“Yeni çağırışlar” onlayn müzakirə proqramının 14 aprel saat 20:00-da yayımlanacaq növbəti buraxılışının qonağı yazıçı, beynəlxalq bestseller müəllifi Mey Mask olacaq.
Mey Maskın bestseller olan “Bir qadın plan qurarsa” kitabı 70-dən çox dilə tərcümə edilib. O, həmin kitabda həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini, eləcə də övladları İlon Mask, Kimbal Mask və Toska Maskı necə böyütdüyünü, çətinliklərini, uğurlarını və sevinclərini qələmə alır. Bununla o, insanları, xüsusilə qadınları daha uğurlu, daha inadkar, daha təşəbbüskar və sağlam olmağa səsləyir.
Mey Mask öz fəaliyyəti ilə informal təhsilin inkişafına xüsusi töhfə verir. O, bir çox cəmiyyət, dərnək, xəstəxana və universitetlərdə yazıçı, sahibkar, qida eksperti və moda simvolu kimi təqdimatlar edir.
Mey Mask maddi mənfəət güdməyən iki qlobal təşkilatın – məktəblərdə tərəvəz və meyvə bağları quran “Böyük yaşıllıq” (Big Green) və bir milyondan çox qadını əhatə edən, müxtəlif fərdi peşə inkişafı proqramları və iş geyimləri təqdim edərək iqtisadi müstəqillik əldə etməyə dəstək olan “Uğur üçün geyin” (Dress for Succes) şəbəkəsinin elçisidir. 45 ildən çoxdur ki, dietoloq olaraq öz qurduğu qidalanma biznesi təcrübəsi əsasında müxtəlif ölkələrdə çıxışlar edir, bu istiqamətdə məqalələr yazır, məsləhətlər verir. 15 yaşından bəri modellik fəaliyyəti ilə də məşğul olan xanım Mask 60 yaşlarında Times Meydanında yer alan 4 reklam lövhəsinin siması olaraq rekord vurub.
Öz sahəsində üç ölkədə zirvəyə çatan Mey Mask Cənubi Afrika Dietoqlarının ilk təmsilçisi, Kanada Məsləhətçi Dietoloqların prezidenti və ABŞ Təşəbbüskar Dietoloqlar, Diyetetik və Qidalanma Akademiyasının sədri olub.
Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqramın bu buraxılışı da həmişə olduğu kimi Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq. Mey Mask ilə görüşün informasiya tərəfdaşı “Belə belə işlər”dir