Metodik Kabinetlər milli təhsilimizin inkişafında hansı rolu oynayır?-TƏHLİL

Orta təhsil müəssisələrində təlim-tərbiyə, tədris işi ilə bağlı bir çox məsələlərdə yazarlarda çoxlu sayda suallar yaranır . Hər halda bu cür məsələləri  öz nəzarəti altında saxlamalı olan Təhsil Şöbələrinə  və Metodik Kabinetlərə müraciət edir və səbirsizliklə onlardan cavab gözləməli oluruq. Amma, təcrübədə hələ ki, hansısa təhsil şöbəsindən hansısa cavabı almaq xoşbəxtliyinə nail ola bilməmişik. Üstəlik müxtəlif mövzularla  bağlı verdiyimiz şifahi sorğular belə “başdan etmə” kompaniyasından kənara çıxa bilmir. Nə üçün edirlər, nəyi nəzərdə tutub edirlər, bu, yalnız onların bildiyi məsələlərdir. Məsələn, 2  fevral Gənclər Günü ilə bağlı Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərə etdiyimiz müraciətlərə baxmayaraq, bu təhsil ocaqlarında fəaliyyəti qələmə alınacaq bir gənc tapılmadı ki, tapılmadı. Guya ki, belə gənclər, sadəcə, yoxdur, vəssalam. Gəncə şəhər Təhsil İdarəsi Metodik Kabinetin rəhbəri Söhrab  Hacıyevin etdiyi hərəkət isə lap  Ginnesin Rekordlar Kitabına düşəcək goplar sırasındadır. İş telefonuna (252 11 40) dəfələrlə zəng vursaq da, o yenə də  “hansısa məktəb”dədir.  İş telefonunda  xəyalların qanadında məktəbləri gəzən direktoru birinci dəfədir ki, görürük. Yəqin ki, mətbuatı və medianın  iş prinsiplərini bəyənməyib, bizimlə belə davranırlar. Olsun.

Maraqlıdır, görəsən bəs  Metodik Kabinetlərin özünün iş prinsipləri necədir? Ümumiyyətlə, Metodik Xidmət nədir? Fikirləşdik, problem sandığımız bu məsələlərə bəs rəsmi dövlət nəşrləri necə münasibət bəsləyirlər?

Axtardığımız materiallar içərisində  “Azərbaycan müəllimi” qəzetinin 2010-cu il , 20 avqust tarixli buraxılışında Məhərrəm Səfərovun müəllifliyi ilə dərc olunan “Təhsil islahatı Metodik Kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir” başlıqlı yazi  diqqətimizi xüsusilə cəlb etdi… Və bizi maraqlandıran bütün suallara burada cavab tapa bildik. Məqalədən müəyyən sitatlar gətirməklə fikrimizi daha aydın çatdırmağa calışacağıq.

  “Metodik xidmət nədir? Bu, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksəldilməsi istiqamətində yönəldilmiş qarşılıqlı tədbirlər sistemidir. Pedaqoji elmin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübənin təhlili metodik işin əsasını təşkil edir”.

“Uzun illər Metodik Kabinetlər tərəfindən metodik işin təşkili əmrlərin, sərəncamların, metodik göstərişlərin məcburi şəkildə yerinə yetirilməsi ilə məhdudlaşmışdır.Metodik Kabinetin əməkdaşları çox az hallarda vəzifə funksiyalarını yerinə yetirmiş, əksər vaxtlarda müəyyən mənada inspektorların işini təkrar etmişlər. Ona görə də metodik xidmətin strukturunun günün tələblərinə uyğun olaraq yenidən qurulması zərurəti yaranmışdır”.

  “ Bəzi rayon (şəhər) metodik kabinetlərin fəaliyyət planlarında metodik işin məzmunu və təşkili, pedaqoji kadrların ixtisasının artırılması sahəsində görüləcək işlər, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə aparılan işin məzmunu, dayaq məntəqələrinin fəaliyyətinin səmərəli təşkili və fənn kurikulumlarının tətbiqi ilə bağlı məsələlərə kifayət qədər yer verilmir. Əksər fəaliyyət planlarının bölmələri düzgün müəyyənləşdirilmir.”

Müəllif bütün bunları nəzərə almaqla kollegiyanın qərarında nəzərdə tutulduğu kimi metodik kabinetlərin əməkdaşlarına kömək məqsədi ilə illik  fəaliyyət planının tərtibi prinsiplərini, nəzərdə tutulan tədbirlərin qısa məzmununu, habelə metodik kabinetlərin fəaliyyətində əsas yerlərdən birini tutan və daha çox əhəmiyyət kəsb edən metodbirləşmələrin işinin təşkili, gənc müəllimlərlə aparılan işin məzmunu, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi məsələlərini qısa şəkildə şərh edir.

Bunların arasında planın “Təşkilati-pedaqoji tədbirlər” bölməsində qeyd olunan bir sıra fəaliyyət növləri diqqətimizi çəkdi. Məqalə müəllifi “Yeni dərslik və dərs vəsaitləri, didaktik materiallara dair “Məlumat bankı”nın zənginləşdirilməsi, metodiki kabinetin nəzdində qabaqcıl, yaradıcı və novator müəllimlərdən ibarət “Yaradıcı müəllimlər birliyi”nin yaradılması, müəllimlərin innovasiya fəaliyyətinə dair qabaqcıl təcrübənin işıqlandırılması üçün məcmuələrin nəşri istiqamətində tədbirlərin həyata keçirilməsi, metod kabinetin nəzdində “Qabaqcıl təcrübə”, “Yeni metodik ədəbiyyatlar” başlığı altinda guşələrin yaradılması, təhsil müəssisələrində metodik işin davam etdirilməsi və s. tədbirlərin qeyd olunduğunu da nəzərə çatdırır. Əlbəttə ki, müəllif metodik kabinetin iş fəaliyyətində yuxarıda sadalananların, eləcə də qabaqcıl təcrübənin işıqlandırılması yönümündə müəyyən kitabların və məcmuələrin nəşrini vacib sayır. Bununla belə yerli təhsil şöbələrində mətbuat nümayəndələri heç də arzu olunan qonaqlar sayılmır və onların işinin müsbət tərəflərini  qələmə alacaq insanlar müxtəlif bəhanələrlə rədd edilir. Bu, əlbəttə ki, yaxşı hal deyidir. Müəllif bu işin heç də az əhəmiyyət daşımadığını planda qeyd etməkdə yanılmır. Çünki bu, metodik kabinetlərin fəaliyyətində xüsusi önəm daşıyan hissələrdən biri olaraq qalmaqdadır. Müəllim yaradıcılığı onun işinin metodik səviyyəsini daha da yüksəldən amildir. Qabaqcıl təcrübənin mətbuat səhifələrində, nəşr orqanlarında-məcmuələrdə , kitablarda işıqlandırılması isə öz işinə yaradıcı yanaşan təhsil işçilərinə aparıcı və qabaqcıl pedaqoq və müəllimlərin təcrübəsindən yararlanmağa kömək edir. Dövlətimiz bu işə xüsusi önəm verir, yerli təhsil şöbələrinə bu sahədə tək göstərişlər və sərəncamlar verməklə kifayətlənmir, həmçinin, bu işin səmərəli təşkili üçün də müəyyən maddi vəsait ayırır. Bu, pedaqoji kadrların ixtisasının artırılması vəziyyətini, təhsil müəssisələrində aparılan işin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması vəziyyətinin təhlili, il ərzində keçirilən müsabiqə və bilik yarışlarının nəticələrinin müzakirəsi və s. bağlı tədbirləri qeyd etməyə imkan verir, nəinki, müəllimləri daha yaxşı işləməyə, həmçinin, onlarda yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək,  öz sahəsi üzrə əldə etdiyi təcrübəni bölüşmək, digərlərindən bu təcrübəni əxz etmək, öz işində tətbiq etmək həvəsini artırır.

Müasir dövrdə Təhsil Şöbələrinin yaradıcı müəllimlərə və yaradıcılıqla məşğul olan insanlara barmaq arası münasibəti müşahidə olunmaqdadır. Bu, hansısa mənada, həmçinin, təhsilin inkişafına olan xəyanətdir. Çünki, dövlət sənədlərində qeyd olunduğu kimi, Metodik Kabinetlərin işinin əsas məqsədi müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini  yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir. Biz yazarlar demək olar ki, bütün hallarda bunun əksi ilə rastlaşırıq  və bu, bizim yaradıcılıq həvəsimizə günü-gündən pis təsir etməkdədir. Yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi ilə bağlı mətbuat səhifələrində çıxışları, yada, sadəcə, mətbuat işçilərinin təhsil ocaqlarından hazırladığı yazılar öz işini düzgün qurmuş metod kabinetlərin işinə hansı tərəfdən və hansı dərəcədə mənfi təsir göstərərdi? Bəlkə imtahanların, olimpiadaların, ali məktəblərə qəbulun, tədris proqlamlarının yerinə yetirilməsinin, şagirdlərin tərbiyəlilik səviyyəsinin, test yoxlamaları üzrə məktəb monitorinqinin nəticələrinin aşağı səviyyəsini mətbuatda açıqlamaq,  bu işdə ortaya çıxa biləcək problemlərin səbəblərini  araşdırmaq və yüksək nəticələrə gətirib çıxaracaq yeni iş üsullarından, mütərəqqi təlim metodlarından düzgün istifadənin tətbiqinin təsvirini mətbuatda daha da qabarıq şəkildə təbliğ etmək daha sərfəli olardı?

Bir çoxları fikirləşir:- Bu məsələlərin həllində mətbuatın rolu heç bir əhəmiyyət kəsb etmir.

Əlbəttə ki, bu, səhf  fikir olardı. Mətbuat cəmiyyətin elə bu sahədə də ən yaxın köməkçisi, onu qayğılandıran bütün məsələləri öz aynasında əks etdirən böyük bir təsir vasitəsidir. Təhsil Şöbələrində bir çox məsələlərin müsbət həlli yolunda mətbuat nümayəndələri də az iş görmür və elə təhsil ocaqlarının rəhbərlərinin müdaxilələri olmasaydı, müəyyən sahə və məqamlarda bir  çox məsələlər öz müsbət həllini daha tez tapa bilərdi. Onu da demək yerinə düşərdi ki, təhsil ocaqlarında baş verən bir  sıra neqativ  halların ictimaiyyətə çatdırılmasında milli mətbuatımız böyük işlər görmüşdür və bundan sonra da görəcəkdir. Əlbəttə ki,  təhsil ocaqlarının korrupsiya burulğanında boğulduğu bir vaxtda milli mətbuatın gördüyü bu işlər xalqımıza olan xidmətdir. Belə halda bu təhsil ocaqlarında baş verən olaylar, böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmalı olan təhsil ocaqlarının  işlərində yol verdikləri nöqsanlar (çox vaxt isə, sadəcə, cinayətlər) da milli maraqlarımıza, xalqımıza və onun gələcəyinə olan xəyanət, dövlətçiliyimizə, ölkəmizin gələcək taleyinə vurulan ziyan, elə, dövlətə olan xəyanətdir.

Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının əksəriyyətində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayımlanması ilə bağlı həqiqətən də müsbət addımlar atılır. Lakin təcrübədə bu hərdən bəsit formada müşaiyət olunur. Təhsil ocaqlarında hər bir direktor özünə yaxın müəllimlərə üstünlük verir, yüksəlməyə, tanınmağa layiq müəllimləri deyil, çox vaxt buna xüsusi marağı olan gənc müəllimləri “irəli” çəkməyə çalışır. Əslində bu, necə olmalı, qabaqcıl təcrübə necə öyrənilməlidir? Bu işdə ilk  addım, əlbəttə ki, təcrübənin aşkar edilməsidir. Bu təcrübənin yayılmasının digər müəllimlər üçün əhəmiyyətliliyi, həmin  təcrübədə orijinallıq, novatorluq elementlərinin hansı dərəcədə olması isə Metodik Kabinetlər  tərəfindən araşdırılmalı və təyin olunmalıdır. Bu, həmişə belədirmi? Təcrübədə biz  bir çox rayonlarda, eləcə də Gəncə şəhərində fəaliyyət göstərən Təhsil İdarəsinin sırf nəzarəti altında olan bir çox təhsil ocaqlarında dəfələrlə bunun əksinin şahidi olmuşuq. Təlim-tərbiyə işi ilə məşğul olmalı olan, əvəzində öz “fəaliyyətini” daha  süpürgə pulu deyil (süpürgə pulu artıq dəbdə deyil), özlərinə bahalı villalar, maşınlar almağa qarışan təhsil ocaqlarının rəhbərlərinin əksəriyyəti öz vəzifə borcunun məhz nədən ibarət olduğunu belə bilmirlər.Metodik Kabinetin məsul işçiləri isə orta məktəblərə el dilində desək, “nayezd” etməkdən başqa bir iş görmək belə istəmirlər. Üstəlik, unudurlar ki, Metodik Kabinetin vəzifəsi məktəbləri bir növ təftiş etmək  deyildir, onlara metodiki tövsiyyələr vermək və bu işdə pedaqoqlara hər vasitə ilə yardımlar göstərməkdir. Ortaya bir sual da çıxır- Bəs əgər, Metodik Kabinetin işçisi öz vəzifə borcunun məhz nədən ibarət olduğunu bilmirsə, yaxud öz işi haqda heç bir təsəvvürü yoxsa, müəllimlərə hansı yolla metodiki köməkliklər göstərə bilər?.. Ümumiyyətlə, onların hansı birisi öz yaradıcılıq qabiliyyətini ortaya qoya bilmişdir ki, müəllimlərdə bu qabiliyyəti aşkar etməyə də can atsın? Bu, Təhsil İdarələrində çalışan inspektorlar üçün əlçatmaz bir röyadır. Ona görə də “qanundan kənar” qanunlarla idarə edilən orta təhsil müəssisələri korrupsiya girdabında batır, qanunlar pozulur, müəllimlərdə yaxşı  işləmək həvəsi  günü -gündən aşağı düşür. Bu, bir çox neqativ hallara da yol açır. Sinif otaqları boşdur, şagirdlər repetitor  yanına qaçır. Bu hal əlbəttə ki, orta məktəblərdə təhsilin, tədrisin keyfiyyətinə mənfi təsir göstərmiş olur.

Müəllif öz məqaləsində qeyd edir:-“Müşahidələr göstərir ki, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində çatışmazlıq və problemlər mövcuddur”. Bu səbəbdən  Respublikamızda təhsil islahatının həyata keçirildiyi bir vaxtda metodik  xidmətin təkmilləşdirilməsinə, qabaqcıl təcrübənin  təhlili və ümumiləşdirilməsinin, bu sahədə mövcud olan ciddi çatışmazlıqlar və qanun pozuntularının ictimaiyyətə açıqlanmasına böyük ehtiyac duyulur.

Media nümayəndələri ilə münasibətlərdə aqressivliyi ilə seçilən rəhbər işçilər isə əksər hallarda öz işində hansı tərəfdən çatışmazlıqların olduğunu bilən insanlardır. Bəs, əgər, media nümayəndələri, elə müstəqil yazarlar olsun, bu məsələlərə ciddi yanaşır və bütün bunların həlli yollarını axtarırsa, onda nə etməli?..

Bütün mövcud qanunlara görə bu yazarlara hərtərəfli köməkliklər göstərilməli, onlara maneəçilik və ya təzyiqlər edilməməlidir. Təcrübədə çox vaxt bunun əksi ilə qarşılaşmalı oluruq. Rəhbər işçilərin böyük əksəriyyəti yerlərdə bu tipli problemlərin həllində maraqlı deyillər. Çünki, bu kimi hallar  elə onlar tərəfindən yaradılmış və elə onlar tərəfindən də idarə olunur…

Ardı var…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.