… Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər olduqca maraqlı və yaddaqalan xarakter daşımaqdadır.
… Məlumdur ki, hər bir müstəqil dövlət xarici siyasətində milli maraqlarını ön planda tutur. Azərbaycanın xarici siyasətində də bu amillər mühüm rol oynayır. Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və beynəlxalq təşkilatlarda fəal iştirak etmək milli maraqların güclü qorunması baxımından vasitələrdən biridir. Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri dünyanın aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və bu ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin yaradılmasıdır. Bu prinsiplər Mehriban Əliyevanın diplomatik fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
… Azərbaycanın Birinci Vitse-prezidenti son illərdə dövlətin xarici siyasət kursuna öz dərin töhfəsini verir, beynəlxalq əlaqələrin möhkəmlənməsində fəal iştirak edir, Azərbaycanın diplomatik uğurlarına siyasi zənginlik qatır. Azərbaycanın xarici əlaqələrinin coğrafiyasının əhəmiyyətli dərəcədə genişləndirilməsi, beynəlxalq aləmdə nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilməsi Mehriban xanım Əliyevanın mühüm fəaliyyət istiqamətlərindəndir.
… Mehriban xanım Əliyevanın xarici ölkələrlə siyasi təmasların möhkəmlənməsində və diplomatik əlaqələrin zənginləşməsində səmərəli fəaliyyəti çoxşaxələdir. Onun Azərbaycanın yaxın strateji tərəfdaşları olan ölkələrə səfərləri tərəflər arasında əməkdaşlıq üçün yeni üfüqlər açmış, bir sıra sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün dərin zəmin yaratmışdır.
… Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri də bu baxımdan olduqca mühüm siyasi əhəmiyyət kəsb edir. Mehriban xanın ötən illər ərzində Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında xüsusi fəal rol oynamış, Onun rəhbəri olduğu Heydər Əliyev Fondu humanitar və mədəni əməkdaşlığa mühüm töhfə vermişdir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlıq inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur.
… Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsində, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində verdiyi sanballı töhfələrə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə və digər təltiflərə layiq görülmüşdür.
… Mehriban Əliyeva Azərbaycanın Birinci Vitse-prezidenti kimi son 2 ildə Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoqun genişlənməsinə dərin töhfə vermiş, Onun təşəbbüsü ilə ölkələr arasında yüksək səviyyədə iqtidadi-siyasi və humanitar əməkdaşlıq inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın Birinci Vitse-prezidenti Rusiya Prezidenti Vladimir Putinin 2019-cu il avqustun 13-də imzaladığı Fərmana əsasən, Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmuşdur.
… Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Mehriban Əliyevanın diplomatik fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi birməanlı şəkildə Rusiya ictimai elitası tərəfindən təqdir olunur. Onun noyabrın 20-21-də Rusiyaya səfəri çərçivəsində keçirdiyi faydalı görüşlərdə bəyan edilən mühüm mesajlar bir daha siyasi münasibətlərimizin dinamizmini ən yüksək səviyyədə nümayiş etdirdi. … Azərbaycanın Birinci Vitse-prezidentinin Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü Onun siyasi əlaqələrdə dinamik fəaliyyətini və iki ölkə arasında geniş açıq dialoqun möhkəmlənməsində yorulmaz xidmətlərini təsdiqlədi.
… Mehriban xanımın vurğuladığı kimi Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. “Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir”.
… Bu gün Rusiya və Azərbaycanın regionları arasında da möhkəm və dinamik əməkdaşlıq mövcuddur. Mehriban xanımın vurğuladığı kimi Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qurur. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir.
… Bu gün dünyada əməkdaşlığın, qarşılıqlı faydalı münasibətlərin ən mühüm formatı məhz humanitar əməkdaşlığın dərinləşməsidir. Çünki humanitar əlaqələrin möhkəm olması sülh və təhlükəsizilik, həmrəylik üçün güclü arxitektura deməkdir. Mehriban xanımın bəyan etdiyi kimi bu gün Rusiya və Azərbaycan regionda humanitar əlaqələri dərinləşdirməkdədir. “Ölkələrimiz arasında humanitar əlaqələr, xüsusən təhsil sahəsində nümunəvidir”.
… Təsadüfi deyil ki, Moskvada Rusiya-Azərbaycan X Regionlararası Forumunun keçirilməsi də məhz Mehriban Əliyevanın səfəri zamanı gerçəkləşdi. Forumda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının geniş tərkibli iclasının, eləcə də iki ölkənin regionları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin aparılması gələcək inkişafın möhkəmlənməsinə dərin təməl yaratmış olur.
… Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri ölkələrimiz arasındakı dostluq münasibətlərinə, Rusiya ilə Azərbaycan arasında sürətlə inkişaf edən əlaqələrin yüksək səviyyəsini ifadə edir, yeni siyasi hədəflərə çatmağa güclü zəmin yaradır. Onun Rusiyanın dövlət və hökumət üzvləri, nüfuzlu siyasi, ictmai xadimləri ilə faydalı görüşlər keçirməsi Azərbaycanın diplomatiya palitrasını zənginləşdirməklə iki ölkə arasında siyasi münasibətlərimizin starteji zirvəyə çatmasında mühüm rol oynayacaqdır.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.
