Doğma Azərbaycanımız öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, mədəniyyət sahəsi də mühüm inkişaf yolu keçmişdir. Dövlətimiz milli mədəniyyətimizin inkişafına mühüm önəm verir. Heç də təsadüfi deyildir ki, bu gün Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə bütün dünyada tanınmışdır.
Milli mədəniyyətimizin inkişafında Ulu Öndərimizin əvəzsiz xidmətləri və rolu vardır. Məhz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. Ulu Öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün əlindən gələni edir, Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayırdı.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri-teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Hörmətli Prezidentimiz İlham Əliyev bu sahədə islahatların daha da sürətlənməsini təmin etmiş, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya edilməsinə böyük imkan yaratmışdır. ”Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz – biz bu sahələrə böyük diqqət yetirməliyik” – deyən hörmətli prezidentimiz mədəniyyətimiz və incəsənətin inkişafını həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlamış, 2003-cü ildən bu dövrədək xeyli mədəniyyət obyektləri inşa edilmiş, neçə-neçə mədəniyyət obyektləri – teatrlar, kitabxanalar, muzeylər və s. əsaslı təmir olunmuş, onlar bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilmişdir. Bunların hamısı cənab Prezidentin sərəncamları ilə reallaşdırılır.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də tikinti-quruculuq, abadlıq işləri xüsusi zövqlə və peşəkarlıqla aparılır. Ölkə başçısının sərəncamı ilə Gəncə şəhərində mədəniyyət obyektlərinin tikintisi geniş vüsət almış, Gəncə şəhəri zəngin və inkişaf etmiş mədəniyyət diyarına çevrilmişdir.
Şəhərimizi gözəlləşdirən, onun memarlıq inciləri ilə bəzəyən bu möhtəşəm binalar, mədəniyyət obyektləri, parklar şəhərimizin bütün vətəndaşlarında qürur hissi oyadır, sadə vətəndaşların ixtiyarındadır və şəhərimizi bəzəyən, insanların estetik zövqünü oxşayan gözəllik nümunələri, eyni zamanda qürur mənbəyimizdir. Bu gün şəhərimizdə yeni qəsəbələr və parklar salınır, qədim tarixi-memarlıq abidələrinin təmir və bərpası işi günü-gündən geniş vüsət alır. Bu, əlbəttə ki, biz gəncəliləri sevindirir, bizi doğma vətənimizin çiçəklənməsi, milli mədəniyyətimizin inkişafı naminə daha da yaxşı işləməyə həvəsləndirir.
Digər sahələrdə olduğu kimi, Azərbaycanın yaradıcı mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla, orden və medallarla təltif edilməsi başda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları olmaqla dövlətimizin mədəniyyət işçilərinə və eyni zamanda milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Respublikamızın prezidenti İlham Əliyev cənablarının inamla və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. Belə ki, mədəniyyət sahəsində dövlət inkişaf konsepsiyasının qayəsi daxili və xarici dövlət mədəniyyət siyasətinin təminatı mexanizmlərini dünya standartları səviyyəsinə çatdırmaq yolunda mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin dirçəldilməsi kimi prioritet istiqamətləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməklə, qədim və möhtəşəm Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanılmasına, gələcək inkişafına və dünya mədəniyyətinə uğurlu inteqrasiyasına nail olmaqdır.
Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının müasir dövrdə yürütdüyü mədəniyyət siyasətindən yaranan imkanlar və milli-mənəvi dəyərlərimizin mühafizəsinə göstərilən qayğı mədəniyyət işçilərinə daha böyük uğurlara imza atmalarına, daha səylə çalışmalarına bir stimul vermiş, onları daha yaxşı işləməyə həvəsləndirmişdir. Digər sahələrlə yanaşı mədəniyyət siyasətində əldə edilmiş mühüm nailiyyətlər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə, mədəniyyətimizin tərəqqisinə zəmin və şərait yaradır. Bu amil həmçinin, mədəniyyət sahəsində inkişafın təmin edilməsində çox vacib rol oynamış, uğura doğru yeni perspektivlərə yol açmışdır.
Aida ƏMRAHOVA,
Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru.