Milli-mənəvi dəyərlərin mediada təbliği: Bu missiya üçün maddi maraq mütləqdirmi?

Çağdaş dünyamızda aktual məsələlərdən biri sürətlə gedən qloballaşma prosesində milli identikliyin saxlanılması, hər bir xalqın, etnosun özünəməxsusluğunu şərtləndirən milli-mənəvi dəyərlərini mühafizə edərək gələcək nəsillərə ötürə bilməsidir. Qloballaşma dalğası özü ilə elmi, texniki tərəqqinin ən son məhsullarını, informasiya texnologiyalarını gətirməklə yanaşı, milli kimliyi, milli-mənəvi dəyərləri təhdid edən ünsürləri daşıyır.

Xüsusilə, Azərbaycan kimi spesifik coğrafi ərazidə, mədəniyyətlərin kəsişməsində yerləşən bir ölkə üçün qloballaşma şəraitində milli kimliyin, mənəvi dəyərlərin qorunub saxlanılması bir vəzifə kimi dövlət və cəmiyyət qarşısında durur.

Son illərdə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği, dünyaya təqdimatı yönündə sistemli tədbirlər həyata keçirilir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, mədəni irsimizin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.

Ayrıca, mənəvi dünyamızda avanqard rola malik olan din sahəsində dövlət siyasəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işinin effektiv təşkili, bütün dini konfensiyaları öz ətrafında birləşdirə bilməsi, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, tarixi və fəaliyyətdə olan dini məbədlərin təmiri, yenidən qurulması, dini icmalara davamlı olaraq çeşidli yardımların edilməsi və s. Komitə ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib vətəndaşlar arasında tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi, dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılması yönündə fəaliyyəti ilə toplumda rəğbət qazanıb.

Bütün bunlarla yanaşı, mənəvi dəyərlərin qorunmasında, təbliğində aparıcı missiya kütləvi informasiya vasitələrinin (KİV) üzərinə düşür. Daha böyük arealı, daha çox insanı əhatə edən bilən medianın bu gün Azərbaycan milli-mənəvi dəyərlərinin təbliği yönündəki fəaliyyəti hansı səviyyədədir?

“Təbliğat pərakəndə şəkildə aparılır”

Bu mövzuda həmsöhbətim olan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bildirdi ki, bir neçə media qurumunu çıxmaq şərtilə, Azərbaycan mediasında mənəvi dəyərlərin təbliği sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır: “Bu gün media qurumlarında mənəvi dəyərlərin təbliği məsuliyyəti şəriklidir. Yəni media qurumları ilə eyni dərəcədə elm, təhsil, mədəniyyət və dini qurumların üzərinə düşür. Televiziyada, çap mediasında, sosial şəbəkələrdə mənəvi dəyərlərin təbliği bir çox hallarda ziyalı qələm sahibləri tərəfindən aparılır. Media qurumlarının, verilişlərin, rubrikaların və qəzet-saytların adını çəkmədən demək olar ki, bu istiqamətdə niyyət güclü duyulur – bu müsbətdir. Ancaq bu gün təbliğ olunmalı o qədər sahə və mövzu açılır ki, dünya informasiya məkanından Azərbaycana böyük həcmdə informasiya axını olur və bu da biçilməmiş zəmiyə bənzəyir. Bu situasiyada, əlbəttə, fərd olaraq jurnalistin, qələm sahibinin ümumi mənzərəni görməsi, lazımi hədəfi düzgün seçməsi çətinləşir. Bu, məsələnin mənfi tərəfidir, narazılıq doğurmasa da, narahatlıq yaradır. Narahatlıq da oradan irəli gəlir ki, mediada səsləndirilmiş ziddiyyətli fikirlər, mübahisələr, münaqişələr Azərbaycan mədəniyyəti və tarixi barədə məlumatların nizamsız şəkildə, etibarlı mənbələrə əsaslanmadan yayılmasına, son nəticədə isə Azərbaycanın informasiya təhlükəsizliyinə zərbə vurur”.

“Milli yaddaş” modelinə söykənməliyik!”

Leyla xanım mövcud problemləri aradan qaldırmaq üçün mənəvi dəyərlərin təbliğinin sistemli şəkildə, “Milli yaddaş” modelinə söykənərək aparılmasının tərəfdarıdır: “Bu modelə əsasən, elmin müxtəlif sahələrini – tarix, dil, ədəbiyyat, folklor, memarlıq, incəsənət, cəmiyyətşünaslıq, hüquq, fəlsəfə, media, psixologiya, marketinq, informasiya texnologiyaları, tərcümə və s. təmsil edən mütəxəssislər ekspert mərkəzində birləşir. Sahələr üzrə müstəqil ekspert şuraları və bütün şuraların tabe olduğu vahid idarə heyəti və ya əlaqələndirmə şurası yaradılır. Şura tərəfindən “Milli yaddaş” (və ya “Milli yaddaşın konseptual əsasları”) adlı Azərbaycan tarixi və mədəniyyətinin əsas prinsipial məqamlarını əks etdirən, mübahisəli sualları birmənalı cavablandıran sənəd tərtib olunur. Etibarlı və kəsərli “Milli yaddaş: istinadlar, mənbələr” əlavəsi ilə təmin edilir. Əlaqələndirmə şurasının imzaladığı və təsdiqlədiyi “Milli yaddaş” sənədi öz əlavəsi (istinadları) ilə birlikdə “Milli yaddaş” rəsmi dövlət portalında müxtəlif dillərə tərcümə olunmuş şəkildə açıq istifadəyə verilir. İlk növbədə dövlət qurumlarına bazanın elektron ünvanı bildirilir və istifadəsi mütləq şəkildə tövsiyə olunur. Bazanın strateji əhəmiyyətini nəzərə alsaq, ilk növbədə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, diaspor təmsilçiləri, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan tarixinə və mədəniyyətinə dair ictimai açıqlama, intervü verən məmurlar, müzakirə və mübahisə edən istənilən rəsmi və ya mülki şəxslər, turizm sahəsinin mütəxəssisləri, televiziya, radio, qəzet redaktorları, jurnalistlər, sosial şəbəkə administratorları istifadə edir. “Milli yaddaş” sənədi etibar və təsir qüvvəsinə görə “ana sənəd”ə çevrilir və müəssisələrdə işçi heyətə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə verilən təlimatlarda, dərsliklərdə istifadə olunur. Sənəd “Biz kimik, haradanıq, köklərimiz nədir?”, “Yaşımız və ərazimiz nədir?”, “Əlifbamız, dinimiz, dilimiz, mədəniyyətimiz nədir?”, “İnkişaf istiqamətimiz və məqsədimiz nədir?”, “Bizim üçün hansı vətəndaş və insani keyfiyyətlər əhəmiyyət kəsb edir?”, “Dəyərlərimiz nədir?” suallarını cavablandırır, mövcud və formalaşdırılması arzu edilən vacib prinsipləri əks etdirir. “Milli yaddaşın konseptual əsasları”nın tezislərinin istifadə olunması vətəndaş borcu və vəzifə öhdəliyi kimi qəbul edilir, icrası nəzarətdə saxlanılır, təhrif olunduqda cəza tədbirləri görülür”.

“Bu iş media üçün tarixi və müqəddəs missiyadır”

Azərbaycan Televiziyasında müəllifi olduğu “Turan” proqramı ilə milli kimliyimizi, mill-mənəvi dəyərlərimizi təbliğ edən Zərnişan Turan hazırda teleməkanda bu səpkili verilişlərin çox az olmasından gileyləndi. Müasir dövrdə xüsusilə gənc nəslin dünyadan gələn ən müxtəlif yönlü çağırışlara həssas olduğunu dilə gətirən Zərnişan xanım, medianın üzərinə düşən işin tarixi və müqəddəs missiya olduğunu vurğuladı: “Hər bir jurnalist mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkənin mənəvi dəyərlərinin qorunmasında və təbliğində üzərinə düşən rolu dərk etməli və günlük fəaliyyətində bu xətti nəzərə almalıdır”.

Müsabiqələr, dövlət maliyyəsi… Bəs, təmənnasız xidmət?

Hazırda Dini Komitə, Mənəvi Dəyərlərin Təbliği Fondu ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) da milli mənəvi dəyərlərin təbliği yönündə bir sıra layihələr, müsabiqələr keçirir.

Fondun Müşahidə Şurasının üzvü Ramiz Əskərin sözlərinə görə, KİVDF ildə bir neçə dəfə müxtəlif təşkilatlarla birlikdə müştərək müsabiqələr elan edir: “Öz hesabına isə ildə üç dəfə – Novruz bayramı, Milli Mətbuat Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müsabiqə keçirir. Bu müsabiqələrdə hər zaman 15 istiqamət üzrə mövzular elan edilir ki, onlardan biri xüsusi olaraq milli mənəvi dəyərlərin müdafiəsi ilə bağlıdır. İldə 3 dəfə müsabiqə keçirilsə də, jurnalistlər tərəfindən bu mövzu ilə bağlı yüzlərlə məqalə hazırlanır”.

Göründüyü kimi, ölkə mediasında milli-mənəvi dəyərlərin təbliği daha çox dövlətin donor qurumlarının sifarişi, xüsusi müsabiqələr əsasında həyata keçirilir. Mütləq, ortada maddi maraq olur. Daha çox kommersiya maraqlarına köklənmiş mediada isə mənəvi dəyərlərin təbliği, bu yöndə maarifləndirmə aşağı səviyyədədir.

Halbuki, özünü dahi Həsən bəy Zərdabi ideyalarının davamçısı sayan bugünkü Azərbaycan mediasında milli, mənəvi mövzular heç bir təmənna, heç bir maddi qarşılıq güdmədən prioritet kimi işlənməlidir.

Nəzərə almalıyıq ki, xalqımızın mədəni, mənəvi dəyərləri hamımıza aiddir. Bizi biz edən bu dəyərlərin sıradan çıxmasının nəticələrini sabah qonşuluqda deyil, öz evimizdə hiss edəcəyik.

Rumiyyə Miraslan

 Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.