Madriddə dördüncü “Milad bayramı–beynəlxalq mədəniyyətlər” sərgisində Azərbaycan pavilyonu açılıb

Milli oyunlara həsr edilmiş builki tədbirə 56 ölkə və beynəlxalq təşkilat qatılıb.

Madrid şəhərinin meri xanım Manuela Karmena tədbirin açılış mərasimində çıxış edib. O, dördüncü “Milad bayramı–beynəlxalq mədəniyyətlər” sərgisinin Madrid sakinləri, habelə şəhərin qonaqları, xüsusilə Milad bayramını səbirsizliklə gözləyən uşaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını bildirib. Qeyd edilib ki, bu sərgidə dünyanın 70-dən çox guşəsindən milli adət-ənənələri özündə əks etdirən məhsulların, müxtəlif nemətlərin nümayişi və yarmarkası həyata keçirilir.

Bu mötəbər tədbirdə ölkəmiz növbəti dəfə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə təmsil olunub.

Azərbaycan milli pavilyonunda ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, rəsm nümunələri və incəsənət əsərləri ilə yanaşı, müxtəlif şirniyyat növləri, habelə ölkəmizin qədim stolüstü oyun növü olan nərd nümayiş etdirilib. Milli pavilyonumuz sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.

Manuela Karmena Azərbaycan milli pavilyonunu ziyarət edərək, ölkəmizin pavilyonunun keçən il olduğu kimi yenə də özünəməxsusluğu ilə seçildiyini qeyd edib. Şirniyyatlarımızın ləziz dada malik olduğunu bildirən mer ipək kəlağayı, Azərbaycan xalçası, tariximizi özündə əks etdirən rəsmlərin tədbirə xüsusi rəng qatdığını deyib. M.Karmena milli pavilyonumuzdan xoş təəssüratlarla ayrılaraq uğurlu təşkilatçılığa görə təşəkkürünü bildirib.

“Milad bayramı–beynəlxalq mədəniyyətlər” sərgisinin əsas səhnəsində həmyerlimiz tərəfindən “Sarı gəlin” rəqsi və “Koroğlu” operasından bir parça ifa edilib. Rəqslər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra Azərbaycan üçün ayrılmış xüsusi guşədə ölkəmizin milli mətbəxinin təamları, şirniyyatları, meyvələr təqdim edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.