“Microsoft” bir sıra xidmətlərini Azərbaycan dilinə lokallaşdırdı

“Microsoft Teams” onlayn əməkdaşlıq və təhsil platformasının lokallaşdırılması, “Microsoft” korporasiyasının tətbiq və xidmətlərinin Azərbaycan dilində əlçatan olması istiqamətində ilk addımdır.

Belə ki, bu yaxınlarda Azərbaycan dili şirkətin “Microsoft Translator apps”, “Office, “Translator for Bing”, eləcə də biznes və developerlər üçün nəzərdə tutulan “Azure Cognitive Services Translator” kimi bütün əsas tətbiq və xidmətlərində mövcud oldu.

Pandemiya fonunda “Microsoft Teams” Azərbaycan təhsil sistemində onlayn dərslərin təşkili üçün əsas alətə çevrilib. Bu platforma təhsil sisteminə inteqrasiya olunaraq, orta təhsil müəssisələrinin təqribən 1,4 milyon müəllim, tələbə və şagirdləri üçün təşkilati və tədris proseslərini sadələşdirmişdir.

Məsələnin aktuallığını və dövlət dilində təhsil alan bir milyondan çox istifadəçinin ehtiyaclarını nəzərə alaraq, ötən ilin sonunda “Microsoft Teams” tam olaraq Azərbaycan dilində lokallaşdırıldı.

Təhsil sistemindən başqa, “Microsoft” Azərbaycan hökumətinə məsafədən iş prosesinin qurulmasında və video konfrans sistemləri kimi bulud əsaslı onlayn həllərin istifadəsində də dəstəyini davam etdirir.

İstifadəçilərin daha yüksək zirvələrə çatması üçün, hər il 21 Fevralda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən qeyd olunan Beynəlxalq Ana Dili Günü ərəfəsində “Microsoft Translator apps”, “Office”, “Translator for Bing”, həmçinin “Azure Cognitive Services Translator” kimi tətbiq və xidmətlər Azərbaycan dilində tam əlçatan oldu.

Süni intellektlə işləyən “Microsoft Translator”, mətn, səs və şəkilləri dəstəkləyir. Onun vasitəsilə avtomatik olaraq tərcümə etmək və birdən çox istifadəçi ilə danışıqları səsləndirmək mümkündür. Bundan əlavə, bu həll nitq tanıma qabiliyyətinə malikdir və doqquz yeni dilin əlavə edilməsi ilə, “Microsoft Translator” tərəfindən dəstəklənən dillərin ümumi sayı 83-ə çatdırıldı. “Microsoft Translator”un Android və iOS üçün də mobil versiyaları mövcuddur. Həmçinin veb interfeysi vasitəsilə səs və mətn tərcüməçisindən də istifadə etmək mümkündür. “Microsoft Translator”, müxtəlif ölkələrdən olan tələbələrə mühazirə oxumağı, fərqli dillərdə danışan təhsil qruplarını bir araya gətirməyi və konfranslar keçirməyi çox asanlaşdırır.

Şirkətlər üçün “Microsoft Translator”un müxtəlif biznes proqramlarına inteqrasiyası “Cognitive Services APIs”ın kitabxana interfeysləri vasitəsilə nəzərdə tutulur.

“Bu, ölkələrin miqyasına və dilin mürəkkəbliyinə baxmayaraq, Süni İntellektin fərqli bölgələrdə və icmalarda innovasiyalara daha yaxın olmaq imkanının yaratmasının əla nümunəsidir. Yeni nəsil maşın tərcüməsi modellərinin istifadəsi, tərcümənin keyfiyyətini və müxtəlif dillər üçün dəstəyi əhəmiyyətli dərəcədə artırır. Bunun sayəsində Azərbaycan, Polşa, Albaniya, Ukrayna, Qazaxıstan və digər ölkələrdəki şirkətlər, tədqiqatçılar və vətəndaşlar ən son məlumatlara və araşdırmalara giriş əldə edə bilər. Bu onlara həmçinin səhiyyə, vətəndaş xidmətləri, əsaslı tədqiqatlar və ticarət tətbiqetmələrində yeniliklərin inkişafına və tətbiqinə töhfə verməyə, təcrübə mübadiləsi aparmağa imkan yaradacaq”, – Mərkəzi və Şərqi Avropa bölgəsi üzrə “Microsoft”un Süni İntellekt istiqamətinin rəhbəri Dmitri Turçin belə hesab edir.

Lokallaşdırılmış xidmət və tətbiqlər “Microsoft”un Süni İntellektini müxtəlif dövlət və özəl sektorlarda istifadəsini daha da yaxınlaşdıracaq.

Şirkət haqqında:

“Microsoft”, geniş çeşiddə proqram təminatı və İT xidmətləri təqdim edən informasiya texnologiyaları sahəsində dünya lideridir.

Şirkətin təklif etdiyi məhsulları arasında əməliyyat sistemləri, server həlləri, bulud xidmətləri və s. daxildir.

Şirkət dünyanın 190-dan çox ölkəsində təmsil olunur.

“Microsoft”un baş qərargahı ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.