyac yoxdur. Ümumilikdə imtahan iştirakçılarının yalnız ixtisas bilikləri yoxlanılmalıdır. Bu gün vahid dərsliyin olmaması və Təhsil Nazirliyinin imtahan keçirən mütəxəssislərinin və qurumunun hansısa kursun vəsaitini dəstəkləməsi, bu, kommersiya marağına xidmət edir. Bu, qaydalara ciddi şəkildə ziddir. Hesab edirəm ki, hal hazırda dövriyyədə olan vəsaitlər yalnız kommersiya maraqlarıdır və ümumi terminləri, ifadələri özündə əks etdirir”.
Ekspert qeyd etdi ki, dövlət tərəfindən təsdiq edilmiş kurikulum standartları var:
“Yalnız o kurikulum standartlarından test tapşırıqları salınmalıdır. Yoxsa hər hansısa kursun Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən nəzəriyyələri, yanaşmaları tətbiq etməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, bu, imtahan prosesindəki şəffaflığı və ədalətliliyi kölgə altına ala bilir. Bizə hansısa bir nəzəriyyənin, terminin tədris prosesində istifadəsinə ehtiyac yoxdur. Yəni biz baxsaq görərik ki, bu gün ən yüksək səviyyədə bal toplamış şəxslər belə yetərli qədər tədris prosesində onları tətbiq edə bilmirlər. Ona görə də vahid dərslik ümumilikdə problemdir. İkincisi isə ümumilikdə kurikulumdan sual salınmamalıdır”.
Zərif Ülviqızı