“Mətbuatın dostu” mükafatı və “Medya” ilə dost olan məmurlar

Bu gün jurnalist-mətbuat münasibətlərində həqiqətən də bir uçurum mövcuddur. Vətəndaşların müəyyən hissəsi, xüsusilə də məmurlar mətbuat işçilərindən kənar gəzməyi üstün tutur, onları sözün əsl mənasında özlərinə bir “təhlükə mənbəyi” hesab edirlər. Bununla belə, bir çox məmurların iş otaqları KİV-rin, əslində isə mətbuatı deyil, allah bilir kimi və nəyi təmsil edən insanların təqdim etdikləri Fəxri Fərman və Diplomlar ilə bəzənib. Bu mükafatları böyük məbləğdə pul müqabilində məmurlara paylayan mətbu orqanlarının əməkdaşlarının çoxu heç mətbuat işçisi adını daşımağa layiq deyil, yaxud da sadəcə,  insanların bir çoxu  bu mükafatları təmsil edən sənədlərdə (bəli, məhz sənədlərdə) yazılan cəhət və keyfiyyətlərdən məhrumdurlar. Əlbəttə ki, bu amil yalnız onlara aid olan məsələdir və kənar şəxslərin də bu işə müdaxilə etməsi artıq görsənərdi. Əgər Əlahəzrət Mətbuatın adından sui-istifadə olmasaydı.

Son dövrlər müxtəlif qəzet və saytlar tərəfindən verilən bu sənədlərin arasında “Mətbuatın dostu” adlanan mükafat da vardır. “Mətbuatın dostu” anlayışı geniş bir məhfumdur. Özünü mətbuat işçisi adlandıran və mətbuatın adından bu mükafatı təsis edən insanlar ilk növbədə mətbuat işçisi kriteriyalarına da uyğun gəlməli, sözün əsl mənasında, bu işə mənəvi haqqı olmalıdır ( Mükafat üzərində “Mətbuatın dostu” sözləri həkk edilmiş, lakin məhz kimin və nəyin nəzərdə tutulduğu məlum olmayan büstdən və şüşə çərçivəyə alınmış Fəxri Fərmandan ibarətdir).

Əslində bu, belədirmi?

Mövzu ilə bağlı dəfələrlə çıxış etdiyimizdən yazının ilk variantında ətraflı izaha ehtiyac görməmişdik. Əgər saytın rəsmi internet səhifəsi kiberhücum nəticəsində dağıdılmasaydı… Əlbəttək ki, bu iş özünü mətbuat işçisi adlandıran, əslində cinayət törətməkdən başqa əlindən bir iş gəlməyən insanların əməlidir. Lakin əlimizdə hələki bir sübut olmadığından kiminsə konkret adını çəkməkdən uzağıq. Hələki…

Hələ bir neçə ay bundan əvvəl Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov “Mətbuat və Mətbuat Şurasının dostu” adlı mükafatın paylandığı barədə yayılan xəbərə münasibət bildirmişdi: – “Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlamış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Heç şübhəsiz ki, dələduzlar ifşa olunmaqla öz layiqli cəzalarını alacaqlar.” Əflatun Amaşovun çıxışından sitat gətirməklə bir çox mətləbləri sizin nəzərinizə çatdırmaq istəyim var. Həmin dövrdə mən də “Gəlin ədalətli olaq!” başlıqlı yazı ilə çıxış etmiş, məmurları da bu mükafatın saxta olduğunu bilə-bilə alıb, öz iş masasının üstündə saxladığını qınamışdım. Əsl mətbuat işçilərinə nifrətlə və rişxəndlə yanaşan insanların belə saxta mükafatlara olan məhəbbəti başa düşülməzdir. Digər tərəfdən, həmin saxta mükafatları paylayan insanların bir çoxu öz layiqli cəzasını alsa da, onların bəzi şərikləri bu gün “Mətbuatın dostu” mükafatını “ təsis etməklə” yenə də gündəmdədir.  Onlar “AZTV.news” saytının bir neçə işçisi- mətbuata heç bir hörmət gətirməyən, heç bir yazısı ilə gündəmə gəlməyən, yalnız fəxri fərman və diplomlar satmaq, üstəlik zorla satmaq üzrə mütəxəssislərdir. Biz “ AZTV. News”-in rəhbərliyinin əleyhinə deyilik,  əməllərini qınayırıq.

Mətbuat işini məmurlara mükafatlar bağışlamaq, yaxud satmaqla bitmiş hesab edənlər bunun məsuliyyətini də anlamamış deyillər. Hörmətli Əflatun Amaşovun nəzərdə tutduğu, elə bizim də adını çəkmək istəmədiyimiz insanlar eynidir. Necə deyərlər, köhnə hamam, köhnə tas…

Söhbətin digər mövzusu onlardan bu mükafatları qəbul etmiş dövlət məmurlarının mətbuata nə dərəcədə dost olması, üstəlik , bu dost adına nə qədər layiq olmasıdır. Onlar həqiqətən də mətbuatın dostlarıdırmı? Ümumiyyətlə, mətbuat dedikdə onlar məhz nəyi nəzərdə tuturlar və müasir mətbuat haqqında hansı bilgilərə malikdirlər?

Bu kimi suallarla bağlı “Mətbuatın dostu” mükafatına layiq görülmüş təhsil işçilərindən biri, Gəncə şəhər  32 saylı tam orta məktəbin direktoru Tutu Hüseynovaya müraciət etdik. Onu da bildirmək istərdim ki, mən bu məktəbdən internet televiziya üçün çəkilmiş bir filmin ssenaristi və məktəbin uğurlu işi barədə bir neçə məqalə hazırlamış yazar kimi bəzi suallara asanlıqla cavab alacağımı düşünürdüm. Lakin bu dəfə aldığı mükafat haqqında əfsanəvi, həqiqətlə heç cür uzlaşmayan fikirlər söyləyən, mükafatın verilməsinin və alınmasının əsl səbəblərindən başqa istənilən mövzuda danışan və reklam olunmasını istəmədiyini bildirən xanım direktor mətbuata ənənəvi münasibətdən kənara çıxa bilmədi. Biz ondan heç bir açıqlama ala bilməyəcəyimizi başa düşdüyümüz  və Reklam İdarəsinin işçisi olmadığımız səbəbindən bu mükafatı təsis  etmiş AZTV.news saytının rəsmi səhifəsində cavab axtarmağı qərara aldıq. Üstəlik, saytın bu mükafatı daha bir neçə məmura və ziyalıya “pay etdiyi ” məlumatına da malik olduq (Onların sayı həqiqətən də çoxdur). Cəmi bir neçə cümlə ilə bu xəbəri paylaşan sayt buraxdığı qrammatik və orfoqrafik səhvlər ilə nəzəri cəlb etdi. Bu səhvlər eyni qaydada hər bir xəbərin altında təkrar olunub. Sanki saytın söz xəzinəsi yalnız elə bu rabitəsiz fikirlərdən və düzgün yazılmamış sözlərdən ibarətmiş. Bu hal… həqiqətən də bizim gülüşümüzə səbəb oldu. Media ilə “Medya”nı, qəzet ilə “qəzət”i  dəyişik salan, müəllim əvəzinə “muellim” yazan , adi sözlərin yazılış qaydalarını belə bilməyən saytın məmurları “Mətbuatın dostu” mükafatı atəşinə tutmasında qeyri-adi heç nə görmədik. Necə deyərlər- istədiyin yar idi, yetirdi pərvərdigar!. .Mətbuatımız belə işçilərlə doludur və belə getsə, bir-iki ilə elə yalnız onlardan ibarət olacaqdır. Bəs, ziyalılarımız niyə və necə medianın yox, “Medya”nın dostlarına çevrilirlər? Bax, bunu əsl medianı təmsil edən şəxslərə heç kim demək fikrində deyil.

Tutu müəlliməyə verilmiş “təbrik sənəd”indən sitat: Tutu  müəllimə  dəfələrlə Jurnal ve Qəzət Redaksiyalarının kollektivləri  tərəfindən  Medya mükafatlarına layiq görülübdür.

Məsələnin ən gülməli və ağlamalı hissəsi isə bu mükafatı “bəh-bəh”lə qəbul etmiş ziyalı bir qadının orta məktəb direktoru olmasıdır. Bu işdə onu həqiqətən də zərərçəkmiş hesab etmək olar. Günahı isə yalnız ona göstərilən diqqətə hörmətlə cavab verməsidir…

Mövzuya qayıdacağıq…

 

Ruhulla Zahidov. Yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.